• Təqvim

  • Maraq



İcra başçısı Qarapapaq kəndində vətəndaşların müraciətinə yerində baxıb


Son illər ölkəmizdə vətəndaş amili hər zaman ön planda dayanır. Bunu ölkə Prezidenti cənab İlham Əliyev çıxışları zamanı dəfələrlə səsləndirir. İcra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında söylədiyi fikirlər, onlara daim xalqın içində olmaları haqda verdiyi tapşırıq və tövsiyələr də bir daha sübut edir. Ölkə rəhbərinin icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıqlar onu göstərir ki, dövlət hər zaman öz vətəndaşını düşünür.

Dövlət başçısının vətəndaşlarla bağlı mövqeyi son illər Qazaxda da öz real əksini tapır. Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini əldə rəhbər tutan Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bunu sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğısı ilə dəfələrlə sübut edib. Şəhər və kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi vətəndaşlara olan qayğının əyani sübutudur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatına yaşadıqları əraziyə su və kanalizasiya xəttinin çəkilməsinə köməklik olunması barədə müraciət etmiş bir qrup Qarapapaq kənd sakininin istəyinə əsasən həmin kənddə olub, sakinlərin müraciətlərinə yerində baxış keçirib.


"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərovun, Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin rəhbəri Sədi Namazovun iştirakı ilə keçirilən baxış zamanı icra başçısı su-kanalizasiya xəttinin çəkilişi üzrə hazırlanmış layihədə qeyd olunan ərazinin də nəzərə alınması barədə aidiyyatı təşkilat qarşısında məsələ qaldırıldığını və müsbət həll olunduğunu bildirib. Rayon rəhbəri 70-dən artıq ailənin yaşadığı həmin əraziyə də su və kanalizasiya sisteminin çəkiləcəyini qeyd edib.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərov yaxın günlərdə həmin ərazidə çəkilişlərə başlanılacağını vurğulayıb.

Sakinlər onlara göstərilən dövlət qayğısına, qaldırdıqları məsələnin müsbət həllini tapmasına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



GOYEZEN.AZ



Facebook-da paylaş