• Təqvim

  • Maraq



Qazaxda icra başçısı bu gün doğum gününü qeyd edən təqaüddə olan müəllim Bəsdi Ələkbərovanı təbrik edib


Fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə diqqət ayıran, bu sahədə çalışan insanlara qayğı göstərən, müəllim əməyini hər zaman yüksək qiymətləndirən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov illər öncə əsası qoyulan ənənəni bu gün də davam etdirir. Öz ənənəsinə sadiq qalan rayon rəhbəri təqaüddə olan müəllimləri də unutmur. Bu gün uzun illər təhsil sahəsində çalışmış, müəllim kimi neçə-neçə şagird yetirmiş, məktəb direktoru işləmiş, dəyərli ziyalımız, Əməkdar müəllim Ələkbərova Bəsdi İbrahim qızını doğum günü münasibətilə təbrik edib, ona cansağlığı arzulayıb. Bu gün 74 yaşını qeyd edən dəyərli ziyalımıza doğum günü münasibətilə səmimi ürək sözlərini və ən xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Müəllimliyin şərəfli və çətin peşə olmasından söz açan rayon rəhbəri vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası, dövlətin təhsil sahəsində çalışan insanlara olan qayğısı bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. “Bu gün özümə borc bildim ki, sizin kimi dəyərli müəllimimizi əlamətdar gündə təbrik edim. Sizin keçdiyiniz yol, bilik və təcrübəniz bugünkü gənc müəllimlərimizə nümunədir. Siz təqaüddə olsanız belə hər zaman sizin kimi müəllimlərimizə ehtiyac vardır”, - deyən icra başçısı dəyərli ziyalımızın ünvanına bir daha səmimi ürək sözlərini səsləndirib.

Uzun müddət məktəb direktoru işləmiş Bəsdi Ələkbərova ona göstərilən qayğıya, səmimi münasibətə, verilən dəyərə, ünvanına söylənilən xoş sözlərə, müəllim əməyinə verilən yüksək qiymətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. İlk gündən təhsil sahəsinə, bu sahədə çalışan insanlara olan qayğını bu gün də hiss etdiklərini söyləyib. Bugünkü görüşün yaddaşına ən ülvi hisslərlə yazıldığını bildirən B.Ələkbərova onu doğum günündə belə unutmadığına görə razılıq edib. Sonda xatirə şəkli çəkdirilib.


Məlumat üçün qeyd edək ki, Ələkbərova Bəsdi İbrahim qızı 16 dekabr 1949-cu ildə Qazax şəhərində anadan olub. 1956-cı ildə Qazax şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub, 1966-cı ildə Qazax şəhər 2 nömrəli tam ota məktəbdə təhsilini davam etdirib. 1967-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. Həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub, 1971-ci ildə “Bədən tərbiyəsi müəllimi” ixtisasını alaraq təhsilini başa vurub.

1971-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə müəllim fəaliyyətinə başlayıb. 1984-cü ildən 2021-ci ilədək Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyib.

1977-ci ildə məktəb ilk partiya təşkilatının sədri olub. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci ildən Qazax rayon “Sevil” qadınlar məclisinin sədri kimi ictimai vəzifə aparıb. 4 dəfə Respublika Qadınlar Qurultayının nümayəndəsi, 3 dəfə Respublika Müəllimlər Qurultayının, 2 dəfə YAP Qurultayının nümayəndəsi seçilib. 2007-ci ildə Qazax şəhər 59 saylı Dairə seçki komisiyyasının sədri seçilib. 2001-ci ildən 2021-ci ilədək 107 saylı Qazax seçki dairəsinin Dairə Seçki Komisiyasının üzvü olub.

11.10.2003-cü ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb.

05.10.2007-ci ildə təhsil sahəsində xüsusi xidmətlərinə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə  təltif olunub.

14.11.2007-ci ildə Yeni Azərbaycan Partiyasının 15-ci ildönümü ilə əlaqədar Fəxri Fərmanla təltif olunub.

05.10.2009-cu ildə təhsil sistemində uzun illər səmərəli fəaliyyətinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Farmanı ilə təltif olunub.

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Bəsdi Ələkbərovanın nailiyyətlərinə və fəaliyyətinə nəzər yetirərkən onun 50 illik pedaqoji stajını, 37 illik məktəb direktorluğu təcrübəsini, “Əməkdar müəllim” fəxri adının sahibi olmasını, “Fəxri bədən təbiyəsi və idman işçisi”ni, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli təbliğatçısını, uzun illər Qazax rayon Qadınlar şurasının sədri olmsını gözlərimiz önündə canlandırırıq. 

Bəsdi müəllimin rəhbərlik etdiyi dövürdə məktəbin nailiyyətləri də hər kəsə yaxşı məlumdur. Məktəbin 2 nəfər müəllimi “Əməkdar müəllim” adına layiq görülmüş, 2 nəfər müəllimi isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Məktəb 2 dəfə 2008/2009 və 2012/2013-cü tədris illərində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 

Direktorluğu dövründə məktəb üzrə son 4 ildə ali məktəbə qəbulun nəticələri də ürəkaçan olmuşdur. 2016/2017-ci tədris ilində məktəbi bitirən 59 nəfər məzundan 56 nəfər ali məktəbə sənəd vermiş, 32 nəfəri ali məktəbə qəbul olmuşdur. Onlardan 1 nəfəri 600 baldan yuxarı, 6 nəfəri 500 baldan yuxarı bal toplamışdır. Məktəbin orta qəbul balı 263.804, qəbul faizi isə  54 % olmuşdur. 

2017/2018-ci tədris ilində məktəbi bitirən 48 nəfər məzundan 48 nəfəri ali məktəbə sənəd vermiş, 32 nəfəri qəbul olmuşdur. Onlardan 4 nəfəri 500 baldan yuxarı bal, 2 nəfər 600 baldan yuxarı bal toplamışdır. Məktəbin orta qəbul balı 304.581, qəbul faizi isə  66% olmuşdur.

2018/2019-cu tədris ilində məktəbi bitirən 57 nəfər məzundan 57 nəfəri ali məktəbə sənəd vermiş, 42 nəfəri qəbul olmuşdur. Onlardan 2 nəfəri 600 baldan, 1 nəfəri isə 500 baldan yuxarı bal toplamışdır. Məktəbin orta qəbul balı 320.000, qəbul faizi isə 73% olmuşdur.

2019/2020-ci tədris ilində məktəbi bitirən 73 nəfərdən 63 nəfəri sənəd vermiş, 48 nəfəri qəbul olmuşdur. Onlardan 1 nəfəri 600 baldan yuxarı, 7 nəfəri isə 500 baldan yuxarı bal toplamışdır. Məktəbin orta qəbul balı 363.89, qəbul faizi isə 65,75% olmuşdur. 

11-ci sinfi bitirən Bayramlı Elçin Rövşən oğlu buraxılış imtahanında rayon üzrə ən yüksək nəticə göstərərək 684,8 bal toplamışdır. Həmin şagird riyaziyyat fənni üzrə Fənn Olimpiadasında Respublika mərhələsində ikinci yeri tutmuş və qızıl medala namizəd kimi Təhsil Nazirliyinə təqdim olunmuşdur. 

GOYEZEN.AZ



Facebook-da paylaş