• Təqvim

  • Maraq



Çaylı kəndində vətəndaşların qaldırdıqları məsələ müsbət həllini tapıb


Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə aparılan dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, Prezident İlham Əliyev tərəfindən vətəndaşlara göstərilən qayğıda, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrdə öz real əksini tapır. Bu, həm də o deməkdir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Ötən yazılarımızda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bir qrup Çaylı kənd sakininin yaşadıqları ərazidə subartezian quyusunun qazılması ilə bağlı müraciətini dinləməsi, məsələ ilə əlaqədar yerində baxış keçirməsi barədə məlumat vermişdik.


Dünən icra başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovla birlikdə Çaylı kəndində olub, kənd sakinlərinin yaşadıqları ərazidə subartezian quyusunun qazılması ilə bağlı müraciətlərinə yerində baxış keçirmişdi. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələyə həssaslıqla yanaşılacağını, Çaylı kəndində qazılacaq subartezian quyularından birinin onlar yaşayan ərazidə qazılmasının nəzərdə tutulduğunu, eyni zamanda, mövcud vəziyyətin aradan qaldırılması üçün lazımi addımların atılacağını qeyd etmişdi. Bununla bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını da vermişdi. Budur, artıq qaldırılan məsələ öz müsbət həllini tapıb. Belə ki, sakinlərin yaşadıqları ərazidə yeni subartezian quyusu qazılana kimi mövcud vəziyyət aradan qaldırılıb. Vətəndaşların su təminatının yaxşılaşdırılması üçün kəhrizdən onların yaşadıqları əraziyə gələn su xətləri təmizlənib, suyun təzyiqi və axını bərpa edilib. 

Avqustun 25-də rayon rəhbəri Çaylı kəndinə gələrək bir daha sakinlərlə görüşüb, mövcud vəziyyət  və görülmüş işlərlə yerində tanış olub.

Vətəndaşlar onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, müraciətlərinə operativ şəkildə baxılmasına və bu gün müsbət həllini tapmasına görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.



Facebook-da paylaş