Qazaxda icra başçısı tərəfindən keçirilən növbəti səyyar görüş Nəriman Nərimanov yaşayış massivi 1,2,3 və 49 saylı binalarda yaşayan sakinlərlə olub
Bu gün əminliklə qeyd edə bilərik ki, cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Bunu ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də deməyə əsas verir.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından şəhər və kəndlərdə yenidən keçirilən səyyar qəbullar da bu məqsədə xidmət edir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü şəhərin Nəriman Nərimanov yaşayış massivi 1,2,3 və 49 saylı binalarda yaşayan sakinlərlə keçirilib.
Sentyabrın 8-də 49 saylı binanın həyətində rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, bina sakinlərinin iştirakı ilə keçirilən görüşdə respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Pandemiyadan sonra ilk dəfə olaraq keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.
Son illər şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışan icra başçısı ən böyük layihələrdən olan şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasını qeyd edib. Həmçinin, su-kanalizasiya sisteminin çəkilişindən sonra bütün küçələrdə, eləcə də şəhərdə yerləşən çoxmənzilli yaşayış binalarında abadlıq işlərinin aparıldığını bildirib. Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3 və 49 saylı binalarda aparılan abadlıq işlərini vurğulayıb. Hər dörd binanın dam örtüyünün, fasad və bloklarının əsaslı təmir olunduğunu, 2,3,49 saylı binanın həyətlərinə yeni asfalt örtüyü vurulduğunu bildirib. Bundan əlavə, binanın həyətində xeyir-şər evinin tikildiyini söyləyib.
Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Şəhərdə bir sıra küçələrin, o cümlədən də N.Nərimanov yaşayış massivində yerləşən bütün çoxmənzilli binaların həyətlərinə, ara yollara asfalt örtüyünün vurulmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı sayəsində "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına uyğun olaraq son illər Qazaxda 11 məktəb binasının əsaslı təmir və ya tikintisinin aparıldığını qeyd edib. Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin əsaslı təmirinin də nəzərdə tutulduğunu söyləyib. Təhsil sahəsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsi kimi ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib.
İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin müasir tələblərə cavab verən səviyyədə olduğunu, təmirli bağçalardan altısının şəhərdə yerləşdiyni vurğulayıb.
İcra başçısı şəhərdə və kəndlərdə vətəndaşların optik internet xətti ilə təmin olunmasının nəzərdə tutulduğunu, ilkin olaraq Alpout, Abbasbəyli və Fərəhli kəndlərində istifadəyə veriləcəyini bildirib. Rayon rəhbəri şəhərdə SİP kabelləşmənin də tam başa çatdırılacağını qeyd edib.
İcra başçısı 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən də danışıb. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən yaşadıqları binalarda görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Abdullayev Yaşar Nazar oğlunun N.Nərimanov yaşayış massivində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərinə asfalt örtüyünün vurulması, Mehdiyeva Tovuz Qələndər qızının yaşadığı evə telefon xəttinin çəkilməsi, Abdullayeva Nəzifə Alməhəmməd qızının yaşadığı Aqil Musayev küçəsinin işıqlandırılması, Bayramova Vüsalə Sahib qızının işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş