• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib


1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. O tarix ki, Azərbaycan xalqı 33 il əvvəl baş verən hadisələri təkcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlayır.

Müasir Azərbaycan tarixinin hüznlü, eyni zamanda, qürur mənbəyi olan 20 Yanvar faciəsinin 33-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

20 Yanvar faciəsinə həsr olunmuş növbəti anım tədbiri Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunub.     

Yanvarın 19-da şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Mərkəzin dərnək rəhbərləri və üzvləri iştirak ediblər. 

Əvvəlcə şəhidlərin ruhuna dua oxunub, onların xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzülüb, 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mərkəzin bədii qiraət dərnəyinin üzvlərindən Səadət Pirməmmədova, Aydan Qurbanlı, Təhminə İsmayılova, İsrayıl Qocayev, Leyla Əliyeva, Uğur Nəbizadə, Sevil İsmayılova, Məryəm Mahmudova, Fəridə Kazımlı, Şəhrubanu Mustafayeva, Ayan Əliyeva, Fidan Qurbanlı, Məryəm Süleymanlı, Gözəl Məmmədli, Elxan Güliyev, Şəfəq Güliyeva şəhidlərə həsr etdikləri ədəbi-bədii kompozisiyanı təqdim edib, şeirlər səsləndiriblər.

Dərnək üzvlərinin çıxışlarını dinləyən rayon rəhbəri şagirdlərə Vətənə, xalqa, şəhidlərimizə olan sevgilərinə görə, eləcə də məktəbliləri vətənpərvər ruhda tərbiyə etdiklərinə görə dərnək rəhbərlərinə razılığını bildirib. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmaları, qan yaddaşımız olan tarixi günlərin daim yad edilməsi üçün bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu qeyd edib. 20 Yanvarın Azərbaycanın müstəqilliyi yolunda ilk dönüş nöqtəsi olduğunu qeyd edən icra başçısı bu günün heç zaman unudulmayacağını, gələcək nəsillərin faciə qurbanlarının xatirəsini daim ehtiramla yad edəcəklərini söyləyib. Rayon rəhbəri 2 əvvəl 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi şəhidlərinin, eləcə də azadlıq yolunda canlarını qurban verən 20 Yanvar şəhidlərinin qisaslarının alındığını, ruhlarının rahatlıq tapdığını bildirib. Əldə etdiyimiz şanlı Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, canlarından keçərək qanları ilə dastan yazan şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdar və borclu olduğumuzu diqqətə çatdırıb. Şəhidlərimizin unudulmaması, ehtiramla yad edilməsi istiqamətində Mərkəzin gördüyü işləri, keçirdikləri tədbirləri razılıqla qarşılayan rayon rəhbəri bu yolda müəllim və şagirdlərə uğurlar arzulayıb.  


Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr etdikləri tədbirdə rayon rəhbərliyinin iştirak etməsini razılıq hissi ilə qarşılayıb, rəhbərlik etdiyi kollektivə, müəllim və şagirdlərin əməyinə verilən qiymət kimi dəyərləndirib. G.Rəhimova bildirib ki, Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Bunu 1990-cı ildə yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq arzusu ilə dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədəndə Azərbaycanın mərd oğul və qızları sinələrini sipər edərək bir daha nümayiş etdirdilər. “O gecə axıdılan qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır. Şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızı yad etmək hər birimizin borcudur”, - deyən Mərkəzin direktoru gənclərə hər zaman bayrağımıza sahib çıxmağı, uca tutmağı, şəhidlərimizin xatirəsini ehtiramla yad etməyi tövsiyə etdiyini vurğulayıb. G.Rəhimova sonda bir daha məktəblilərin çıxışlarına verdiyi qiymətə və tədbirdə iştirakına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. 

Qeyd edək ki, 33 il əvvəl  Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror idi. Ulu Öndər Heydər Əliyevin 20 yanvar gecəsi belə bir zirvəni fəth edən Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək söylədiyi “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcək. Bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli iftixarımızdır” kimi dəyərli fikri hər birimiz üçün örnəkdir. Məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Onun təşəbbüsü ilə Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsi dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini aldı.

GOYEZEN.AZ



Facebook-da paylaş