• Təqvim

  • Maraq



İcra başçısı xəstəxanada müalicə alan Vətən müharibəsi iştirakçısını ziyarət edib


2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarını əldə rəhbər tutan qəhrəman oğullarımız müqəddəs Vətən torpağı uğrunda haqq savaşına çıxdılar və bu savaşdan qalib kimi ayrıldılar. 44 gün davam edən müharibə təkcə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmadı, eyni zamanda, bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. Bu gün qürurla səsləndirdiyimiz Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcu və ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.


Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman diqqətdə saxlayır, onları daim ziyarət edir, qayğıları ilə maraqlanır.


Avqustun 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rayon Psixiatriya Xəstəxanasında kəllə-beyin travmasından müalicə alan, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuş, Qazax şəhər sakini, əsgər Yusubov Elməddin Əziz oğlunu ziyarət edib, onun səhhəti və müalicənin gedişi ilə maraqlanıb.

Qazax Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Venera Salifova E.Yusubovun səhhəti barədə məlumat verərək onun sağlamlığına qovuşması üçün həkimlərin əllərindən gələni əsirgəmədiklərini, hər cür kömək göstərildiyini bildirib.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı bütün qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Qazilərimizin sağlamlığı üçün hər cür dəstək göstərməyə hazır olduğunu qeyd edib.


İcra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan bütün Vətən oğulları ilə hər birimizin fəxr etdiyini söyləyib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək qazilərimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

Vətən müharibəsi iştirakçısı E.Yusubov və ailə üzvləri ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Dövlətin qayğısını hər zaman hiss etdiyini bildirən E.Yusubov bugünkü ziyarəti dövlətimizin qazilərimizə olan növbəti qayğısı kimi qiymətləndirib. Ona göstərilən tibbi xidmətə, qayğıya görə Qazax Rayon Mərkəzi Xəstəxanasının, Qazax Rayon Psixiatriya Xəstəxanasının həkimlərinə, tibb işçilərinə razılığını ifadə edib.

GOYEZEN.AZ



Facebook-da paylaş