• Təqvim

  • Maraq



Qazaxda şəhid baş gizir Azər Məmmədovun bu gün ildönümü mərasimi olub


2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla, xeyli sayda hərbi qulluqçumuz canından keçərək şəhid oldu.

Qazaxın igid oğulları da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən  döyüş meydanında əsl qəhrəmanlıq nümunəsi göstərərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdilər. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldı. 


Sentyabrın 14-də qəhrəman şəhidlərimizin uğrunda canlarını fəda etdikləri torpağa tapşırıldıqları gündən 1 il ötür. Bu gün igid Vətən oğlu baş gizir Məmmədov Azər Mustafa oğlunun ildönümü mərasimi keçirilib. Qəhrəman şəhidimizin əziz xatirəsi hörmət və ehtiramla anılıb.

Sentyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhidimizin döyüş yoldaşları, şəhid ailələri, müharibə əlilləri şəhidimizin ildönümü mərasimində iştirak edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Qəhrəman şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilənib.


İcra başçısı Rəcəb Babaşov şanlı Azərbaycan Ordusunun Vətən uğrunda canından keçən şəhidlərimizin qisaslarını aldıqlarını, qəhrəmanlarımızın qanlarının yerdə qalmadığını bildirib. Bu gün Azərbaycan xalqının Azər Məmmədov kimi oğullarımızla fəxr etdiyini, qürur duyduğunu bir daha dilə gətirib. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımızın, eləcə də düşmən təxribatının qarşısını alan Azər kimi qəhrəmanlarımızın heç vaxt unudulmayacağını, gələcək nəsillərə örnək olacağını qeyd edib. Azər Məmmədovun 44 günlük Vətən müharibəsində olduğu kimi, ötən ilin 12-13 senytabrında düşmən təxribatının qarşısını alarkən də əsl igidlik nümayiş etdirdiyini, şücaəti ilə qəhrəmanlıq dastanı yazdığını söyləyib. 

Baş gizir Məmmədov Azər Mustafa oğlu 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Qazax rayon Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsillidir. 2011-ci ilin aprel ayından 2012-ci ilin oktyabr ayına qədər Lənkəran rayonunda Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ilin oktyabr ayından Xaçmaz rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində snayper bölməsində 2B qrupunda xidmətə başlamışdır. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mərdəkan qəsəbəsində Çevik Hərəkat Dəstəsində xidmətini baş gizir olaraq davam etdirib. 30.07.2022-ci il tarixdə ailə həyatı qurub. 


12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Qubadlı-Zəngilan istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. 

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Respublika Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə”bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları, 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Kəmərli kəndində adını əbədiləşdirən bulaq inşa olunub.


GOYEZEN.AZ



Facebook-da paylaş