• Təqvim

  • Maraq



Vətən müharibəsi şəhidləri məzarları başında yad edilib


2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün sonra bizim böyük zəfərimizlə başa çatdı. Zəfərimizə mənəvi məna verən isə 30 il işğal altında olan torpaqlarımızın, ən əsası da siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Bu xoşbəxtliyi, bu qüruru isə bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu gün xalq olaraq bizə qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən igid Vətən övladlarına borcluyuq. Tarixi Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədə payı olan Qazaxın igid oğulları da düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsl igidlik, şücaət göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi istər bayram günlərində, istərsə də adi günlərdə şəhidlərimizin məzarlarını ziyarət edir, əziz xatirələrini daim ehtiramla anır. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovla birlikdə Vətən müharibəsində iştirak edən Daş Salahlı Çaylı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub. 

Rayon rəhbəri Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla anıb. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində hərb tariximizə, xalqımızın yaddaşına adlarını qızıl hərflərlə yazan igid oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil dövlətimiz, xalqımız var olduqca şəhidlərimizin də daim qəlblərdə yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını əziz tutmağın, yaşatmağın hər birimizin vəzifəsi olduğunu vurğulayıb. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimizə nümunə olmalıdır. Özümə borc bildim ki, şəhidlərimizin məzarlarını ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini söyləyib. 

Şəhid gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva və başqaları hər zaman onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının yad olunmasına görə razılıq ediblər.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Daş Salahlı kənd sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun məzarını ziyarət


Daş Salahlı kənd Şəhidlər Xiyabanında uyuyan Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarını ziyarət

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun məzarını ziyarət

 

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlunun məzarını ziyarət

 

Ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlunun məzarını ziyarət

 

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Qocayev Niftalı Zakir oğlunun məzarını ziyarət

  

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun məzarını ziyarət


Çaylı kənd Şəhidlər Xiyabanında uyuyan Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarını ziyarət


GOYEZEN.AZ



Facebook-da paylaş