• Təqvim

  • Maraq



İcra başçısı Vətən müharibəsi şəhidi leytenant Murad Nağıyevin atasının ildönümü mərasimində iştirak edib və ailəsinə başsağlığı verib


Bu gün hər bir Azərbaycan vətəndaşı bizi 30 illik Vətən həsrətindən sonra işğaldan azad olunmuş Qarabağımıza, eləcə də ona bitişik tarixi yurd yerlərimizə qovuşduran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə minnətdarlıq edir, Qarabağ adlı haqq savaşında bizlərə tarixi Zəfəri bəxş edən igid Vətən övladları ilə qürur duyur. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında böyük tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi şəhidlərinin ruhları qarşısında baş əyir. 

Vətən müharibəsinin qəhrəman oğullarından biri də torpaqlarımızın azadlığı uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan leytenant Nağıyev Murad Mayıl oğludur.


Bu gün şəhidimizin atası Nağıyev Mayıl Hüseyn oğlunun vəfatından bir il ötür. Martın 29-da Çaylı kəndində şəhidimizin atasının ildönümü mərasimi olub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ildönümü mərasimində iştirak edib və ailəsinə başsağlığı veriblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mərhum Mayıl Nağıyevin vəfatından kədərləndiyini bildirib, qardaşı Mahir Nağıyevə və ailəsinə dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm, dəyanət diləyib. İcra başçısı ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib. 

 

Leytenant Nağıyev Murad Mayıl oğlu

Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda ailənin sonbeşiyi olaraq dünyaya gəlmişdir. O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, burada Bakıxanov qəsəbəsində yaşamağa başlamışdır. Təhsilə 2003-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli tam orta məktəbdə başlayan Murad Nağıyev tezliklə həm öz zəkası, həm də tərbiyəsi ilə digərlərindən seçilmiş və müəllimlərinin sevimlisinə çevrilmişdir. O, burada 8 il təhsil aldıqdan sonra 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak etmiş və burada yüksək nəticə göstərdiyinə görə İstanbulda yerləşən nüfuzlu Kuleli Askeri Lisesinə (Kuleli Hərbi Liseyi) seçilmişdir.

Murad Nağıyev Kulelidə də özünü doğrultmuş, xüsusilə də riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə müəllimləri tərəfindən ona "matematik dehası” (riyaziyyat dahisi) adı verilmişdir. O, həm də erkən yaşlarından müxtəlif silahlarla tanış olmuş, yay toplanışlarında və təlimlərdə iştirak etmiş və NATO-nun ən böyük ikinci ordusunda nümunəvi zabit kimi formalaşmağa başlamışdır. Daha sonra Murad Nağıyev liseyi müvəffəqiyyətlə bitirərək 2015-ci ildə Ankarada yerləşən digər bir nüfuzlu ali hərbi təhsil müəssisəsi olan Kara Harp Okuluna (Quru Qoşunları Məktəbi) daxil olmuşdur. Murad Nağıyev 2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu”nu bitirmiş və "Tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” ixtisası üzrə məzun olmuşdur. Bununla da o, ümumilikdə 9 illik yüksək səviyyəli hərbi təhsilə yiyələnmişdir.

Murad Nağıyev Azərbaycan Respublikası müdafiə nazirinin 19 iyun 2020-ci il tarixli əmri ilə "leytenant” hərbi rütbəsi almışdır. O, Bakı yaxınlığında yerləşən "N” saylı hərbi hissədə tank taborunun tank bölüyünün tank tağımının komandiri vəzifəsində xidmətini davam etdirmişdir.

Murad Nağıyev 27 sentyabrda başlayan Vətən müharibəsinə elə həmin gün yollanmışdır. Qızğın döyüşlərin getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlarda iştirak etmişdir. Komandirlərinin əmrlərinə və rütbəcə yüksək yoldaşlarının israrlarına baxmayaraq O,: "Mən zabitəm, öz tankımda özüm gedəcəyəm! Həm də siz ailəlisiniz, uşaqlarınız var, mən isə subayam”, - deyərək ən ön sıralarda döyüşə atılmışdır. Komandiri təbəssümlə: "İndiyə qədər əmrimə tabe olmayan bir Murad oldu”, ‒ deyərək xatırlayır o anları.

Murad Nağıyev tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, atəş nöqtələrini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürmüşdür.

O, oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Silahdaşlarının dediyinə görə Murad həmin gün də israr etmişdi ki: "Bu gün kolonda bizim tank birinci gedəcək”.

Onun şəhid olduğu ərazi 8 gündən sonra tam nəzarətə götürülə bilmiş və həmin gecə bayrağa sarılmış nəşi Bakıya gətirilmişdir. Murad Nağıyev oktyabr ayının 20-də İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Murad Nağıyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Leytenant Murad Nağıyev həm də Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 5 noyabr 2022-ci il tarixli Sərəncama əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Murad Nağıyev uşaq yaşlarından incəsənətə maraq göstərmiş, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənmiş, həmçinin həm türkcə, həm də ana dilində şeirlər yazmışdır. Onun şeirləri müəllimləri tərəfindən yüksək qiymətləndirilmiş və hələ Kulelidə təhsil alarkən 2015-ci ildə "Mürekkebimdir Kuleli” kitabında çap edilmişdir. Şəhadətindən sonra isə Murad Nağıyevin şeirləri müxtəlif ədəbiyyat çevrələrində tanınıb bəyənilmiş, "Kardeş Kalemler” jurnalında və "Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdur.

2022-ci ilin 26 martında qəhrəman tank komandiri Murad Nağıyevin adını, xatirəsini əbədiləşdirən "Murad” adlı kitabın doğulduğu Qazax rayonunda təqdimat mərasimi olub.  

GOYEZEN.AZ



Facebook-da paylaş