Qazaxda “Göyçə” supermarket istifadəyə verilib
Heç kəsə sirr deyil ki, müstəqil Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə azad sahibkarlığın inkişafına daim diqqət göstərirdi. Çünki o, Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqda, onun tərəqqisində görürdü. Ulu Öndər ölkədə geniş iqtisadi islahatların həyata keçirilməsinə, o cümlədən sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına çalışırdı. Bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahəyə olan qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə bölgələrimizdə atılan məqsədyönlü addımlar bu sahənin uğurla davam etdirilməsi deməkdir.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən həmin məqsədyönlü tədbirlər Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.
Oktyabrın 5-də Qazax şəhəri Azadlıq küçəsi 29A ünvanında (Bakı küçəsinin kəsişməsi) yerləşən ikimərtəbəli “Göyçə” supermarketin istifadəyə verilməsi dediklərimizin bariz nümunəsi, rayon sakinləri üçün növbəti töhfədir.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, “Göyçə” supermarketin rəhbəri Vüqar Əhmədov, marketin əməkdaşları, rayon sakinləri iştirak edib.
Aparıcı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca tədbiri açıq elan edərək rayon sakinlərini salamlayıb, səmimi ürək sözlərini bölüşüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni supermarketin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və marketin əməkdaşlarını səmimi qəlbdən təbrik edib. Son illər ölkə Prezidentinin qayğısı sayəsində rayonun simasının gündən-günə dəyişdiyini, daha abad və yaraşıqlı rayonlardan birinə çevrildiyini bildirib. Rayonda yeni sosial obyektlərin, bankların, ticarət mərkəzlərinin istifadəyə verilməsinin bu istiqamətdə görülən işlərin bariz nümunəsi olduğunu qeyd edib. Rayon rəhbəri vurğulayıb ki, vaxtilə az sayda işçi qüvvəsi olan sahibkarlıq obyektləri istifadəyə verilirdisə, bu gün ilkin mərhələdə 30 nəfərin, ikinci mərhələdə isə daha 15 nəfərin çalışması nəzərdə tutulan “Göyçə” kimi supermarket istifadəyə verilir. Rayon rəhbəri şəhərin mərkəzində yerləşən və öz görkəmi ilə seçilən yeni supermarketin istifadəyə verilməsini rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisi kimi qiymətləndirib. Bunun arxasında dövlətin, ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sahibkarlara göstərdikləri qayğının dayandığını bildirib. Sonda icra başçısı rayonda bu cür supermarketlərin sayının çox olmasını arzu edib, “Göyçə” supermarketin kollektivinə uğurlar arzulayıb.
“Göyçə” supermarketin rəhbəri Vüqar Əhmədov çıxış edərək tədbir iştirakçılarını və rayon rəhbərliyini salamlayıb, iştiraklarına görə öz adından və atası İlyas Əhmədovun adından minnətdarlıq edib. “Göyçə” supermarketin hər bir uğurunun qazaxlıların gözü qarşısında baş verdiyini bildirib. V.Əhmədov iqtisadi siyasətin bir hissəsi olan sahibkarlığın inkişafına göstərilən qayğıya, sahibkarlara yaradılan şəraitə görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Sahibkarlar üçün yaradılan şərait və şəffaf mühitin təmin edilməsi sayəsində bu gün ölkəmizdə sahibkarlığın inkişaf etdiyini qeyd edib. Ölkəmizdə sahibkarlara göstərilən dövlət qayğısının Qazax rayonunda da yüksək səviyyədə hiss olunduğunu söyləyib.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları supermarketdə yaradılan şəraitlə, təqdim olunan məhsullarla, ərzaqlarla və vətəndaşlara göstəriləcək xidmətlərlə tanış olublar.
GOYEZEN.AZ
Facebook-da paylaş