İcra başçısı Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəhid ailəsini və qazini ziyarət edib
2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsi cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarını əldə rəhbər tutan qəhrəman oğullarımız müqəddəs Vətən torpağı uğrunda haqq savaşına çıxdılar və bu savaşdan qalib kimi ayrıldılar. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcu və ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.
Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman diqqətdə saxlayır, onları daim ziyarət edir, qayğıları ilə maraqlanır.
Dekabrın 7-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, burada müalicə alan Vətən müharibəsi şəhidi Hüseynov İlqar Yaşar oğlunun nənəsi Bəşirova Sədaqət Nəsir qızını və II qrup Birinci Qarabağ müharibəsi əlili Musayev Nüsrət Qulu oğlunu ziyarət edib, onların səhhəti və qayğıları ilə maraqlanıb.
"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova şəhid nənəsinin və qazimizin səhhəti barədə məlumat verərək onların sağlamlıqlarına qovuşmaları üçün həkimlərin əllərindən gələni əsirgəmədiklərini, hər cür kömək göstərildiyini bildirib.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıb, hər cür dəstək göstərməyə hazır olduğunu qeyd edib.
İcra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan bütün Vətən oğulları ilə hər birimizin fəxr etdiyini söyləyib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək onlara göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
Rayon rəhbərliyi ilə səmimi söhbət edən şəhid nənəsi və qazimiz ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Dövlətin qayğısını hər zaman hiss etdiklərini bildirərək bugünkü ziyarəti dövlətimizin onlara olan növbəti qayğısı kimi qiymətləndiriblər. Onlara göstərilən tibbi xidmətə, qayğıya görə Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə, tibb işçilərinə razılıqlarını ifadə ediblər.
Daha sonra rayon rəhbərliyi "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə xəstələrə, vətəndaşlara göstərilən qayğı ilə maraqlanıb. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğının hər kəs üçün nümunə olduğunu qeyd edərək həmin qayğının olduğu kimi davam etdirilməsini bildirib.
Ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun nənəsi Sədaqət Bəşirovanı ziyarət edərkən
II qrup Birinci Qarabağ müharibəsi əlili Nüsrət Musayevi ziyarət edərkən
GOYEZEN.AZ
Facebook-da paylaş