• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda şəhid gizir Azad Kərimov doğulduğu Daş Salahlı kəndində torpağa tapşırılıb

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçusu, Qazax rayonunun Daş Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü, gizir Kərimov Azad Zakir oğlu şəhid olub.  

Sentyabrın 14-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – gizir Azad Kərimovun doğulduğu Qazax rayonunun Daş Salahlı kəndində dəfn mərasimi keçirilib. 

Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhidin döyüş yoldaşları, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri, minlərlə rayon sakini iştirak edib.

Daş Salahlı kənd Şəhidlər xiyabanına aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib. İcra başçısı düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan qüdrətli Azərbaycan Ordusunun şəhidlərimizin qisaslarını aldığını, igid Vətən oğullarının qanlarının yerdə qalmadığını bildirib. İcra başçısı Azad Kərimovun 44 günlük Vətən müharibəsində qəhrəmancasına iştirak etdiyini, eləcə də senytabrın 12-13-də düşmən təxribatının qarşısını alarkən də əsl igidlik nümayiş etdirdiyini, şücaəti ilə adını tarixə yazdığını qeyd edib. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamı ilə Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyini söyləyib. İcra başçısı qanları ilə dastan yazan şəhidlərimizin heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri bu gün vətəndaş olaraq hər birimizin 44 günlük Vətən müharibəsində tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandanla, hərbçilərimizlə, şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini bildirib. "Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə qayğı göstərirsə, şəhidlərimizin, onların ataları, anaları qarşısında baş əyirəm söyləyirsə, Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru, eləcə də hər bir vətəndaş üçün örnək olmalıdır”, - deyən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü vurğulayıb. 

Ruhuna dua oxunduqdan sonra şəhid gizir Kərimov Azad Zakir oğlunun nəşi yaylım atəşi altında uğrunda canını fəda etdiyi torpağa tapşırılıb. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atasına təqdim edilib. 

“Vətən sağ olsun!” söyləyən şəhid atası Zakir Kərimov övladı ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Məlumat üçün qeyd edək ki, Kərimov Azad Zakir oğlu 27 may 1994-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Kərimov Azad Zakir oğlu 2014-cü ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir kimi xidmətə başlamışdı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlıqları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. Ailəli idi, 2 övladı yadigar qalıb. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

GOYEZEN.AZ



Facebook-da paylaş