• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub


5 oktyabr - təqvimdə bu tarix cəmiyyətin sabahının, gözəl gələcəyinin yaradıcısı olan, gənc nəslə elm, bilik, aydın dünyagörüşü verən, onlara xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi müsbət keyfiyyətləri təlqin edən xeyirxah peşə sahiblərinin günüdür. Bəli, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Ölkəmizdə isə Müəllimlər Günü 1993-cü ildən keçirilir. 

Bu gün respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, Qazax Rayon məktəblərinin ilk Həmkarlar Komitələrinin sədrləri, BDU Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək əziz xatirəsini dərin ehtiramla yad edib və abidəsi önünə gül dəstələri düzüblər.








Sonra "Palma” restoranında davam edən bayram tədbirini aparıcı Nəsimi Kamaloğlu açaraq müəllimləri təbrik etmək üçün sözü rayon rəhbərinə verib.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Təhsil Naziri Ceyhun Bayramov başda olmaqla bütün təhsil işçilərini, müəllimləri təbrik edib, onlara möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayıb. İcra başçısı bildirib ki, "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Müəllimliyin şərəfli və çətin peşə olmasından söz açan rayon rəhbəri vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası, dövlətin təhsil sahəsində çalışan insanlara olan qayğısı bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 15 ildə milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsi, Heydər Əliyev Fondunun və Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına dəyərli töhfə verir.

Rayon rəhbəri bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, məktəblərin əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Bu ilin fevralında əsaslı yenidənqurmadan sonra Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin istifadəyə verilməsini təhsil sahəsinə olan qayğının bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin əksini tapdığını bildirib. Heydər Əliyev Fondu tərəfindən həmin proqramda təmiri nəzərdə tutulan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin hazırda əsaslı şəkildə yenidən qurulduğunu qeyd edib. Daha bir məktəbin - Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də Fond tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə tikintisinə başlanılacağını vurğulayıb. Bundan əlavə, S.Əfəndiyev adına şəhər 1 nömrəli və İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəblərində də cari təmir işlərinin aparıldığını diqqətə çatdırıb.

 

Rayonda fəaliyyət göstərən ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Qazax filialında, orta ixtisas təhsili müəssisəsi olan Qazax Dövlət Sosial-İqtisadi Kollecində olan şəffaflıqdan, tələbələrə verilən təhsilin keyfiyyətindən söz açan icra başçısı Qazaxda təhsilin hər zaman yüksək səviyyədə olduğunu bildirib.

İcra başçısı ölkə Prezidenti İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Məhərrəmova Şəlalə Nazim qızını "Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və əmək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Şəlalə Məhərrəmova öz çıxışında dövlət təltifinə layiq görüldüyü üçün ölkə Prezidenti cənab İlham Əliyevə bütün müəllimlər adından öz dərin minnətdarlığını bildirib. Onun əməyinə verilən bu yüksək qiyməti rayon təhsilinə, bütün qazaxlı müəllimlərə verilən qiymət kimi dəyərləndirib.

 

