Qazaxda şəhid baş gizir Azər Məmmədov doğulduğu Kəmərli kəndində son mənzilə yola salındı
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, Qazax rayonunun Kəmərli kənd sakini, 1993-cü il təvəllüdlü, baş gizir Məmmədov Azər Mustafa oğlu da Şəhidlik zirvəsinə ucalıb.
Sentyabrın 14-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – baş gizir Azər Məmmədovun doğulduğu Qazax rayonunun Kəmərli kəndində dəfn mərasimi keçirilib.
Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının qərargah rəisi, general-mayor Aqşin Məhərrəmov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, şəhidin döyüş yoldaşları, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri, minlərlə rayon sakini iştirak edib.
Kəmərli kənd qəbiristanlığına aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib. İcra başçısı qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. Azərbaycan Ordusunun, hərbçilərimizin, xalqımızın Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək onun “İrəli!” əmrini hər an yerinə yetirməyə qadir olduqlarını qeyd edib. İcra başçısı Azər Məmmədovun 44 günlük Vətən müharibəsində olduğu kimi, senytabrın 12-13-də düşmən təxribatının qarşısını alarkən də əsl igidlik nümayiş etdirdiyini, şücaəti ilə qəhrəmanlıq dastanı yazdığını qeyd edib. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyini söyləyib. Bu gün Azər kimi oğullarımızla hər bir azərbaycanlının, qazaxlının fəxr etdiyini, qürur duyduğunu bildirib. Rayon rəhbəri vurğulayıb ki, bu gün vətəndaş olaraq hər birimiz 44 günlük Vətən müharibəsində tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımız, eləcə də ötən gün düşmən təxribatının qarşısını alan Azər kimi qəhrəmanlarımız heç vaxt unudulmayacaq. "Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə qayğı göstərirsə, şəhidlərimizin, onların ataları, anaları qarşısında baş əyirəm söyləyirsə, Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru, eləcə də hər bir vətəndaş üçün örnək olmalıdır”, - deyən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib. Bütün şəhidlərimizlə qürur duyduğumuzu bir daha dilə gətirib.
Dəfn mərasimində iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının qərargah rəisi, general-mayor Aqşin Məhərrəmov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin adından şəhidimizin ailəsinə, yaxınlarına başsağlığı verib, şəhidimizə Allahdan rəhmət diləyib. “Bu gün hər birimiz qürurluyuq. Ona görə ki, torpaqlarımız işğaldan azad olunub. Azər kimi igid oğulların sayəsində bu gün Azərbaycanın üçrəngli bayrağı ən yüksək zirvələrdə dalğalanır. Artıq 30 ilin həsrətinə son qoyulub. Başda Müzəffər Ali Baş Komandan olmaqla igid oğullarımız, şəhidlərimiz, qazilərimiz hərb tariximizdə qəhrəmanlıq dastanı yazdılar”, - deyən A.Məhərrəmov qəhrəman şəhidimizin qəlbimizdə əbədi yaşayacağını söyləyib.
Ruhuna dua oxunduqdan sonra şəhid baş gizir Məmmədov Azər Mustafa oğlunun nəşi yaylım atəşi altında uğrunda canından keçdiyi torpağa tapşırılıb. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atasına təqdim edilib.
“Vətən sağ olsun!” söyləyən şəhid atası Mustafa Məmmədov övladı ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Məlumat üçün qeyd edək ki, Məmmədov Azər Mustafa oğlu 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Qazax rayon Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsillidir. 2011-ci ilin aprel ayından 2012-ci ilin oktyabr ayına qədər Lənkəran rayonunda Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ilin oktyabr ayından Xaçmaz rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində snayper bölməsində 2B qrupunda xidmətə başlamışdır. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mərdəkan qəsəbəsində Çevik Hərəkat Dəstəsində xidmətini baş gizir olaraq davam etdirib. 30.07.2022-ci il tarixdə ailə həyatı qurub. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Qubadlı-Zəngilan istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş