İcra başçısı və ADA Universitetinin əməkdaşları əsaslı təmir edilən Qazax Müəllimlər Seminariyasında görülmüş işlərlə tanış olublar
Ötən
yazılarımızda da qeyd etdiyimiz kimi, ADA Universitetinin "Bir müəllimin
manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası
əsaslı şəkildə təmir olunur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli
təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında
keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax
Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək
məqsədilə Niyyət sazişi imzalanıb. Sənədi Heydər Əliyev Fondunun "Regional
İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, "NEQSOL Holding”in baş
direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və ADA
Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar. Sazişi imzalamaqla
tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının
bərpasını öz üzərlərinə götürdüklərini bəyan ediblər. Bu gün fəxrlə
qeyd edə bilərik ki, ADA Universitetinin "Bir müəllimin manifesti”
təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının
binasını bərpa etməsi onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy
Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu
Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və
Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Burada illər öncə
yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri
toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin
növbəti səhifələri burada yazılacaq. Bu, hər bir qazaxlı üçün
qürurvericidir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru,
səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq
ifadə olunur. Aprelin 4-də Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd və digər aidiyyəti
şəxslərlə birlikdə Qazax Müəllimlər Seminariyasında olub, binanın
təmiri ilə bağlı görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıblar. Rayon rəhbərinə və qonaqlaraSeminariya binasında aparılan işlər barədə ətraflı məlumat
verilərək bütün işlərin sürətlə davam etdirildiyi bildirilib. Sonra rayon rəhbərliyi vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər
Seminariyasına bağışlayan Qazax rayon Kosalar kənd sakini Məşədi
İbrahim Hacı İsmayıl oğlunun yaşadığı evdə aparılan təmir işləri ilə tanış
olublar.
GOYEZEN.AZ
Facebook-da paylaş