• Təqvim

  • Maraq



Bu gün dünyasını dəyişən şəhid atası doğulduğu Qazax rayonunun Quşçu Ayrım kəndində torpağa tapşırılıb


"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. 

Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. 

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ döyüşlərində qanı ilə tarix yazan oğullarımızdan biri də baş çavuş Mirzəyev Yavər Abbas oğludur.

Yavər Mirzəyev 20 avqust 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1992-ci ildə məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Mirzəyev Yavər Abbas oğlu 16 avqust 1993-cü ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Bu gün Quşçu Ayrım kənd tam orta məktəbi və kənd ərazisindəki bulaq şəhidin adını daşıyır. Subay idi.  


Qəhrəman şəhidimizin atası Mirzəyev Abbas Qərib oğlu dünyasını dəyişib. Martın 1-də şəhidimizin atası doğulub boya-başa çatdığı Quşçu Ayrım kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mərhum Abbas Mirzəyevin vəfatından kədərləndiyini bildirib, ailəsinə dərin hüznlə başsağlığı verib, bu ağır günlərdə Tanrıdan onlara səbir, dözüm, dəyanət diləyib. İcra başçısı mərhum Abbas Mirzəyevin el-obası, doğma kəndi üçün çalışdığını, hər zaman kənd camaatını narahat edən məsələlərin həlli üçün müraciət etdiyini söyləyib. Mərhumun övladlarına tək olmadıqlarını söyləyən rayon rəhbəri hər an dəstək olmağa hazır olduğunu qeyd edib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.

 

GOYEZEN.AZ



Facebook-da paylaş