5
oktyabr - təqvimdə bu tarix cəmiyyətin
sabahının, gözəl gələcəyinin yaradıcısı olan, gənc nəslə elm, bilik, aydın
dünyagörüşü verən, onlara xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi müsbət
keyfiyyətləri təlqin edən xeyirxah peşə sahiblərinin günüdür. Bəli, 5 oktyabr –
Beynəlxalq Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi
qeyd olunur.
Müstəqil
Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd
edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. "Bizim hər
birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq,
bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli
bir sənətdir”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə
yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılması
qayğısına qalıb.
Bu gün respublikamızın hər
yerində olduğu kimi, Qazax rayonunda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd
olunub.
COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun
olaraq keçirilən tədbirdə Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri,
Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Bakı Dövlət Universitetinin Qazax
filialının direktoru, dosent Arif Rüstəmov, Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin direktoru Elşad Quluyev, filialın və kollecin müəllimləri, məktəb
direktorları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi
önünə gül dəstələri düzüb böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin
ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin
həyat və fəaliyyəti ilə yaxından tanış olublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov çıxış
edərək tədbir iştirakçılarını salamlayıb, 5 oktyabr - Beynəlxalq Müəllimlər
Günü münasibətilə Təhsil Naziri Emin Əmrullayev başda olmaqla
bütün təhsil işçilərini, müəllimləri təbrik edib, onlara möhkəm cansağlığı və
işlərində yeni-yeni uğurlar arzulayıb. İcra başçısı bildirib ki, "Mən yer üzündə müəllimdən
yüksək ad tanımıram”, - deyən
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə
müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil
işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına
qalıb. Müəllimliyin şərəfli və çətin peşə olmasından söz açan rayon rəhbəri
vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını
qoyduğu milli təhsil strategiyası, dövlətin təhsil sahəsində çalışan insanlara
olan qayğısı bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
İcra başçısı qeyd edib ki, görkəmli
ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin
rəhbərliyi ilə fəaliyyətə başlayan, Azərbaycanda elmin, maarifin və
mədəniyyətin inkişafına misilsiz töhfələr verən Qazax Müəllimlər Seminariyasının
100 illik yubileyinin qeyd olunması haqqında 3 noyabr 2018-ci il tarixli
Sərəncam, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir,
tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl
Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı Respublika
Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin
respublika səviyyəsində keçirilməsi ilə əlaqədar imzaladığı 28 yanvar 2019-cu
il tarixli Sərəncam ölkə başçısının öz tarixinə, ziyalılarına, tanınmış
insanlarına olan diqqət və qayğısının əyani təzahürüdür. Ümumilikdə,
Azərbaycanda təhsilə, elmə, biliyə, mədəniyyətə, eləcə də digər sahələrə
verilən qiymətdir.
Oktyabrın 1-də ADA
Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax
Müəllimlər Seminariyasının tarixi binası qarşısında keçirilən tədbirdən,
Universitetin "Bir müəllimin manifesti” ixtisasartırma proqramından söz
açan rayon rəhbəri bütün bunları Qazax təhsilinə, ziyalılarına verilən yüksək
qiymət kimi dəyərləndirib.
Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən
müharibəsində qazanılan tarixi Qələbədən danışan icra başçısı həmin qələbədə
təhsil işçilərinin də böyük əməyinin olduğunu bildirib. Rayon rəhbəri qeyd edib
ki, ölkə başçısının da çıxışlarında vurğuladığı kimi, biz bu qələbəni
vətənpərvər gənclərimizin sayəsində əldə etdik. O gənclər ki, onların vətənpərvər
ruhda böyümələrində, tərbiyə almalarında validyenlərlə yanaşı, müəllimlərimizin
də böyük əməyi var. Xüsusilə də torpaqlarımız işğal olunandan sonra dünyaya göz
açan uşaqlarda, gənc və yeniyetmələrdə vətənpərvərlik hissinin formalaşmasında
müəllimlərimizin üzərinə böyük məsuliyyət düşürdü ki, onlar bu işin öhdəsindən
layiqincə gəldilər. Necə ki, biz 44 günlük Vətən müharibəsində bunun bir daha
şahidi olduq.
Təhsil sahəsini toxunulmaz bir fond kimi dəyərləndirən rayon rəhbəri
Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham
Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan
qayğısından danışıb. İcra başçısı vurğulayıb ki, son illər milli təhsil sisteminin məzmununda əsaslı
keyfiyyət dəyişikliklərinin baş verməsi, Heydər Əliyev Fondunun və Fondun
prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi "Yeniləşən
Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin
artırılmasına dəyərli töhfə verir.
Rayon
rəhbəri bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da təhsilin
yüksək səviyyədə inkişaf etməsi, məktəblərin əsaslı şəkildə təmir olunması,
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. İcra başçısı qeyd edib ki,
rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı
təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən
reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində
Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu
tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird
yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq
müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi
tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün
180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı
tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə
məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust
2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək
diqqət və qayğısıdır. Hazırda Dövlət Proqramında tikintisi nəzərdə tutulan
məktəblərdən biri də Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam
orta məktəbidir ki, bu məktəb üçün Heydər Əliyev Fondunun
təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni
bina inşa olunur. Demək olar ki, məktəb tam hazırdır.
Rayonda
fəaliyyət göstərən ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Qazax
filialında, orta ixtisas təhsili müəssisəsi olan Qazax Dövlət Sosial-İqtisadi
Kollecində olan şəffaflıqdan, tələbələrə verilən təhsilin keyfiyyətindən söz
açan icra başçısı Qazaxda təhsilin hər zaman yüksək səviyyədə olduğunu
bildirib.
Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək səmimi təbriklərini
çatdırıb, ötən dərs ilində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən və
yeni dərs ilində qarşıya qoyulmuş vəzifələrdən danışıb. Təhsil sahəsinə dövlət
səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq rayonda təhsil sahəsinin
ildən-ilə inkişaf etdiyini və uğurlu göstəricilərin əldə olunduğunu qeyd edib. Rayon Təhsil şöbəsinin tabeliyində 34 tam orta, 5 ümumi orta, 3
ibtidai məktəb, 2 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyət göstərdiyini
qeyd edib. Hazırda ümumtəhsil məktəblərində 12385 nəfər şagirdin təhsil
aldığını, o cümlədən 2021-2022-ci tədris ilində 64 məktəbəhazırlıq qrupunda 1003
nəfər uşağın təhsilə cəlb edildiyini vurğulayıb. Şagirdlərin təlim və tərbiyəsi
ilə 1702 nəfər pedaqoji işçinin məşğul olduğunu qeyd edib.
N.Babanlı bildirib ki, təhsilə göstərilən qayğının nəticəsidir ki, 2020-2021-ci tədris ilində ali məktəblərə qəbul
imtahanlarında cari ilin məzunlarından 525 nəfər iştirak edib. Onlardan 300 nəfər
ali təhsil müəssisələrinə, 100 nəfəri orta ixtisas təhsil müəssisələrinə, 17 nəfər
xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olub. Ötən ilin məzunlarından 25 nəfər
ali təhsil müəssisələrinə, 28 nəfər orta ixtisas təhsil müəssisələrinə, 3 nəfər
isə xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanıb. Cari
ilin və ötən ilin məzunlarından 325 nəfər ali təhsil müəssisələrinə daxil
olaraq tələbə adını alıb. Cari ilin məzunlarından 8 nəfər 600-dən, 53 nəfər isə
500-dən yuxarı bal toplayıb. Cari ilin 9-cu sinifi bitirən şagirdlərindən 67 nəfər
orta ixtisas təhsil müəssisələrinə, 7 nəfər Cəmşid Naxçıvanski adına hərbi
liseyə, ümumi və tam orta təhsil səviyyəsində 54 nəfər peşə liseyinə qəbul olub.
2020-2021-ci tədris ilində Qazax rayonu üzrə müəllimlərin işə qəbulu müsabiqəsində
36 nəfər uğur qazanaraq vakant müəllim vəzifəsini tutub. 13 nəfər yerdəyişmə ilə
müəllim adını alıb. 12 nəfərlə müddətli əmək müqaviləsi bağlanıb. N.Babanlı
2020-2021-ci tədris ilində 1 nəfərin qızıl, 1 nəfərin isə gümüş nişana layiq
görüldüyünü bildirib. 9-cu siniflər üzrə 16 nəfərin, 11-ci siniflər üzrə 20 nəfərin
fərqlənmə attestatı, qızıl və gümüş nişan alan məzunların isə xüsusi nümunəli
attestatla məktəbi bitirdiyini qeyd edib.
44 günlük Vətən müharibəsində əldə
etdiyimiz şanlı Zəfərdən söz açan N.Babanlı həmin müharibədə qazaxlı təhsil
işçilərinin, məktəb direktorunun, müəllimlərin də iştrak etdiyini qeyd edib. Həmin
Təhsil işçilərindən İslam Nəsibov adına Aşağı Əskipara
kənd tam orta məktəbin direktoru Yaşar Əliyevi, Rayon Təhsil Şöbəsinin
metodisti Orxan Əliyevi, Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi İlkin Hüseynovu, Səməd Vurğun adına 2 nömrəli tam
orta məktəbin riyaziyyat müəllimi Vüqar Hüseynovu, Şəmistan Şahvələdov
adına Xanlıqlar kənd tam orta məktəbin hərbi müəllimi Anar
Şıxlinskini, Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin
hərbi müəllimi Azər Poladovu, Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbin
Uşaq Birliyi Təşkilatının Rəhbəri Nicat Həsənovu, Alı Əliyev adına Hüseynbəyli
kənd tam orta məktəbin texniki işçisi Yolçu Xəlilovu nümunə göstərib. Belə
qəhrəman təhsil işçiləri ilə hər kəsin fəxr etdiyini söyləyib. Sonda bütün təhsil
işçilərinə təbriklərini çatdıraraq uğurlar arzulayıb.
BDU-nun Qazax
filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək bütün müəllimləri peşə bayramları münasibətilə səmimi qəlbdən
təbrik edib, ən xoş arzularını çatdırıb. A.Rüstəmov Ulu Öndər Heydər Əliyev tərəfindən
5 oktyabr – Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı imzalanmış
mühüm Sərəncamı təhsil sahəsinə, bu sahədə çalışan insanlara verilən yüksək
qiymət kimi dəyərləndirib. Ulu Öndərin müəllimlərə verdiyi dəyəri, göstərdiyi
qayğını bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban
Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən gördüklərini diqqətə çatdırıb və
buna görə bütün təhsil işçiləri adından dərin minnətdarlığını bildirib. Son illər Qazaxda təhsil
sahəsində yüksək göstəricilərin əldə olunmasında ölkə başçısı ilə yanaşı, rayon
rəhbərliyinin də təhsilə olan qayğısının böyük payı olduğunu bildirib.
ADA Universitetinin həyata keçirdiyi "Bir
müəllimin manifesti” ixtisasartırma proqramından söz açan filial rəhbəri qeyd
edib ki, həmin proqramın icrası 3 məkanda – ADA Universitetində, universitetin
Vaşinqton filialında və BDU-nun Qazax filialında icra olunacaq. Bu, Qazax
ziyalılarına, təhsil işçilərinə verilən növbəti dəyərdir. Filial rəhbəri bir
daha buna görə ADA Universitetinin rektoru
Hafiz Paşayevə rəhbərlik etdiyi kollektiv və ziyalılar adından minnətdarlığını
bildirib. Filial olaraq bu proqramın icrasında yaxından iştirak etməyin onlar
üçün qürurverici olduğu qədər də, üzərilərinə böyük məsuliyyət qoyduğunu qeyd
edib. Onlara olan etimadı doğrultmaq üçün böyük səylə çalışacaqlarını söyləyib.
A.Rüstəmov filialda 1 fakültə
(Pedaqoji) və 4 kafedra (Dil, ədəbiyyat və onların tədrisi metodikası, İctimai
və təbiət fənləri, Riyaziyyat və informatika, Pedaqoji fənlər) fəaliyyət göstərdiyini
bildirib. 69 nəfər professor-müəllim heyətinin, 4 nəfər elmi kitabxana, 75 nəfər
tədris-köməkçi və inzibati idarə heyətinin çalışdığını qeyd edib. Bakalavriat səviyyəsində
17 ixtisas üzrə təhsil alan tələbələrin sayının 1723 nəfər (1506 əyani, 217
qiyabi) təşkil etdiyini vurğulayıb. 6 ixtisaslaşma üzrə 22 nəfərin
magistraturada təhsil aldığını qeyd edib. 2020-2021-ci tədris ilində 490 plan
yerinə qarşı 368 nəfər tələbənin qəbul olduğunu söyləyib. Cari tədris ilində ən
yüksək keçid balının 554 olduğunu diqqətə çatdırıb. 2020-2021-ci tədris ilində
203 nəfər tələbənin universiteti bitirərək müstəqil həyata qədəm qoyduqlarını
bildirib. A.Rüstəmov sonda bir daha təhsil sahəsinə göstərdiyi
diqqət və qayğıya, müəllimlərə verilən yüksək dəyərə görə ölkə başçısı İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova sonsuz minnətdarlığını çatdırıb. Müstəqil Azərbaycanın
çiçəklənməsi naminə vətənpərvər ruhda gənc nəslin yetişməsi üçün bundan sonra
da daha böyük məsuliyyətlə çalışacaqlarını qeyd edib.
Sonda
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təhsil sahəsində səmərəli fəaliyyətlərinə
görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Fəxri Fərmanla təltif olunan Bakı Dövlət
Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın Tədris və elmi işlər üzrə direktor müavini,
Fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov, Tədris
şöbəsinin müdiri Hürü Şamilova, Qazax Dövlət
Sosial-İqtisadi Kollecinin müdiri Elşad Quluyev, kollecdə Riyaziyyat müəllimi Sevda İbrahimova, Fizika müəllimi Leyla Zeynalova, Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta
məktəbin biologiya müəllimi (Şagirdi fənn olimpiadalarının Respublika turunda
3-cü yer tutmuş və "Qızıl nişan”la təltif edilmiş) Şəlalə Əfəndiyeva, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin
Tarix müəllimi (Şagirdi fənn olimpiadalarının Respublika turunda 2-ci yer
tutmuş) Məlahət Abdullayeva, Fizika müəllimi (Şagirdi "Gələcəyin mühəndisi” layihəsinin qalibi olmuş) Elməddin Həsənov, Abbasəli Məhərrəmov adına Yuxarı Əskipara kənd
tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi (Şagirdi "Gümüş nişan”la
təltif edilmiş) Ülviyyə Mansurova onlara
göstərilən qayğıya, verdiyi dəyərə görə rayon rəhbərinə minnətdarlıqlarını
bildiriblər.
"Bu gün Azərbaycan
müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram
edir”, - deyən icra başçısı sonda bir daha müəllimləri təbrik edib, səmimi
arzularını çatdırıb.
GOYEZEN.AZ
Geri qayıt
|