İcra başçısı vətəndaşların müraciətini yerində araşdırıb
Bu gün tam əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanda vətəndaş amili hər zaman ön planda dayanır. Həyata keçirilən bütün işlərdə vətəndaş mövqeyi üstün tutulur. Atılan uğurlu addımlar sübut edir ki, dövlət həmişə öz vətəndaşının yanındadır. Cənab Prezident İlham Əliyevin çıxışları zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də bunun bariz nümunəsidir. Bu, eyni zamanda hər bir dövlət məmurunun üzərinə böyük məsuliyyət hissi qoyur.
Ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da olduğu kimi icra olunur. Vətəndaş-məmur münasibəti demək olar ki, rayon rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edir. Bunu icra başçısının sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğısı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi də əyani şəkildə sübut edir. Vətəndaşlara olan diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba həssaslıqla yanaşılacağını yaxşı bilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aşağı Salahlı və Xanlıqlar kəndlərində yaşayan bir qrup vətəndaşın müraciətini yerində araşdırıb.
Aşağı Salahlı kənd sakinləri Mirzə Nuruyevin, İsmayıl İsmayılovun, Murad Salmanovun, Sahil Salmanovun, Ziyaddın İsmayılovun örüş sahəsi ilə bağlı müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri qaldırdıqları məsələnin araşdırılacağını bildirib və aidiyyatı üzrə tapşırıq verib.
Xanlıqlar kəndi Səməd Vurğun küçəsində yaşayan sakinlərdən Hümbət Həsənov, Rəfael Abbasov, Orxan Əliyev, İslam Məmmədov, Firuddin İbrahimov və başqaları tullantı sularının qonşunun həyətyanı torpaq sahəsindən aparılması üçün boru xəttinin çəkilməsinə köməklik olunmasını istəyiblər. Vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirən icra başçısı onların istəklərini dinləyib və qeyd olunan məsələdə köməklik ediləcəyini bildirib.
Kənd sakinləri onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Bu gün onların istəyini nəzərə alıb qaldırdıqları məsələlərin həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar.
Aşağı Salahlı kəndi
Xanlıqlar kəndi
GOYEZEN.AZ
Facebook-da paylaş