• Təqvim

  • Maraq



Qazaxda “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” adlı geniş bayram tədbiri keçirilmişdir

Qazaxda “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” adlı geniş bayram tədbiri keçirilmişdir
"Ordumuz-qürurumuz, xalqımız-dayağımız” - ölkəmizdə ilk dəfə Qazax rayonunda təşkil edilən kütləvi vətənpərvərlik tədbiri bu deviz altında keçirildi. Tədbir Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.
Qeyd edək ki, mənfur düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu Vətənin müdafiəsi yolunda 283 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 7 kəndi bu gün də erməni işğalçılarının tapdağı altındadır. Rayonun 5 kəndinə isə düşmən tərəfindən mütəmadi olaraq atəş açılır.
Şəhərin Heydər Əliyev parkında indiyə qədər görünməmiş bir canlanma var idi. İnsan selindən tərpənmək olmurdu. Böyükdən tutmuş uşağa qədər, ağsaqqalından tutmuş cavana qədər on minlərlə rayon sakini buraya toplaşmışdı. Kütləvi vətənpərvərlik bayramında Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, istefada olan hərbçi, general-mayor Mahmud Həmzəyev, Azərbaycan Respublikası Müdafiə Nazirinin müşaviri Abdulla Qurbani, Milli Məclisin deputatları Ülviyyə Ağayeva və Xanhüseyn Kazımlı, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov və başqa qonaqlar iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Fəxri qazaxlılar parkına gəldilər. Sonra Şəhidlər Xiyabanına baş çəkərək memorialın önünə gül dəstələri qoydular və şəhidlərin əziz xatirələrini yad etdilər. Daha sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev parkına gələrək ulu öndərin əziz xatirəsini yad edib abidəsi önünə gül-çiçək dəstələri qoydular.
"Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında keçirilən tədbirin layihə rəhbəri Abdulla Qurbani tədbirin məqsəd və əhəmiyyətindən danışaraq mərasimi açıq elan etdi.
Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu və Dövlət Himni səsləndi.
"Azərbaycan fanforası” hərbi orkestr tərəfindən ifa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazax və qazaxlılar haqqında çıxışı monitor vasitəsilə nümayiş etdirildi.
Sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təbrik nitqi ilə çıxış etdi. O, qazaxlıları, qonaqları, eləcə də, tədbirdə iştirak edən hərbçilərin timsalında Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini Qazax rayon İcra Hakimiyyətinin rəhbərliyi və Qazax ictimaiyyəti adından salamladı. Hərbçilərimizə xitabən bildirdi ki, siz müasir, müstəqil respublikamızın Milli Ordusunda – Azərbaycan Ordusunda Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edir, şərəfli, həm də çətin, məsuliyyətli xidmətinizdə qazandığınız uğur və nailiyyətlərlə ölkə rəhbərliyinin, qədirbilən xalqımızın, eləcə də öz valideynlərinizin etimadını doğruldursunuz. O, qeyd etdi ki, 2018-ci ildə 100 illiyini dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd edəcəyimiz Azərbaycan Ordusu yarandığı gündən savaş meydanına atılaraq erməni-daşnak-bolşevik qüvvələrinə qarşı mübarizələrdə fədakarlıqlar göstərib, ağır sınaqlardan çıxıb. Bu yolda neçə-neçə şəhid verib.
Qazaxda “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” adlı geniş bayram tədbiri keçirilmişdir
Qazaxlılar son illər ordu quruculuğunda uğurla aparılan islahatları diqqətlə izləyir və hər bir yenilik, hər bir uğurlu addım bizi ruhlandırır. Bu qədim elin adamları bərəkətli torpaqlarını əkib-becərdikləri kimi onu qorumağı da bacarırlar. Hal-hazırda silahlı qüvvələrimizin aparıcı hərbi hissələrindən olan və Qazaxda yerləşən "N” saylı hərbi hissə 1992-ci ildə məhz Qazax könüllülərinin özünümüdafiə taborunun bazasında yaranıb, formalaşıb. 2016-cı ilin aprel döyüşləri qazaxlılara da əsl qələbə sevincini yaşadıb. Bu döyüşlər zamanı təkcə Qazax rayonu 3 nəfər şəhid verdi. Xalq şəhidlərini böyük izdihamla son mənzilə yola saldı. Qazax rayonu qəhrəmanların diyarıdır. "Rus artilleriyasının Allahı” adlandırılan Əliağa Şıxlinski, ilk azərbaycanlı general topoqraf İbrahim ağa Vəkilov, ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbov, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanları Rafiq Alıcanov, Əjdər Babayev, Şamoy Çobanov, Aqil Musayev, Alı Mustafayev, Mərifət Nəsibov, Firuddin Şamoyev və neçə-neçə qəhrəmanlar Qazax rayonunun övladlarıdır.
Tədbirdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, Silahlı Qüvvələrimizin dünyanın müasir texnika ilə təmin olunmuş ordularından biri olduğunu qeyd etdi. R.Əliyev Müdafiə Nazirinin əmri ilə təltif olunmuş Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsala, əməkdar müəllim Xatın Hüseynxanovaya, hərbi hissə komandiri Fuad Ələkbərova xatirə mükafatlarını təqdim etdi.
Meydana çıxan xüsusi təyinatlılar nəyə qadir olduqlarını nümayiş etdirdilər. Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında nümayiş olunan ədəbi-bədii xoreoqrafik kompozisiya tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılandı. Hərbiçilərin oxuduğu "Ordumuz-qürurumuz, xalqımız-dayağımız” mahnısı tamaşaçılarda böyük qürur hissi oyatdı.
Şəhid atasının dediyi "Əmr edilsə, döyüşə birinci mən gedərəm” sözləri izdihamda böyük bir coşqu yaratdı. Qazaxdakı hərbi hissənin yaranmasının 25 illiyi münasibətlə xidmətdə fərqlənən bir qrup hərbçiyə Qazax rayon İcra Hakimiyyətinin təsis etdiyi "Qazaxın müdafiəsində xidmətlərinə görə” medalları təqdim olundu. Medalları Rəcəb Babaşov təqdim etdi.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Qazax – xidmət etdiyin diyar” kitabının ilk nüsxəsini general-mayor Rasim Əliyevə təqdim etdi. Qeyd olundu ki, bu kitab Qazaxda hərbi xidmətdə olan əsgərlərə veriləcəkdir.
Sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin Aprel döyüşləri ilə əlaqədar çıxışı monitor vasitəsilə təqdim olundu.
Tədbir Silahlı Qüvvələrin mahnı ansamblının ifasında səslənən "Biz gedirik Qarabağa” mahnısı ilə başa çatdı.
Vəli VƏLİYEV
"Respublika” qəzeti
17 noyabr 2017-ci il



Facebook-da paylaş