• Təqvim

  • Maraq



Millət vəkili Səməd Seyidov sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan baş leytenant Yunis Kazımovun, baş gizir Azər Məmmədovun və gizir Azad Kərimovun ailələri ilə görüşüb


2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla ümumilikdə Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid oldu. Qazaxın igid oğulları da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən  qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdilər. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar. 

Sentyabrın 27-də Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan baş leytenant Yunis Kazımovun, baş gizir Azər Məmmədovun  gizir Azad Kərimovun ata ocaqlarında olub, ailələrinə baş çəkiblər. Qəhrəman şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib. İcra başçısı düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan qüdrətli Azərbaycan Ordusunun şəhidlərimizin qisaslarını aldığını, igid Vətən oğullarının qanlarının yerdə qalmadığını bildirib. 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hər üç şəhidimizin bu döyüşdə də şücaətlə vuruşduqlarını, adlarını xalqımızın qəlbinə qızıl hərflərlə əbədi həkk etdiklərini söyləyib. Bu gün vətəndaş olaraq hər birimizin şəhidlərimizlə, qazilərimizlə qürur duyduğumuzu dilə gətirib. 

Millət vəkili Səməd Seyidov şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib. Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. S.Seyidov Yunisin, Azərin, Azadın təkcə Qazaxın, qazaxlıların övladı deyil, bütöv Azərbaycanın oğulları olduğunu, daim qəlblərdə yaşayacaqlarını, xatirələrinin hər zaman əziz tutulacağını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə göstərilən qayğının hər bir dövlət məmuru, eləcə də hər bir vətəndaş üçün örnək olduğunu söyləyib.

Övladları ilə hər zaman fəxr etdiklərini və bundan sonra da onlarla qürur duyacaqlarını söyləyən şəhid ataları, anaları Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Məlumat üçün qeyd edək ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə baş leytenant Kazımov Yunis Qasım oğlu “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı”, baş gizir Məmmədov Azər Mustafa oğlu “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı”, gizir Kərimov Azad Zakir oğlu “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

Baş leytenant Kazımov Yunis Qasım oğlunun ailəsini ziyarət

Baş gizir Məmmədov Azər Mustafa oğlunun ailəsini ziyarət


Gizir Kərimov Azad Zakir oğlunun ailəsini ziyarət


GOYEZEN.AZ



Facebook-da paylaş