• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşları fərdi şəkildə dinləyib


Dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Ölkə başçısının vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr bu məqsədə xidmət edir. 

Vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Noyabrın 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhəri, Yuxarı Salahlı və Aslanbəyli kəndlərindən müraciət etmiş vətəndaşları fərdi şəkildə qəbul edib, istəklərini dinləyib. 


İcra başçısı bu gün həm də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlunun və Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Adil Əhməd oğlunun ailə üzvləri ilə görüşüb. Şəhid ailələri ilə səmimi söhbət edən rayon rəhbəri onların müxtəlif məzmunlu müraciətlərini dinləyərək müvafiq olaraq cavablandırıb.

Rayon rəhbəri bu gün qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimizlə nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın, xalqımızın fəxr etdiyini, hər bir azərbaycanlının qürur duyduğunu bildirib. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin ömür yolunun gələcək nəsillərə, gənclərə örnək olduğunu, onları tanımağın, xatirələrini əbədi tutmağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu vurğulayıb. İşğaldan azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla anılacağını qeyd edib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində, eləcə də antiterror tədbirləri zamanı qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu bir daha dilə gətirib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu, Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid Fərid Nəbiyevin babası İmran Nəbiyev şəhid ailələrinə göstərilən qayğıya görə razılıq edərək buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. 



Facebook-da paylaş