• Təqvim

  • Maraq



Qarapapaq kəndində səyyar görüş keçirilib


Bu gün əminliklə qeyd edə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, dövlət hər zaman vətəndaş məmnunluğunu əsas götürür. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən respublikamızın şəhər və rayonlarında sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır.

2 ildən artıqdır ki, məlum koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbindən şəhər və kəndlərdə keçirilən səyyar görüşlər dayandırılmışdı. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən səyyar görüşlərin keçirilməsi yenidən bərpa edilib.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da daim diqqətdə saxlanılır. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbullarına start verilib.

Uzun fasilədən sonra keçirilən növbəti səyyar görüş martın 10-da rayonun Qarapapaq kəndində olub. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən səyyar görüşdə ölkə başçısı tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışılıb. 2021-ci ildə respublikamızda, eləcə də rayonda qazanılan uğur və nailiyyətlərə nəzər yetirilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb.

İcra başçısı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında respublikamızda koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində görülən işlərin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Məhz bu tədbirlər sayəsində əldə olunmuş nailiyyətlərə görə bu gün ölkəmizdə Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalma tədbirləri barədə qərar qəbul edildiyini söyləyib.

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən haqq savaşında qazandığımız tarixi Qələbədən söz açan icra başçısı bu qələbəni, qəhrəman xalq adını bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunduğunu söyləyib.

Son illər rayonda, eləcə də kəndlərdə aparılan genişmiqyaslı abadlıq işlərindən söz açan rayon rəhbəri Qarapapaq kəndinin də həmin kəndlər sırasında olduğunu söyləyib.  İcra başçısı bildirib ki, son illər Qazaxda daim diqqət ayrılan sahələrdən biri uşaqlara göstərilən qayğıdır. Həmin qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Qarapapaq kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə çatdırıb.


İcra başçısı son illər rayonda təhsil sahəsinə göstərilən dövlət qayğısından da söz açıb. Ölkə Prezidenti tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunmasını həmin qayğının davamı kimi qeyd edib. İcra başçısı bildirib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə minnətdarlığını bildirib.

Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, şəhərə yaxın yerləşən Ağköynək Qarapapaq kəndlərinin də su-kanalizasiya xəttinin çəkilməsinin layihəyə salındığını qeyd edib.

Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun  kəndlərinə yeni asfalt yolların çəkilməsinin bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında Ağköynək və Qarapapaq kəndlərində də avtomobil yolunun əsaslı təmir olunmasının öz əksini tapdığını vurğulayıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Qarapapaq kəndində də SİP kabelləşmə işinin tam başa çatdırılacağını, eləcə də rabitə xəttinin yenilənəcəyini, internet xəttinin çəkiləcəyini və işlərə start verildiyini bildirib.

Əvvəlki illərdə olduğu kimi, rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2022-ci ildə də davam etdiriləcəyini söyləyib.


Daha sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Qarapapaq kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu, sosial problemlərin müsbət həllini tapmasını yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Rasim Yaqubovun kənd qəbiristanlığına gedən yolun asfaltlanması, Vətən müharibəsi şəhidi leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibovun həyətyanı suvarma suyunun bərpası, şəhid anası Xataya Yaqubovanın kənddə yerləşən bulağa şəhid oğlunun adının verilməsi, Ülviyyə Yaqubovanın evinə su-kanalizasiya xəttinin çəkilməsi, özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin olunması, İlham Cabbarovun evinə su-kanalizasiya xəttinin çəkilməsi, Dürdanə Mustafayeva və Nadir Hüseynovun ötürücü suvarma su borusunun təmiri və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.





GOYEZEN.AZ



Facebook-da paylaş