• Təqvim

  • Maraq



“XXI əsrin xoşməramlar elçisi - Zərif himayədar” mövzusunda tədbir keçirilib


Avqustun 26-da Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “XXI əsrin xoşməramlar elçisi - Zərif himayədar” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Qazax Rayon Gənclər və İdman İdarəsi, “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin rəhbər və əməkdaşları, gənclər, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər. 

Tədbir Mehriban xanım Əliyevanın dövlət qadın siyasətinin inkişafı istiqamətində çoxşaxəli və səmərəli fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.


Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Bildirb ki, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Mehriban xanım Əliyeva böyük genetik irsin varisidir. Onun geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. 


Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır. Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxışıda Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyərindən danışaraq bildirib ki, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, bütün dünyada böyük hörmətə malik olan Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca qürurvericidir. Prezident İlham Əliyevin ən yaxın və sadiq silahdaşı olaraq Mehriban Əliyevanın ölkəmizdə sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. 


Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev mükafatına layiq görülmüşdür. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti və xeyirxah missiyası qısa zaman ərzində nəinki ölkə ictimaiyyəti, hətta, beynəlxalq ictimaiyyətin də diqqətini çəkir. Yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov öz çıxışında Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətini göz önündə canlandıraraq gördüyü işlərin böyük miqyasından danışıb. Qeyd edib ki, Onun fəaliyyəti hər zaman diqqətdədir və Mehriban xanım Əliyevaya xalqın böyük etimadı vardır. Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai mövqeyi ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıq kimi yalnız Azərbaycanın inkişafı, xalqın, millətinin rifahı, tariximizin, mədəniyyətimizin, təhsilimizin, səhiyyəmizin, idmanın tərəqqisidir. Onun bütün fəaliyyəti yalnız Azərbaycanla bağlıdır.


Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev Heydər Əliyev Fondu tərəfindən “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin təqdimatı zamanı hərbçilərlə keçirilən görüşdə iştirak edərkən Mehriban xanım Əliyeva ilə görüşünün təəssüratlarını bölüşüb. Böyük qürur hissi ilə qeyd edib ki, bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına dövlətimiz, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Bundan əlavə, ölkənin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müxtəlif bədən xəsarəti alan əlillərə də dövlət lazım olan hər bir qayğı və diqqəti göstərməkdədir. Belə ki, əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun birdəfəlik sığorta ödənişi həyata keçirilir, əlillik dərəcəsinə uyğun müəyyən məbləğdə Prezident təqaüdü ödənilir. Əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olanlara müavinət ayrılır, əlilliyi müəyyən edilmiş şəxslərə tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər. Bu, isə dövlətin və şəxsən Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasının və mötəbər arenalarda bayrağımızın dalğalanmasının təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını və şəxsən Mehriban xanım Əliyevanın bu sahədəki fədakar xidmətlərinin sayəsində reallaşdığını bildirib. Qeyd edib ki,  idmanın inkişafı bilavəsitə dövlətin nəzarətindədir və bütün regionlarda bu inkişaf sürətlə və yüksək səviyyədə gedir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmanın inkişafında səmərəli, uğurlu fəaliyyəti danılmazdır. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq yarışların təşkilati işlərinə rəhbərlik edən Mehriban xanım Əliyevanın ortaya qoyduğu nümunə Azərbaycanın həm də idman ölkəsi olduğunu dünyaya çatdırıb. Bir sözlə, Azərbaycanın birinci xanımının idmana qayğı ilə yanaşması Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına xidmət edib.


MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov Azərbaycan mədəni elitasının görkəmli nümayəndəsi olan Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, bu mədəniyyətin yaratdığı mədəni fenomenlərə diqqət və qayğısından danışaraq bildirib ki,  mədəniyyətimizin dünyada geniş təbliğində, ölkəmizin mədəniyyətlərin dialoqunda iştirakının genişlənməsinə  mühüm rolu və xidmətləri vardır. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2003-cü ildə Azərbaycan muğamları, 2009-cu ildə aşıq sənəti, Novruz bayramı, 2010-cu ildə isə Azərbaycan xalçaları  YUNESKO-nun Mədəni irs siyahısına daxil edilmiş, Azərbaycanın tarixi abidələri yenidən qurulub bərpa edilmiş, dünya mədəniyyətləri içərisində təbliği işi geniş vüsət almışdır.


Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü Azərbaycanda təhsil infrastrukturunun təkmilləşdirilməsi,  təhsil müəssisələrinin əsaslı şəkildə bərpası, yenidən qurulması istiqamətində bir sıra layihələr müəllifi kimi Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Azərbaycanda təhsil sisteminin inkişafı sahəsində əsaslı dönüşün yaradılmasında dövlət başçısının səmərəli fəaliyyəti ilə yanaşı, Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın böyük əməyi göz qabağındadır. Təhsilin məzmunca yeniləşməsi, informasiya texnologiyalarının məktəblərdə geniş tətbiqi və müasir tələblərə cavab verən yeni layihələrin bu sahədə tətbiq olunması məsələləri hər zaman Birinci xanımın diqqət mərkəzində olmuş, rayonumuz da bu layihələrdən kənarda qalmamışdır. Qazax rayonunda Heydər Əliyev Fondunun dəstəyi, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə məktəb əsaslı şəkildə təmir edilmiş, yenidən qurulmuş, maddi-texniki bazası yaxşılaşdırılmış və şagirdlərin ixtiyarına verilmişdir. 


Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək fəaliyyətinin ruhunu humanizm, nəciblik, xeyriyyəçilik təşkil edən, istər milli-mənəvi dəyərlərin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəlməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı sahəsində həyata keçirilən mühüm layihələr müəllifi olan Mehriban xanımın geniş dünyagörüşündən, yüksək mənəvi keyfiyyətlərindən danışıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.


“Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin gənc könüllüsü Gülçin Əhmədova ölkə rəhbərliyi tərəfindən gənclərə göstərdiyi  diqqət və qayğıdan danışıb. Mehriban Əliyevaya öz minnətdarlığını bildirərək qeyd edib ki, özünün ictimai-siyasi fəaliyyətində, həm də rəhbərlik etdiyi qurumun həyata keçirdiyi bütün tədbirlərdə yetişməkdə olan nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayır. “Gənc nəslə qayğı göstərmək, onların problemlərini həll etmək, istedad və qabiliyyətlərini üzə çıxararaq inkişaf etdirmək tək dövlətin və ya hansısa qurumun vəzifəsi deyildir. Bu, bizim hər birimizi hər gün narahat etməli olan məsələyə, gündəlik fəaliyyətimizin bir hissəsinə çevrilməlidir” – deyən xanım Əliyeva gənclər siyasəti istiqamətində həyata keçirdiyi tədbirlərlə sadəcə bütün insanlara nümunədir.

26 avqust həm də Azərbaycan dövlətinin, vətəndaşların sosial müdafiəsi və təminatının gücləndirilməsi, əhaliyə dövlət tərəfindən göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində böyük xidmətləri olan Azərbaycan Respublikasının Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə həm tədbir iştirakçıları, həm də bütün qazaxlı qadınlar, rayon ictimaiyyəti adından ölkəmizi dünyada sevdirən, xalqımıza başucalığı gətirən, gözəl və qayğıkeş ana, əsl Azərbaycan qadını Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirik. Ona ölkəmizin daha da çiçəklənməsi naminə göstərdiyi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

GOYEZEN.AZ



Facebook-da paylaş