• Təqvim

  • Maraq



Qazaxda şair Məzahir Yaqubun 60 illik yubileyi qeyd olunub

Qərbin qapısı kimi tanınan Qazax həm də sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb. Tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda bu gün daha bir ziyalımızınAzərbaycan Yazıçılar Birliyinin üzvü, şair Yaqubov Məzahir Mamoy oğlunun 60 illik yubileyi qeyd olunub. 

Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının birgə təşkilatçılığı ilə Ədəbiyyat Muzeyində keçirilən yubiley tədbirində Məzahir Yaqubun sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər yubilyara olan təbriklərini çatdırıblar. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, AYB Qazax zona filialının üzvlərinin, təhsil, mədəniyyət işçilərinin, məktəb direktorlarının, şairin ailə üzvlərinin, yaxınlarının, Aslanbəyli kənd sakinlərinin,  qonaqlardan "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, şair Rəfael İncəyurdun, rəssam Qafar Sarıvəllinin və başqalarının iştirak etdiyi tədbirdə şairin yaradıcılığından söhbət açılıb, ünvanına səmimi ürək sözləri səslənib.

Tədbirin aparıcısı, AYB-nin üzvü, Prezident mükafatçısı Səhlədar Hidayətoğlu giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb, yubilyarın ünvanına xoş sözlərini çatdıraraq yaradıcılıq uğurları arzulayıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Məzahir Yaqubu 60 illik yubileyi münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb, gələcək yaradıcılıq uğurları arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın saz-söz adamlarına, yazarlara, şairlərə, ziyalılara verdikləri dəyərdən, göstərdikləri diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu qeyd edib. Fəaliyyətə başladığı ilk gündən bu amili hər zaman nümunə və örnək götürdüyünü qeyd edib. Ziyalı kəlməsinə, ziyalı sözünə hər zaman yüksək qiymət verdiyini vurğulayıb. İcra başçısı söz, saz adamlarına, ziyalılara göstərilən qayğıdan danışaraq Xalq şairləri Səməd Vurğun, Osman Sarıvəlli, onun oğlu Babək Qurbanov, Vaqif Səmədoğlu, Xalq yazıçısı İsmayıl Şıxlı ilə bağlı silsilə tədbirlər keçirildiyini qeyd edib. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Fəxri Qazaxlılar parkında Vaqif Səmədoğlunun büstünün qoyulmasını, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı Respublika Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə əlaqədar imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncamı bütövlükdə, qazaxlılara, rayon ziyalılarına verilən ən böyük dəyər kimi qiymətləndirib.  Rayon rəhbəri qeyd edib ki, İsmayıl Şıxlı şəxsiyyətinə verilən ikinci böyük qiymət o oldu ki, ölkə başçısının, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində görkəmli şəxsiyyətin adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi əsaslı şəkildə yenidən quruldu. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2021-ci ilin 11 sentyabrında məktəbin qarşısında görkəmli şəxsiyyətin büstünün açılışı oldu. 2022-ci ildə Xalq yazıçısının adını daşıyan park əsaslı şəkildə təmir olunaraq iyulun 7-də İsmayıl sevərlərin istifadəsinə verildi. Rayon rəhbəri parkın yenidən qurulmasını görkəmli şəxsiyyətə verilən qiymətin daha bir bariz nümunəsi, görülmüş işlərin davamı kimi qiymətləndirib. İcra başçısı bildirib ki, bu gün sevindirici haldır ki, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. Bu, ölkəmizdə təhsilə, ziyalıya, tarixi keçmişə verilən qiymətin əyani təzahürüdür. 

Məzahir Yaqub yaradıcılığından söz açan icra başçısı onun hər zaman şair mövqeyi, ziyalı mövqeyi, vətənpərvər şeirləri ilə seçildiyini, rayonun ictimai-siyasi həyatında, keçirilən tədbirlərdə yaxından iştirak etdiyini, əsl qazaxlı mövqeyi göstərdiyini qeyd edib. Rayon rəhbəri sonda bir daha yubilyara yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı arzulayıb.


Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbirə toplaşanları salamlayıb, yubilyarı əlamətdar gün münasibətilə təbrik edib. Şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. “Biz şairləri, ziyalıları dövlətin, ölkə rəhbərinin bizlərə olan qayğısı yaşadır”, - söyləyən şair bu gün Azərbaycanda həmin qayğını ən yüksək səviyyədə hiss etdiyini bildirib. Ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından təşəkkürünü bildirib. M.Yaqub yaradıcılığından söz açan şair onun şeirlərində Vətənə, doğma torpağa olan sevginin, dilə, dinə olan hörmətin aydın şəkildə əks olunduğunu qeyd edib. Bundan sonra da hər zaman Vətən, torpaq, el-oba ruhlu şeirlər yazıb-yaratmağı arzu edib.

Aslanbəyli məscidinin imamı Asif Seyidov çıxış edərək hər kəsin şair deyə müraciət etdiyi yubilyarı təbrik edib, səmimi ürək sözlərini söyləyib. Qeyd edib ki, M.Yaqub özünü dərk edən şairlərdəndir və bunu şeirlərində də görmək olur. Məzahir Yaqub yaradıcılığına verilən dəyərə görə rayon rəhbərliyinə razılığını bildirən natiq bugünkü tədbiri həmin dəyərin bariz nümunəsi kimi vurğulayıb.        

"Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, şair Rəfael İncəyurd çıxış edərək tədbir iştirakçılarını və yubilyarı Birliyin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədovun adından salamlayıb, xoş arzularını çatdırıb. “Məzahir Yaqub anadan şair kimi doğulub, o, irfan şairidi, haqq şairidi. Bu gün M.Yaqub yaradıcılığının ən şirin, müdrik bir dövründədir. Biz əminik ki, bundan sonra da o, özünün irfan şeirləri ilə oxucularını sevindirəcək. Bunun üçün ona sağlam ruh, sağlam düşüncə lazımdır”, - deyən natiq ona gələcək yaradıcılığında uğurlar arzulayıb. 


AYB Qazax zona filialının ədəbi-məsləhətçisi, Prezident mükafatçısı Mustafa Rasimoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ilk növbədə təhsil, mədəniyyət sahəsində çalışan insanlara, şairlərə, yazarlara, yaradıcı adamlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərdiyi qayğıya görə rayon rəhbərliyinə ziyalılar adından minnətdarlığını bildirib. Bugünkü yubiley tədbirinin həmin diqqət və qayğının davamı, ziyalılara olan hörmətin əyani göstəricisi olduğunu qeyd edib. “Məzahir Yaqubla ədəbiyyata bir gəlmişik. Onun özündən əvvəl sözünü tanımışam. M.Yaqub şəxsiyyəti, yaradıcılığı ilə bütövdür, tamdır. O, irfan əhlidir. Onun şeirləri irfani, sufi çalarlarla zənginləşmişdir”, - deyən natiq yubilyarın ünvanına yazdığı təbrik şeiri ilə bir daha təbrik edib.


AYB-nin üzvü, Ağstafadakı H.Arif ədəbi məclisinin rəhbəri Saqif Qaratorpaq çıxış edərək tədbir iştirakçılarını salamlayıb, M.Yaqubu 60 illiyi münasibətilə təbrik edib. “Məzahir Yaqub elə bir torpaqda, Hacı Mahmud Əfəndinin doğulduğu, uyuduğu torpaqda dünyaya göz açıb ki, o torpaqda şeir yazmaq hər adama nəsib olmur, bu, M.Yaquba qismət olub. 80-90-cı illərdə İncə dərəsindən Azərbaycan ədəbiyyatına Akif Səməd, Ağamalı Sadiq Əfəndi, Məmməd İlqar, Rəfael İncəyurd, Mübariz Qaragözlü, İbrahim İlyaslı, Məhəmməd Aslanbəyli kimi şairlər gəldi. Azərbaycan ədəbiyyatında İncə dərəsinin imzası Qazax şairləri içərisində xüsusilə seçilir. İncə dərəsini bir ağaca bənzətsək hər budağı bir yazardır. Məzahir Yaqub da həmin qollardan biridir. Məzahir Yaqub da adlarını çəkdiyim şairlər arasında öz dəst-xətti ilə seçilməyi bacardı. Məzahir Yaqub saza, sözə söykənərək yazıb-yaratmağı bacardı. Bu gün M.Yaquba olan qayğı bütün şairlərə olan qayğıdır”, - deyən S.Qaratorpaq yubilyara bundan sonra da sağlam canla yazıb-yaratmağı, oxucularının könlünü dərin, mənalı şeirləri ilə fəth etməyi arzu edib.


Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi, filologiya üzrə elmlər doktoru Valeh Nəsibli çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 60 illiyini qeyd edən şairə səmimi ürək sözlərini çatdırıb. Ziyalı olaraq şairlərə, söz adamlarına olan diqqətinə, qayğısına görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. M.Yaqub, onun yaradıcılığı haqqında ürək sözlərini bildirən natiq onun şeirlərində dərin, fəlsəfi məna olduğunu və buna görə Məzahir Yaqub imzasının imzalar içərisində seçildiyini bildirib. 


AYB-nin üzvü, Prezident mükafatçısı Mübariz Qaragözlü çıxış edərək qələm dostunu 60 illik yubileyi münasibətilə təbrik edib. “Məzahir Yaqubun poeziyası urvatlı poeziyadır. M.Yaqub irfan yolundadır. Bu yolda ona uğurlar arzulayıram”, - deyən natiq yubilyara səmimi təbriklərini çatdırıb.

İncəli aşıq Hüsən Kəmərli, Mahal İncəli, aşıq Sabir Qazaxlı yubilyara təbriklərini onun şeirləri üstə saz havaları ilə çatdırıblar. Şairin ünvanına səmimi ürək sözlərini söyləyərək saz havaları ilə təbrik ediblər.  

 

Aslanbəyli kənd tam orta məktəbin şagirdləri Zümrüd Mansurova, Nurgül İsmayılova, Məhəmməd Qaravəliyev şairin şeirlərindən nümunələr səsləndirib, yubilyara olan təbriklərini şeir töhfəsi ilə çatdırıblar.  


Sonda yubilyar Məzahir Yaqub çıxış edərək ona göstərilən diqqətə, qayğıya, bugünkü yubiley tədbirinin təşkilinə görə rayon rəhbərliyinə öz adından və ailəsi adından minnətdarlığını bildirib. Ünvanına xoş sözlər söyləyən, onu təbrik edən hər kəsə səmimi arzularını çatdırıb. “Mən həyatımda üç nəfər şairə borcluyam. Rəhmətlik Akif Səməd qolumdan tutub məni söz dünyası qapısından içəri ötürdü. Şair Barat Vüsal şeirdəki səmimiliyi aşıladı. Sözün urvatını qorumağı öyrətdi. Çiçək Mahmudqızı Məzahir Yaqub imzasını tanıtmaqda kömək oldu”, - deyən şair təşəkkürünü çatdırıb. Şeirləri ilə tədbirə toplaşanların könlünü oxşayan şair sonda bir daha razılığını ifadə edib. 

Şair Məzahir Mamoy oğlu Yaqubov 1962-ci ildə iyulun 24-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Bu günə qədər də həmin kənddə yaşayır. Orta məktəbdə oxuduğu vaxtlardan şeir yazmağa başlayıb. Şeirləri rayonun və respublikanın dövrü mətbuatında çap olunub.

“El yaddaşı dinəndə”, “Mən aşıq İncədənəm”, “Şairlər Vətəni bizim tərəflər”, “Qazaxdadır”, “Şairlər qapıda növbə gözləyir”, “Anlar, zamanlar, məkanlar” adlı poeziya almanaxlarında şeirləri ilə çıxış edib. ”Yolçu yolundan bəllidi”, “Salam göy üzü” kitablarının müəllifidir. 

Hazırda Hacı Mahmud Əfəndi adına kənd məscidinin müəzzinidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Rayonda keçirilən ədəbi-mədəni tədbirlərdə hər zaman iştirak edir. 


GOYEZEN.AZ




Facebook-da paylaş