• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı əsaslı təmir edilən Qazax Müəllimlər Seminariyasında görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olub


Əvvəlki yazılarımızda da vurğuladığımız kimi, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə Niyyət sazişi imzalanıb. Sənədi Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, "NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar. Sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan ediblər.

Bu gün qürurla söyləyə bilərik ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri burada yazılacaq. Bu, hər bir qazaxlı üçün qürurvericidir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur.

 

Aprelin 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Natiq Əhmədov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov, Qazax Elektrik Şəbəkəsinin rəisi Bəhruz Tağızadə və Şəmkir  Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin rəisi əvəzi Səbuhi Əliyevlə birlikdə Qazax Müəllimlər Seminariyası üçün su, elektrik və qaz xətlərinin çəkilişi ilə bağlı görülməsi nəzərdə tutulan işləri müzakirə edib.

Daha sonra rayon rəhbərliyi aidiyyəti şəxslərlə birlikdə Qazax Müəllimlər Seminariyasında olub, aparılan işlərin mövcud vəziyyəti ilə maraqlanıb, sözügedən xidmət sahələri üzrə nəzərdə tutulan işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Seminariyanın tikinti sahəsinin rəisi Muxtar Həmidov  bərpa işlərinin rəhbəri Pərviz Mehrəliyev rayon rəhbərinə  görülmüş işlər barədə ətraflı məlumat verərək bütün işlərin sürətlə davam etdirildiyini qeyd ediblər.



 

GOYEZEN.AZ



Facebook-da paylaş