• Təqvim

  • Maraq



Ölümündən sonra göstərdiyi igidliyə görə bir orden, üç medalla təltif olunan qazaxlı şəhid Elfak Daşdəmirov hər birimizin fəxridir

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------- 


Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altındakı torpaqlarımızı cəmi 44 gündə mənfur düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Və bütün dünya 10 noyabrda Azərbaycan dövlətinin qazandığı tarixi Qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu.

44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıraraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də şəhid əsgər Daşdəmirov Elfak Eltun oğludur. Elfak da torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün tam olması üçün Vətən müharibəsi başlayanda döyüşlərə könüllü qatıldı və döyüş meydanında canından keçərək Şəhidlik zirvəsinə ucaldı. 


Oktyabrın 27-si 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 3 il ötür. Bu gün Elfak Daşdəmirov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. 

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Elfak Daşdəmirov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Elfak kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər Elfak tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!


Şəhid Elfak Daşdəmirov 26 aprel 1996-cı ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2002-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2011-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu sinifinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olmuş, 2017-ci ildə həmin universiteti bitirmişdir. 2017-2018-ci illərdə Azərbaycan Respublikası Milli Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. “N” saylı hərbi hissənin baş atıcısı hərbi vəzifəli əsgər Elfak Daşdəmirov 26 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 oktyabr 2020-ci il tarixdə Qazax rayon Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən naminə canlarından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz kimi Elfak Daşdəmirov da orden və medal alanlar sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. 2021-ci ilin 26 avqustunda Qazaxın Bakı istiqamətindən girişində (Obeliskin yanı) igid Vətən oğlunun adını əbədiləşdirən bulağın açılışı olub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib. 





Facebook-da paylaş