• Təqvim

  • Maraq



Vətən müharibəsi şəhidi Elfak Daşdəmirovun ildönümündə əziz xatirəsi ehtiramla anılıb


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altındakı torpaqlarımızı cəmi 44 gündə mənfur düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibədə bütün dünya Azərbaycan dövlətinin gücünü, qüdrətini bir daha gördü. 

44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıraraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də şəhid əsgər Daşdəmirov Elfak Eltun oğludur. Elfak da torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün tam olması üçün Vətən müharibəsi başlayanda döyüşlərə könüllü qatıldı və döyüş meydanında canından keçərək Şəhidlik zirvəsinə ucaldı. 


Oktyabrın 27-si 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 3 il ötür. Bu gün Elfak Daşdəmirov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. 


Oktyabrın 27-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov, şəhid ailələri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Bildirilib ki, bu gün vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Çünki Elfak tək şəhidlərimizin qanı bahasına artıq doğma Qarabağımız azaddır, Vətən torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Qeyd olunub ki, Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Elfak Daşdəmirovun əziz xatirəsi daim ehtiramla anılacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub.

Şəhid atası Eltun Daşdəmirov şəhid ailəsi kimi hər zaman ailəsinə göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidimizin xatirəsinin yad olunmasını övladının timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.


Şəhid Elfak Daşdəmirov 26 aprel 1996-cı ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2002-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2011-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu sinifinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olmuş, 2017-ci ildə həmin universiteti bitirmişdir. 2017-2018-ci illərdə Azərbaycan Respublikası Milli Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. “N” saylı hərbi hissənin baş atıcısı hərbi vəzifəli əsgər Elfak Daşdəmirov 26 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 oktyabr 2020-ci il tarixdə Qazax rayon Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən naminə canlarından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz kimi Elfak Daşdəmirov da orden və medal alanlar sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. 2021-ci ilin 26 avqustunda Qazaxın Bakı istiqamətindən girişində (Obeliskin yanı) igid Vətən oğlunun adını əbədiləşdirən bulağın açılışı olub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.



Facebook-da paylaş