• Təqvim

  • Maraq



Qazaxda hərbi-vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir

QAZAX RESPUBLİKA MƏTBUATINDA

Qazaxda hərbi-vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir
Son vaxtlar Qazaxda hərbivətənpərvərlik tərbiyəsi işinə xüsusi önəm verilir. Rayondakı "N” saylı hərbi hissədə keçirilən "Qazax - xidmət etdiyin diyar” kitabının təqdimatı da bu silsilə tədbirlərdən biri idi.
Təqdimat mərasimində Qazax rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, Müdafiə Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, ziyalılar, ağsaqqallar, KİV nümayəndələri iştirak ediblər. Müdafiə nazirinin müşaviri Abdulla Qurbani çıxış edərək "Qazax - xidmət etdiyin diyar” kitabından söz açıb. Bildirib ki, rayon İcra Hakimiyyətinin dəstəyi ilə işıq üzü görən kitab-albomda respublika Prezidenti İlham Əliyevin Qazaxa səfərləri, rayonun dünəni, bu günü, yaradıcı insanları, tarixi abidələri, Milli Qəhrəmanları, şəhidləri, hərbçiləri, digər görkəmli şəxsiyyətləri haqqında xronoloji məlumatlar və şəkillər dərc edilmişdir. Nəfis tərtibatda nəşr olunmuş bu kitab-albom rayon İcra Hakimiyyətinin və qədirbilən qazaxlıların Qazaxın müdafiəsində mərdliklə dayanan Vətən əsgərlərinə hədiyyəsidir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təqdimat mərasimində çıxış edərək kitabda öz əksini tapmış ulu öndər Heydər Əliyevin ordumuz haqqında dediyi qiymətli fikirləri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, ümummilli liderin söylədiyi kimi, "Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır. Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
İcra Hakimiyyətinin başçısı Qazaxda bir neçə gün öncə keçirilmiş "Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında təşkil olunmuş möhtəşəm tədbirdən söz açaraq bildirib ki, həmin ümumxalq tədbirində xalqımız ordu ilə həmrəy olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanda ilk dəfə keçirilən bu pilot layihə qazaxlıların orduya həmişə dəstək olduğunu əyani şəkildə göstərdi. Rayon rəhbəri əsgərlərə müraciət edərək deyib ki, siz Vətəni göz bəbəyi kimi qorumalısınız. İcra Hakimiyyətinin başçısı ümidvar olduğunu bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu işğal altında olan əzəli torpaqlarımızı tezliklə işğaldan azad edəcək və Vətənimizin ərazi bütövlüyü təmin olunacaqdır.
Sonra Rəcəb Babaşov "Qazax – xidmət etdiyin diyar” kitabını tədbirdə iştirak edən hərbçilərə, müharibə veteranlarına və ağsaqqallara hədiyyə edib.
Böyük Vətən Müharibəsi veteranı Xanqulu Süleymanov, Əməkdar idman ustası Ramiz Tağıyev, el ağsaqqalı Mustafa Mahmudov, şəhid Mühüd Orucovun atası Qurban Orucov, Əməkdar müəllim Xatın Hüseynxanova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, "N” saylı hərbi hissənin komandiri Fuad Əkbərov, AYB-nin üzvü, şair, Mustafa Rasimoğlu çıxış edərək Qazaxın düşmən qarşısında bir sipər, qala olduğundan söz açmışlar.
Sonra rayon rəhbərliyi hərbi hissədə yaradılmış nümunəvi şəraitlə yaxından tanış olmuş, əsgər yataqxanalarına, yeməkxanaya, əsgərlərin xidmət etdiyi sahələrə baxmışdır. İcra Hakimiyyətinin başçısı əsgərlərlə birlikdə yemək süfrəsi ətrafında səmimi söhbət etmiş, düşmənlə sərhəddə yerləşən ön cəbhəyə getmiş, burada xidmət edən əsgərlərlə görüşmüş, hərbçilər qarşısında çıxış etmişdir. Xidmətdə fərqlənən bir qrup hərbiçiyə "Qazax – xidmət etdiyin diyar” kitabı hədiyyə edilmişdir.

Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
8 dekabr 2017-ci il


Facebook-da paylaş