2023-cü ilin yanvar ayı üzrə vətəndaşlarla keçirilməsi nəzərdə tutulan ilk səyyar görüş Canalı kəndində olub
Bu gün ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları respublikamızın hər yerində olduğu kimi, Qazaxda da olduğu kimi icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə ötən ilin mart ayından şəhər və kəndlərdə yenidən keçirilən səyyar qəbullar da bu məqsədə xidmət edir.
2023-cü ilin yanvar ayı üzrə vətəndaşlarla keçirilməsi nəzərdə tutulan ilk səyyar görüş Canalı kəndində olub. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq yanvarın 6-da Qazax Rayon Canalı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan danışılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
Görüşdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev kənd sakinlərini rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
2020-ci ilin yaddaşlara 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə əbədi həkk olunduğunu qeyd edən birinci müavin bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarına borclu olduğumuzu dilə gətirib. Birinci müavin bütün kəndlərimizdən olduğu kimi, Canalı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 2 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Canalı kəndindən 30 nəfərin iştirak etdiyini, onlardan 10 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan birinci müavin illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, Canalı kəndinin igid oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid əsgər Əliyev İlkin Bəxtiyar oğlunun da uca məqama yüksəldiyini vurğulayıb. M.Alıyev istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan birinci müavin Canalı kəndində də əkin sahəsinin artdığını qeyd edib. Əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Canalı kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını, bu gün 10 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu bildirən M.Alıyev bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib.
Birinci müavin kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 14 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 2 nəfərin Vətən müharibəsi əlili, 12 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən birinci müavin bu istiqamətdə görülən işlərdən söz açıb. Canalı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib.
2022-ci ilin bir çox uğurlu layihələrlə yadda qaldığını qeyd edən birinci müavin bunun bariz nümunəsi olaraq ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib. Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi kimi qiymətləndirib. Bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb. M.Alıyev öz mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlamış Məşədi İbrahimin vaxtilə yaşadığı evin rayon rəhbərliyinin təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulduğunu söyləyib.
Birinci müavin “Saloğlu” fərdi firmasına məxsus yeni inşa olunmuş “Venzana” mebel fabrikini də ötən ilin uğurlu layihələrindən biri kimi dəyərləndirib. Həmin fabrikdə 500 nəfər işçiyə ehtiyac olduğunu qeyd edərək işləmək istəyən vətəndaşların “Saloğlu” fərdi firmasında hər həftənin şənbə günü təşkil olunmuş iş görüşməsində iştirak etmələrini tövsiyə edib.
Birinci müavin Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasını göstərib. Təmirli bağçalardan birinin Canalı kənd uşaq bağçasının olduğunu qeyd edib.
Sakinlər son illər rayonda, o cümlədən Canalı kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Əliyeva Reyhan Müslüm qızının Canalı kənd Diyarşünaslıq klubunun əsaslı təmiri və ya tikintisi, Mustafayev Rüfət Mirzalı oğlunun kənddə SİP kabel xətlərinin çəkilişinin davam etdirilməsi, Mustafayev Faqət Mirzalı oğlunun kənd ərazisində yol kənarından keçən qaz xəttinin və kənd ərazisində yol kənarında yerləşən 1 ədəd elektrik dayağının yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərini dinləyən birinci müavin səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını, qeyd edilən məsələlərə yerində baxılacağını bildirib.
Görüşdən sonra vətəndaş Faqət Mustafayevin səsləndirdiyi məsələyə aidiyyəti şəxslərin iştirakı ilə yerində baxış keçirilib, qısa bir vaxtda aradan qaldırılması üçün müvafiq tapşırıq verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş