• Təqvim

  • Maraq



Qazaxda şəhid baş gizir Azər Məmmədovun bu gün qırx mərasimi olub


2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla ümumilikdə Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid oldu.

Qazaxın igid oğulları da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən  qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdilər. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldı. 

Oktyabrın 23-də qəhrəman şəhidlərimizin uğrunda canlarını fəda etdikləri torpağa tapşırıldıqları gündən qırx gün ötür. İgid Vətən oğulları hörmət və ehtiramla anılıblar.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri,  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının qərargah rəisi, general-mayor Aqşin Məhərrəmov, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin qərargah rəisi, general-mayor Vüsal Sultanov, Çevik Hərəkət briqadasının komandiri, polkovnik Nəsib Mirzəyev, Dövlət Sərhəd Xidməti "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri, polkovnik Bəhmən Babayev, şəhidimizin döyüş yoldaşları igid Vətən oğlunun ailəsini və məzarını ziyarət ediblər. 

Milli Məclisin deputatı Adil Əliyev, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, müharibə əlilləri də qəhrəman şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Qəhrəmanın ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyiblər.

Şanlı Azərbaycan Ordusu tərəfindən Vətən uğrunda canından keçən şəhidlərimizin qisaslarının alındığı və qanlarının yerdə qalmadığı bildirilib. Bu gün xalqımızın Azər Məmmədov kimi oğullarımızla fəxr etdiyi, qürur duyduğu bir daha dilə gətirilib. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımız, eləcə də düşmən təxribatının qarşısını alan Azər kimi qəhrəmanlarımızın heç vaxt unudulmayacağı qeyd olunub. Azər Məmmədovun 44 günlük Vətən müharibəsində olduğu kimi, senytabrın 12-13-də düşmən təxribatının qarşısını alarkən də əsl igidlik nümayiş etdirdiyi, şücaəti ilə qəhrəmanlıq dastanı yazdığı qeyd edilib. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyi vurğulanıb. 

“Təki Vətən sağ olsun!” söyləyən şəhid atası Mustafa Məmmədov övladı ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.


Məlumat üçün qeyd edək ki, Məmmədov Azər Mustafa oğlu 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Qazax rayon Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsillidir. 2011-ci ilin aprel ayından 2012-ci ilin oktyabr ayına qədər Lənkəran rayonunda Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ilin oktyabr ayından Xaçmaz rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində snayper bölməsində 2B qrupunda xidmətə başlamışdır. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mərdəkan qəsəbəsində Çevik Hərəkat Dəstəsində xidmətini baş gizir olaraq davam etdirib. 30.07.2022-ci il tarixdə ailə həyatı qurub. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Qubadlı-Zəngilan istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

GOYEZEN.AZ



Facebook-da paylaş