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək səmimi təbriklərini çatdırıb, ötən dərs ilində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən və yeni dərs ilində qarşıya qoyulmuş vəzifələrdən danışıb. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq rayonda təhsil sahəsinin ildən-ilə inkişaf etdiyini və uğurlu göstəricilərin əldə olunduğunu qeyd edib. Rayon Təhsil şöbəsinin tabeliyində 33 tam orta, o cümlədən 1 məktəb-lisey, 5 ümumi orta, 5 ibtidai məktəb, 2 məktəbdənkənar müəssisənin fəaliyyət göstərdiyini qeyd edib. Hazırda ümumtəhsil məktəblərində 12124 nəfər şagirdin təhsil aldığını, o cümlədən 1143 nəfərin məktəbəhazırlıq qrupunda təhsilə cəlb edildiyini vurğulayıb. Şagirdlərin təlim və tərbiyəsi ilə 1743 nəfər müəllimin məşğul olduğunu, rayonun ümumtəhsil məktəblərində 621 nəfər texniki işçinin fəaliyyət göstərdiyini bildirib. 2019-2020-ci tədris ilində 1047 nəfərin IX sinifdə,  727 nəfərin X sinifdə, 747 nəfərin isə XI sinifdə təhsil aldığını, bu il məktəbli adını qazanaraq ilk addımarını atan birincilərin sayının isə 1274 nəfər olduğunu diqqətə çatdırıb. N.Babanlı bildirib ki, təhsilə göstərilən qayğının nəticəsidir ki, 2018-2019-cu tədris ilində IX sinfi bitirən 982 şagird buraxılış imtahanlarında iştirak etmiş, 970 nəfər attestat alıb. Onlardan 22 nəfərə fərqlənmə attestatı verilib. XI sinfi bitirən 701 şagird buraxılış imtahanlarında iştirak edib və attestat alıb. Onlardan 11 nəfərə fərqlənmə attestatı verilib. 2018-2019-cu tədris ilində Qazax rayonunun ümumtəhsil məktəblərini bitirən 701 məzundan 488 nəfər ali və orta ixtisas məktəblərinə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib. Ümumiyyətlə, ötən ilin məzunları ilə birlikdə 542 nəfər ali məktəbə qəbul imtahanlarına sənəd verib. Həmin məzunlardan 305 nəfər dövlət ali məktəblərinə, 14 nəfəri isə xüsusi təyinatlı ali məktəblərə qəbul olub. Cari ilin məzunlarından 319 nəfər, əvvəlki illərin məzunlarından 16 nəfər olmaqla, cəmi 335 nəfərin tələbə adını qazanıb. Məzunlardan 113 nəfərin orta ixtisas təhsil müəssisələrinə daxil olub. Ali təhsil müəssisələrinə daxil olan gənclərdən 15 nəfər 600 baldan, 33 nəfər isə 500 baldan yüksək nəticə göstərib. Həmçinin ali məktəbə qəbul olan abituriyentlərdən 110 nəfər Bakı Dövlət Universitetinin tələbəsi adını alıb.

 

BDU Qazax filialının direktoru, dossent Arif Rüstəmov çıxış edərək bütün müəllimləri peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. A.Rüstəmov Ulu Öndər Heydər Əliyev tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı imzalanmış mühüm Sərəncamı təhsil sahəsinə, bu sahədə çalışan insanlara verilən yüksək qiymət kimi dəyərləndirib. Son 3 il ərzində Qazaxda təhsil sahəsində yüksək göstəricilərin əldə olunmasında ölkə başçısı ilə yanaşı, rayon rəhbərliyinin də təhsilə olan qayğısının böyük payı olduğunu bildirib.


Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, hər bir gəncin qazandığı uğura görə bu gün də müəllimlərinə borclu olduğunu söyləyib. İ.Süleymanov Mərkəz olaraq Rayon Təhsil şöbəsi, BDU Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kolleci ilə əməkdaşlıq etdiklərini, silsilə tədbirlər keçirdiklərini diqqətə çatdırıb.

 

S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Kərimova da həmkarlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Dövlətin və dövlət başçısının təhsil sahəsinə olan qayğısını çalışdığı məktəbin simasında aydın şəkildə gördüyünü söyləyib. Məktəbin yüksək səviyyədə yenidən qurulmasını müəllimlərə və şagirdlərə verilən ən gözəl hədiyyə, ən böyük töhfə kimi qiymətləndirib. Onlar üçün yaradılan yüksək şəraitə görə müəllim kollektivi adından bir daha ölkə başçısına minnətdarlığını çatdırıb.

 

İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, Əməkdar müəllim, "Tərəqqi” medallı müəllim Tahirə Xasməmmədova çıxış edərək müəllim günü münasibətilə bütün müəllimləri təbrik edib. Qeyd edib ki, bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan dövlət siyasəti məktəbə və müəllimə qayğının bariz nümunəsidir. Təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, müəllimlərə verilən yüksək dəyərə görə ölkə başçısı İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz minnətdarlığını çatdırıb. Müstəqil Azərbaycanın çiçəklənməsi naminə vətənpərvər ruhda gənc nəslin yetişməsi üçün bundan sonra da daha böyük məsuliyyətlə çalışacaqlarını qeyd edib.

Tədbirdə Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı başda olmaqla, təlim–tərbiyə işlərində fərqlənən bir qrup müəllim və təhsil işçisi Rayon İcra Hakimiyyəti başçısının, Təhsil şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin fəxri fərmanları ilə təltif olunublar.

Sonra tədbir musiqi sədaları altında bayram süfrəsi ətrafında davam edib. Aşıqlardan Camoy Qurbanov, Yaşar Gülümcanov, Şahin Süleymanov, gənc müğənni Nəsimi Kamaloğlu öz musiqi töhfələri ilə müəllimləri təbrik ediblər.

 
















 























 

GOYEZEN.AZ



Facebook-da paylaş