• Təqvim

  • Unutma

  • Maraq



"Bir müəllimin manifesti” layihəsi çərçivəsində Vaşinqtondan xoş təəssüratlarla qayıtmış Söylü Xəlilova icra başçısı ilə görüşüb


Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə təmir olunur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə Niyyət sazişi imzalanıb. Sənədi Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, "NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar. Sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan ediblər.

Bu gün fəxrlə qeyd edə bilərik ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri burada yazılacaq.

Ötən ilin oktyabr ayının 1-dən fəaliyyətinə start verilən "Bir müəllimin manifesti” adlı təhsil proqramı, əslində, rektor Hafiz Paşayevin təşəbbüsü ilə yenidən bərpa olunan, təhsil tariximizin başlanğıc nöqtəsi sayılan Qazax Müəllimlər Seminariyasının 100 ildən sonra tərtib edilən ilk proqramıdır. Bu təşəbbüs yalnız Qazax Müəllimlər Seminariyasının bərpası deyil, həmçinin milli tariximizin və irsimizin bərpası yolunda atılan nümunəvi addımların davamıdır.

Qazaxdan başlanan "Bir müəllimin manifesti” layihəsində iştirak edən ziyalılarımızdan bri də Qazax Rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilovadır.

"Ən yaxşı müəllim” müsabiqəsinin iki dəfə qalibi olmuş (2010, 2015), 2015-ci ildə ölkə Prezidenti tərəfindən "Tərəqqi” medalı, 2016-cı ildə Fransanın ölkəmizdəki səfirliyi tərəfindən "Akademik Palma” ordeni ilə təltif olunmuş Söylü müəllim "Bir müəllimin manifesti” layihəsi çərçivəsində ABŞ-ın Vaşinqton şəhərində həyata keçirilən proqrama qatılan ilk iştirakçılardandır.

Aprelin 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu günlərdə Vaşinqtondan qayıtmış Söylü Xəlilova ilə görüşüb, təəssüratlarını öyrənib.

Səfər və layihə barədə fikirlərini bölüşən S.Xəlilova bildirib ki:

- "Qazaxdan başlanan "Bir müəllimin manifesti” proqramnına qonaq qismində dəvət olunmağım ABŞ-ın Vaşinqton şəhərində 2 aylıq ixtisasartırma proqramında iştirakımla nəticələndi. Necə deyərlər həyat planlaşdırdıqların deyil, başına gələnlərdir. ADA Universitetinin reallaşdırdığı layihənin iştirakçısı olmaq başıma gələn ən yaddaqalan hadisələrdən oldu. Mənim üçün sevindirici haldır ki, Vaşinqtonda reallaşan proqramda 1-ci qrup üzrə iştirak edən 16 nəfər iştirakçıdan biri mən oldum. ABŞ təhsil sistemində olan yenilikləri öyrənmək, spikerlərlə olan görüşlər, seminarlar, konfranslar, muzey və görməli yerlərə olan səyahətlər həyatıma xüsusi rəng qatdı. Bu günə kimi təhsil sistemində əldə etdiyim nailiyyətlərə daha bir üstünlüklər qazandırdı. Qrup olaraq Qazax, Şəki, Ağdam və Bakı müəllimlərinin işlədiyi "Excellence teacher” (Selfdiscover) "Özünü kəşf et” layihəsi "Oskar” prizinə layiq görüldü. Bu günə kimi Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bir çox qrant layihələrin qalibi olmuşam. Bir çox Sertifikatlara layiq görülmüşəm. Vaşinqtonda qatıldığım ADA Universitetinin Qazaxdan başlanan "Bir müəllimin manifesti” ixtisasartırma proqramında əldə etdiyim Sertifikat və qrupumuzun qazandığı "Oskar” prizi isə mənim üçün ən dəyərlisidir. Ən əsası isə "Bir müəllimin manifesti” layihəsi, layihə əsasında reallaşan bu proqram ADA Universitetinin təhsil sahəsindəki qabaqcıl təcrübəsini, xüsusilə də Vaşinqton təcrübəsini region müəllimlərinin və məktəb direktorlarının məktəblərinə daşımaları üçün böyük imkan yaratdı. Bu layihədə iştirakıma və biz müəllimlərə, ziyalılara yaradılan imkana görə ADA Universitetinin rektoru Hafiz PaşayevəADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmmədə, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdala və ADA komandasına minnətdarlığımı bildirirəm”. 

Rayon rəhbəri ilə olan bugünkü görüşü, ona göstərilən qayğını özünün timsalında bütün təhsil işçilərinə olan qayğının əyani göstəricisi kimi qiymətləndirən S.Xəlilova təşəkkürünü çatdırıb.




 

GOYEZEN.AZ



Facebook-da paylaş