• Təqvim

  • Unutma

  • Maraq



Şəhid Elfak Daşdəmirovun xatirəsi məzunu olduğu Aqrar Universitetdə anılıb - VİDEO


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil müəssisəsinin məzunu şəhid Daşdəmirov Elfak Eltun oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları universitetin tələbə parkında şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Sonra 2 saylı Tələbə evində keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.


 

Anım tədbirində ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, şəhidin ailə üzvləri, müəllimləri, döyüş yoldaşları, tələbələr və EGE Universitetinin bir qrup professor-müəllimi iştirak edib.


İbrahim Cəfərov çıxışında bildirib ki, Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə, Azərbaycan xalqının özünəinamını qaytardı, xalqın öz liderinə, onun gücünə ehtiramını daha da möhkəmləndirdi. Rektor bu Qələbə sevincini bizə yaşadan şəhidlərə, o cümlədən şəhid Elfak Daşdəmirova Allahdan rəhmət diləyərək valideynlərinə səbir arzulayıb. Şəhidin ad gününün təhsil aldığı universitetdə qeyd olunmasını, əziz xatirəsinin anılmasını isə Elfakın simasında bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu diqqətə çatdırıb.
Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk iki qardaş ölkə arasındakı münasibətlərdən söhbət açıb. Konsul Türkiyənin daim haqlı davasında Azərbaycanın yanında olduğunu deyib. Şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyən diplomat şəhid Elfak Daşdəmirov kimi övladları olan Vətənin heç vaxt məğlub olmayacağını deyib.
Sonra şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Şəhidin döyüş yoldaşları, tələbə yoldaşları və müəllimləri çıxış edərək onun haqqında xatirə və təəssüratlarını bölüşüblər.


Şəhidin atası Eltun Daşdəmirov çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Bildirilib ki, Elfak Eltun oğlu Daşdəmirov 1996-cı il aprelin 26-da Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2002-2011-ci illərdə K.Kərimov adına Fərəhli kənd orta məktəbində, 2011-2013-cü illərdə isə Qazax şəhərində S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə ali təhsilə yiyələnib.
Elfak Daşdəmirov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Qazax rayonunda dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonda şəhidin xatirəsinə həsr olunan şeirlər və mahnılar səsləndirilib.









 

 

Elcan MƏMMƏDOV, 

AZƏRTAC



Facebook-da paylaş