Qazaxda “Abu-Life” elektronika mağazasının açılışı olub
Müstəqil Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə azad sahibkarlığın inkişafına daim diqqət göstərirdi. Çünki o, Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqda, onun tərəqqisində görürdü. Ulu öndər ölkədə geniş iqtisadi islahatların həyata keçirilməsinə, o cümlədən sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına çalışırdı.
Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahəyə olan qayğı dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə bölgələrimizdə atılan məqsədyönlü addımlar bu sahənin uğurla davam etdirilməsi deməkdir.
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən həmin məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.
Bu gün rayonda daha bir sahibkarlıq obyektinin – "Abu-Life” elektronika mağazasının rəsmi açılış mərasimi olub.
Mərasimdə Qazax RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, "Abu-Life” mağazalar şəbəkəsinin rəhbərliyi tərəfindən dəvət olunmuş iş adamları, qonaqlar, rayon sakinləri və KİV nümayəndələri iştrak edib.
Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca mərasimi açıq elan edərək rayon sakinlərini salamlayıb və təbrik üçün sözü açılış mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova verib.
Rayon rəhbəri çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib.
Qazaxda təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də sosial və digər sahələrin inkişaf etdiyini qeyd edən icra başçısı rayonun simasının gündən-günə dəyişdiyini, daha abad və yaraşıqlı şəhərlərdən birinə çevrildiyini bildirib. Rayonda yeni məktəb binalarının, bağçaların, səhiyyə, mədəniyyət ocaqlarının inşası ilə yanaşı, sosial obyektlərin istifadəyə verilməsinin bu istiqamətdə görülən işlərin bariz nümunəsi olduğunu qeyd edib.
Rayon rəhbəri vurğulayıb ki, sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
İcra başçısı bildirib ki, bu gün Qazaxda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün sahibkarlara geniş imkanlar yaradılır, hər cür dəstək göstərilir. Ona görə də rayonumuzda bu istiqamətdə görülən işlər getdikcə artır və özəl sektor sürətlə inkişaf edir. Açılışını etdiyimiz mağaza da Respublika Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi inkişafın rayonda uğurla icra edilməsi deməkdir. Rayon rəhbəri şəhərin mərkəzində, Heydər Əliyev prospekti 78 A ünvanında yerləşən və öz görkəmi ilə seçilən yeni mağazanın istifadəyə verilməsini rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisi kimi qiymətləndirib.
"Abu-Life” mağazalar şəbəkəsinin müdiri Elmar Mirzəyev rayon rəhbərliyinə minnətdarlıq edərək bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, bu gün əsas hədəfimiz sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləmək və bu yolda öz töhfəmizi verməkdir.
E.Mirzəyev rəhbərlik etdiyi şəbəkə barədə məlumat verərək bildirib ki, "Abu Life” mağazalar şəbəkəsi 12 ildir ki, rayon sakinlərinin xidmətindədir. 2006-cı ildən qazaxlılara yüksək səviyyədə xidmət göstərən şirkət ilk olaraq 2007-ci ildən mobil telefonların satışı ilə fəaliyyətə başlayıb. 2013-cü ildə öz fəaliyyətini genişləndirən şirkət əvvəl Qazax rayonunda, 2015-ci ildə isə Ağstafa rayonunda elektronika mağazalarını sakinlərin istifadəsinə verib. Şirkət 2016-cı ildən Qazaxda mebel mağazasını açmaqla "Abu Life GROUP” adı altında birləşib. Dünyanın müxtəlif məişət avadanlıqları brendlərinin rəsmi dilleri kimi fəaliyyət göstərən "Abu Life GROUP” rayon sakinlərinin istəyini nəzərə alaraq bütün məhsulların keyfiyyətinə və qiymətinə böyük önəm verir. Sakinlərin rahatlığını təmin etmək məqsədilə məhsulların çatdırılma və quraşdırılması kimi xidmətlər də şirkət tərəfindən təmənnasız olaraq həyata keçirilir. Bildirib ki, "Abu Life GROUP” olaraq əsas məqsədimiz müştərilərin etimadını qazanmaq və onlara yüksək səviyyədə xidmət göstərməkdir.
Hazırda "Abu Life GROUP” ailəsində 60-dan çox işçinin çalışdığını qeyd edən mağazalar şəbəkəsinin müdiri yaxın günlərdə şəbəkənin daha da genişlənəcəyini bildirib. Tezliklə xəz-dəri və zinət əşyalarının satışından ibarət yeni filiallarla rayon sakinlərinə xidmət göstərəcəklərini vurğulayıb.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları mağazada yaradılan şəraitlə, təqdim olunan məhsullarla və vətəndaşlara göstəriləcək xidmətlərlə tanış olublar.
İştirakçılara məlumat verilib ki, mağazada sakinlərə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Mağazada "Hoffmann”, "Hauser”, "Hisense”, "LG Elektronica”, "Sharp”, "Samsung”, "Beko”, "”Midea”, "iPhone” və digər firmaların məhsulları təqdim olunur.
Tədbir Bakı şəhərindən dəvət olunmuş müğənnilər Sevil-Sevinc bacılarının ifası və diceyin iştirakı ilə təşkil olunmuş şou-proqramla başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş