Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması
Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan
mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa
məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə
uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı
üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb
fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan
Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır.
İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik
ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana
məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii
boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz
ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin
inkişafına güclü təsir göstərmişdir. Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət
mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə
bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin
heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü
ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək
buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən
güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı
Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına
qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin
təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə
qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şairə və xeyriyyəçi
Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara
alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,
Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu
Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 mart 2022-ci il
Facebook-da paylaş