• Təqvim

  • Maraq



Qazaxda icra başçısı 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günündə təqaüddə olan müəllimlərlə görüşüb, onları təbrik edib


Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.

Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.

Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil sahəsində çalışan insanlara verilən qiymət, dəyər onu söyləməyə əsas verir ki, ölkəmizdə müəllim adı həmişə ucada tutulur.

Fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə diqqət ayıran, bu sahədə çalışan insanlara qayğı göstərən, müəllim əməyini hər zaman yüksək qiymətləndirən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov illər öncə əsası qoyulan ənənəni bu gün də davam etdirir. Öz ənənəsinə sadiq qalan rayon rəhbəri 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günündə təqaüddə olan müəllimləri də unutmayıb. Bu gün uzun illər təhsil sahəsində çalışmış, müəllim kimi neçə-neçə şagird yetirmiş, məktəb direktoru işləmiş ziyalılarla görüşüb, onları əziz gündə süfrə ətrafına toplayaraq təbrik edib, səmimi ürək sözlərini bölüşüb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil Naziri Emin Əmrullayev başda olmaqla, bütün təhsil işçilərini, müəllimləri təbrik edib, onlara möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayıb. İcra başçısı bildirib ki, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Müəllimliyin şərəfli və çətin peşə olmasından söz açan rayon rəhbəri vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası, dövlətin təhsil sahəsində çalışan insanlara olan qayğısı bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. 

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışan icra başçısı həmin qələbədə təhsil işçilərinin də böyük əməyinin olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının da çıxışlarında vurğuladığı kimi, biz bu qələbəni vətənpərvər gənclərimizin sayəsində əldə etdik. O gənclər ki, onların vətənpərvər ruhda böyümələrində, tərbiyə almalarında validyenlərlə yanaşı, müəllimlərimizin də böyük əməyi var. Xüsusilə də torpaqlarımız işğal olunandan sonra dünyaya göz açan uşaqlarda, gənc və yeniyetmələrdə vətənpərvərlik hissinin formalaşmasında müəllimlərimizin üzərinə böyük məsuliyyət düşürdü ki, onlar bu işin öhdəsindən layiqincə gəldilər. Necə ki, biz 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq.

“Bu gün özümə borc bildim ki, sizin kimi dəyərli müəllimlərimizi bu əlamətdar gündə təbrik edim. Sizin keçdiyiniz yol, bilik və təcrübəniz bugünkü gənc müəllimlərimizə nümunədir. Siz təqaüddə olsanız belə hər zaman sizin kimi müəllimlərimizə ehtiyac vardır”, - deyən icra başçısı dəyərli ziyalılarımıza cansağlığı arzulayıb, ünvanlarına səmimi ürək sözlərini səsləndirib.

Uzun müddət məktəb direktoru işləmiş Nəsibə Tağıyeva, Cəbrayıl Osmanov, müəllimlərdən Məmləkət Quliyeva, Sədaqət Əmirxanova, Cavanşir Rüstəm və başqaları çıxış edərək əlamətdar gündə onları unutmadığına, əməklərinə verilən yüksək dəyərə, qiymətə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bugünkü görüşü müəllim əməyinə verilən dəyərin bariz nümunəsi kimi qiymətləndiriblər. İlk gündən təhsil sahəsinə, bu sahədə çalışan insanlara olan qayğını bu gün də hiss etdiklərini söyləyiblər. Bugünkü görüşün yaddaşlarına ən ülvi hisslərlə yazıldığını qeyd edən müəllimlər buna görə bir daha minnətdarlıq ediblər. 

Sonda xatirə şəkli çəkdirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş