• Təqvim

  • Unutma

  • Maraq



Millət vəkili Səməd Seyidov “Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı təmir edilən Qazax Müəllimlər Seminariyasında görülmüş işlərlə tanış olub


Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı təmir olunur. Məlumat üçün onu da qeyd edək ki, ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə Niyyət sazişi imzalanıb. Sənədi Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, "NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar. Sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan ediblər.


Yanvarın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovköməkçisi Akif Əmirovla birlikdə Qazax Müəllimlər Seminariyasında olub, binanın təmiri ilə bağlı görülmüş işlərlə yaxından maraqlanıb.


Tikinti sahəsinin rəisi Muxtar Həmidov Seminariya binasında aparılan işlər barədə ətraflı məlumat verərək bütün işlərin sürətlə davam etdirildiyini bildirib.

ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri burada yazılacaq. Bu, hər bir qazaxlı üçün qürurvericidir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur.














 

GOYEZEN.AZ



Facebook-da paylaş