• Təqvim

  • Unutma

  • Maraq



Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə ölümündən sonra bir orden, beş medalla təltif olunan şəhid gizir Anar Nağıyev ildönümündə ehtiramla anılıb


2020-ci il Azərbaycanın cəmi 44 gün davam edən Vətən müharibəsində - İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə ilə yaddaşlara əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, müdrik siyasəti, ordumuzun əsgər və zabitlərimizin, hərbçilərimizin gücü sayəsində Azərbaycan hərb tarixinə qızıl hərflərlə yeni bir salnamə yazıldı. 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən həmin salnamənin müəllifi isə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəri oldu. 

Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də Xüsusi Təyinatlı Qüvvələrin mənsubu gizir Nağıyev Anar Sahib oğludur. 


Noyabrın 17-də 44 günlük haqq savaşında qəhrəmanlığı ilə dastan yazan şəhidimizin ildönümüdür. Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Qarabağ” ordeni“Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun şəhadətindən 2 il ötür. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, müharibə əlilləri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər. 


Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan icra başçısı igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb. 


Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə hər birimizin fəxr etdiyi bildirilib. İllər ötsə belə Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Anar Nağıyevin də Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacağı qeyd olunub. Gələcək nəsillərin igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu Anar Nağıyev kimi igid Vətən oğullarından örnək götürdüyü vurğulanıb. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolunu gələcək nəsillərə, gənclərə tanıtmağın, xatirələrini əbədi tutmağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğu bildirilib. Söylənilib ki, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməli, Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Anar Nağıyevin əziz xatirəsi daim ehtiramla anılacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub.


Şəhid Anar Nağıyev 30 oktyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1996-cı ildə Samux rayon Alıuşağı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2000-ci ildə ailəsi ilə birlikdə Qazax rayonunun Ürkməzli kəndinə köçdüyünə görə təhsilini Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbdə davam etdirmiş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2008-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olmuşdur. Üç aydan sonra sənədlərini hazırlayıb çavuşluq kursunda oxumağa gedib. 21 yanvar 2010-cu ildən 10 aprel 2010-cu ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) minaatan komandiri kursunu bitirərək çavuş rütbəsi almış, "N" saylı hərbi hissədə xidmət etməyə başlamışdır. 2012-ci ilin yanvarında isə TTM-də 6 ay gizirlik kursunu keçmiş, gizir rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətini davam etdirmişdir. 


Anar Nağıyevin 13 illik yüksək hərbi xidməti Müdafiə Nazirliyi tərəfindən qiymətləndirilmiş, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları, həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı (26.06.2017), "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli (2019-cu il) medalları ilə təltif olunmuşdur.

“N” saylı hərbi hissənin hərbi qulluqçusu gizir Anar Nağıyev 8 noyabr 2020-ci ildə Qarabağın üzük qaşı olan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 17.11.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, üç azyaşlı – Röyal adlı oğul, Jasmin və Anarə adlı qız övladları yadigar qalıb.


İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, gizir Anar Nağıyevin də göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilən Anar daha sonra 5 medala da layiq görülmüşdür. Anar Nağıyev ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 noyabr 2020-ci il tarixli Əmrinə əsasən Azərbaycan Respublikasının “Şücaətə görə” medalına layiq görülmüşdür. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Qarabağ” ordenli şəhidimizin adı verilib.

GOYEZEN.AZ



Facebook-da paylaş