• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub


 

5 oktyabr - təqvimdə bu tarix cəmiyyətin sabahının, gözəl gələcəyinin yaradıcısı olan, gənc nəslə elm, bilik, aydın dünyagörüşü verən, onlara xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi müsbət keyfiyyətləri təlqin edən xeyirxah peşə sahiblərinin günüdür. Bəli, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur.

Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli bir sənətdir”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılması qayğısına qalıb.

Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub.

COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quluyev, filialın və kollecin müəllimləri, məktəb direktorları iştirak ediblər.


Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.





 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Təhsil Naziri Emin Əmrullayev başda olmaqla bütün təhsil işçilərini, müəllimləri təbrik edib, onlara möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayıb. İcra başçısı bildirib ki, "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Müəllimliyin şərəfli və çətin peşə olmasından söz açan rayon rəhbəri vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası, dövlətin təhsil sahəsində çalışan insanlara olan qayğısı bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İcra başçısı qeyd edib ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan, Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verən Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında 3 noyabr 2018-ci il tarixli Sərəncam, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı Respublika Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə əlaqədar imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncam ölkə başçısının öz tarixinə, ziyalılarına, tanınmış insanlarına olan diqqət və qayğısının əyani təzahürüdür. Ümumilikdə, Azərbaycanda təhsilə, elmə, biliyə, mədəniyyətə, eləcə də digər sahələrə verilən qiymətdir.

Oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında keçirilən tədbirdən, Universitetin "Bir müəllimin manifesti” ixtisasartırma proqramından söz açan rayon rəhbəri bütün bunları Qazax təhsilinə, ziyalılarına verilən yüksək qiymət kimi dəyərləndirib.

 

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışan icra başçısı həmin qələbədə təhsil işçilərinin də böyük əməyinin olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının da çıxışlarında vurğuladığı kimi, biz bu qələbəni vətənpərvər gənclərimizin sayəsində əldə etdik. O gənclər ki, onların vətənpərvər ruhda böyümələrində, tərbiyə almalarında validyenlərlə yanaşı, müəllimlərimizin də böyük əməyi var. Xüsusilə də torpaqlarımız işğal olunandan sonra dünyaya göz açan uşaqlarda, gənc və yeniyetmələrdə vətənpərvərlik hissinin formalaşmasında müəllimlərimizin üzərinə böyük məsuliyyət düşürdü ki, onlar bu işin öhdəsindən layiqincə gəldilər. Necə ki, biz 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq.

Təhsil sahəsini toxunulmaz bir fond kimi dəyərləndirən rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğısından danışıb. İcra başçısı vurğulayıb ki, son illər milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsi, Heydər Əliyev Fondunun və Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına dəyərli töhfə verir.

Rayon rəhbəri bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, məktəblərin əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. İcra başçısı qeyd edib ki, rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. Hazırda Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir ki, bu məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Demək olar ki, məktəb tam hazırdır.

Rayonda fəaliyyət göstərən ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Qazax filialında, orta ixtisas təhsili müəssisəsi olan Qazax Dövlət Sosial-İqtisadi Kollecində olan şəffaflıqdan, tələbələrə verilən təhsilin keyfiyyətindən söz açan icra başçısı Qazaxda təhsilin hər zaman yüksək səviyyədə olduğunu bildirib.

 

Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək səmimi təbriklərini çatdırıb, ötən dərs ilində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən və yeni dərs ilində qarşıya qoyulmuş vəzifələrdən danışıb. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq rayonda təhsil sahəsinin ildən-ilə inkişaf etdiyini və uğurlu göstəricilərin əldə olunduğunu qeyd edib. Rayon Təhsil şöbəsinin tabeliyində 34 tam orta, 5 ümumi orta, 3 ibtidai məktəb, 2 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyət göstərdiyini qeyd edib. Hazırda ümumtəhsil məktəblərində 12385 nəfər şagirdin təhsil aldığını, o cümlədən 2021-2022-ci tədris ilində 64 məktəbəhazırlıq qrupunda 1003 nəfər uşağın təhsilə cəlb edildiyini vurğulayıb. Şagirdlərin təlim və tərbiyəsi ilə 1702 nəfər pedaqoji işçinin məşğul olduğunu qeyd edib.

N.Babanlı bildirib ki, təhsilə göstərilən qayğının nəticəsidir ki, 2020-2021-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında cari ilin məzunlarından 525 nəfər iştirak edib. Onlardan 300 nəfər ali təhsil müəssisələrinə, 100 nəfəri orta ixtisas təhsil müəssisələrinə, 17 nəfər xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olub. Ötən ilin məzunlarından 25 nəfər ali təhsil müəssisələrinə, 28 nəfər orta ixtisas təhsil müəssisələrinə, 3 nəfər isə xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanıb. Cari ilin və ötən ilin məzunlarından 325 nəfər ali təhsil müəssisələrinə daxil olaraq tələbə adını alıb. Cari ilin məzunlarından 8 nəfər 600-dən, 53 nəfər isə 500-dən yuxarı bal toplayıb. Cari ilin 9-cu sinifi bitirən şagirdlərindən 67 nəfər orta ixtisas təhsil müəssisələrinə, 7 nəfər Cəmşid Naxçıvanski adına hərbi liseyə, ümumi və tam orta təhsil səviyyəsində 54 nəfər peşə liseyinə qəbul olub. 2020-2021-ci tədris ilində Qazax rayonu üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 36 nəfər uğur qazanaraq vakant müəllim vəzifəsini tutub. 13 nəfər yerdəyişmə ilə müəllim adını alıb. 12 nəfərlə müddətli əmək müqaviləsi bağlanıb. N.Babanlı 2020-2021-ci tədris ilində 1 nəfərin qızıl, 1 nəfərin isə gümüş nişana layiq görüldüyünü bildirib. 9-cu siniflər üzrə 16 nəfərin, 11-ci siniflər üzrə 20 nəfərin fərqlənmə attestatı, qızıl və gümüş nişan alan məzunların isə xüsusi nümunəli attestatla məktəbi bitirdiyini qeyd edib.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərdən söz açan N.Babanlı həmin müharibədə qazaxlı təhsil işçilərinin, məktəb direktorunun, müəllimlərin də iştrak etdiyini qeyd edib. Həmin Təhsil işçilərindən İslam Nəsibov adına Aşağı Əskipara kənd  tam orta məktəbin direktoru Yaşar Əliyevi, Rayon Təhsil Şöbəsinin metodisti Orxan Əliyevi, Səlim Əfəndiyev adına 1 nömrəli  tam orta məktəbin riyaziyyat müəllimi İlkin Hüseynovu, Səməd Vurğun adına 2 nömrəli  tam orta məktəbin riyaziyyat müəllimi Vüqar Hüseynovu, Şəmistan Şahvələdov adına  Xanlıqlar kənd tam orta məktəbin hərbi müəllimi Anar Şıxlinskini, Aydın Məmmədov adına  Qaymaqlı kənd tam orta məktəbin hərbi müəllimi Azər Poladovu, Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbin Uşaq Birliyi Təşkilatının Rəhbəri Nicat Həsənovu, Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin texniki işçisi Yolçu Xəlilovu nümunə göstərib. Belə qəhrəman təhsil işçiləri ilə hər kəsin fəxr etdiyini söyləyib. Sonda bütün təhsil işçilərinə təbriklərini çatdıraraq uğurlar arzulayıb.

 

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək bütün müəllimləri peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. A.Rüstəmov Ulu Öndər Heydər Əliyev tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı imzalanmış mühüm Sərəncamı təhsil sahəsinə, bu sahədə çalışan insanlara verilən yüksək qiymət kimi dəyərləndirib. Ulu Öndərin müəllimlərə verdiyi dəyəri, göstərdiyi qayğını bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən gördüklərini diqqətə çatdırıb və buna görə bütün təhsil işçiləri adından dərin minnətdarlığını bildirib. Son illər Qazaxda təhsil sahəsində yüksək göstəricilərin əldə olunmasında ölkə başçısı ilə yanaşı, rayon rəhbərliyinin də təhsilə olan qayğısının böyük payı olduğunu bildirib.

ADA Universitetinin həyata keçirdiyi "Bir müəllimin manifesti” ixtisasartırma proqramından söz açan filial rəhbəri qeyd edib ki, həmin proqramın icrası 3 məkanda – ADA Universitetində, universitetin Vaşinqton filialında və BDU-nun Qazax filialında icra olunacaq. Bu, Qazax ziyalılarına, təhsil işçilərinə verilən növbəti dəyərdir. Filial rəhbəri bir daha buna görə ADA Universitetinin rektoru Hafiz Paşayevə rəhbərlik etdiyi kollektiv və ziyalılar adından minnətdarlığını bildirib. Filial olaraq bu proqramın icrasında yaxından iştirak etməyin onlar üçün qürurverici olduğu qədər də, üzərilərinə böyük məsuliyyət qoyduğunu qeyd edib. Onlara olan etimadı doğrultmaq üçün böyük səylə çalışacaqlarını söyləyib.

A.Rüstəmov filialda 1 fakültə (Pedaqoji) və 4 kafedra (Dil, ədəbiyyat və onların tədrisi metodikası, İctimai və təbiət fənləri, Riyaziyyat və informatika, Pedaqoji fənlər) fəaliyyət göstərdiyini bildirib. 69 nəfər professor-müəllim heyətinin, 4 nəfər elmi kitabxana, 75 nəfər tədris-köməkçi və inzibati idarə heyətinin çalışdığını qeyd edib. Bakalavriat səviyyəsində 17 ixtisas üzrə təhsil alan tələbələrin sayının 1723 nəfər (1506 əyani, 217 qiyabi) təşkil etdiyini vurğulayıb. 6 ixtisaslaşma üzrə 22 nəfərin magistraturada təhsil aldığını qeyd edib. 2020-2021-ci tədris ilində 490 plan yerinə qarşı 368 nəfər tələbənin qəbul olduğunu söyləyib. Cari tədris ilində ən yüksək keçid balının 554 olduğunu diqqətə çatdırıb. 2020-2021-ci tədris ilində 203 nəfər tələbənin universiteti bitirərək müstəqil həyata qədəm qoyduqlarını bildirib. A.Rüstəmov sonda bir daha təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, müəllimlərə verilən yüksək dəyərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz minnətdarlığını çatdırıb. Müstəqil Azərbaycanın çiçəklənməsi naminə vətənpərvər ruhda gənc nəslin yetişməsi üçün bundan sonra da daha böyük məsuliyyətlə çalışacaqlarını qeyd edib.

Sonda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Fəxri Fərmanla təltif olunan Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın Tədris və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov, Tədris şöbəsinin müdiri Hürü Şamilova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müdiri Elşad Quluyev, kollecdə Riyaziyyat müəllimi Sevda İbrahimova, Fizika müəllimi Leyla Zeynalova, Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin biologiya müəllimi (Şagirdi fənn olimpiadalarının Respublika turunda 3-cü yer tutmuş və "Qızıl nişan”la təltif edilmiş) Şəlalə Əfəndiyeva, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin Tarix müəllimi (Şagirdi fənn olimpiadalarının Respublika turunda 2-ci yer tutmuş) Məlahət Abdullayeva, Fizika müəllimi (Şagirdi "Gələcəyin mühəndisi” layihəsinin qalibi olmuş) Elməddin Həsənov, Abbasəli Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi (Şagirdi "Gümüş nişan”la təltif edilmiş) Ülviyyə Mansurova onlara göstərilən qayğıya, verdiyi dəyərə görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

"Bu gün Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir”, - deyən icra başçısı sonda bir daha müəllimləri təbrik edib, səmimi arzularını çatdırıb.









 

GOYEZEN.AZ

 



Facebook-da paylaş