İcra başçısı Kosalar kənd sakini Məşədi İbrahimin yaşadığı evdə aparılan təmir işləri ilə tanış olub
Bu gün hər kəsə yaxşı məlumdur ki, ADA Universitetinin
"Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər
Seminariyasının tarixi binası əsaslı təmir olunur. Ötən il oktyabrın 1-də ADA
Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab etdiyimiz
Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və
tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma
işlərini birgə həyata keçirmək məqsədilə imzaladığı Niyyət sazişi Qazax
təhsilinə verilən yüksək qiymətin göstəricisi oldu. Heydər Əliyev Fondunun
"Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev,
"NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev sözügedən
sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq
üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan etdilər. ADA Universitetinin "Bir müəllimin manifesti”
təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının
binasını bərpa etməsi nəinki onun yenidən istifadəsini mümkün edəcək, eləcə də
milli təhsilimizin inkişafına böyük töhfə olacaq. Firudin bəy Köçərlinin
misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya
binasının bərpası eyni zamanda Azərbaycanda maarifçilik irsimizin və
Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Bu, illər öncə
yandırılan elm işığının daha gur yanması, ətrafına yeni nəsil maarifçiləri
toplaması deməkdir. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil
tariximizin növbəti səhifələri burada yazılacaq. Bu, hər bir qazaxlı üçün
qürurvericidir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru,
səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq
ifadə olunur.
Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, vaxtilə
özünün 17 otaqlı mülkünü Qazax
Müəllimlər Seminariyasına bağışlayan Qazax rayon Kosalar kənd sakini Məşədi
İbrahim Hacı İsmayıl oğlunun yaşadığı ev də təmir olunur. Məşədi
İbrahimin yaşadığı mülkün təmir olunması da təhsilimizin, elmin inkişafına
dəstək olan insanlara verilən qiymət və dəyərdir. Bu
nümunəvi addım Məşədi İbrahimin timsalında təhsilin inkişaf etməsində əməyi
keçən xeyriyyəçi insanlara olan hörmət və ehtiramın göstəricisidir. Fevralın 25-də Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə
birlikdə Kosalar kəndində olub, təmir olunan mülkdə görülən işlərlə maraqlanıb. Rayon rəhbərliyinə hörgü işlərinin aparıldığı bildirilib.
Görülmüş işlərlə tanış olan rayon rəhbəri aidiyyəti üzrə müvafiq tapşırıqlarını
verib. Məşədi
İbrahimin nəvəsi Şahbəddin Hacıyev babasının yaşadığı mülkün təmir olunmasına
görə razılığını bildirib. Təhsilimizin, elmin inkişafına dəstək olan insanlara
verilən qiymətə, dəyərə, xüsusilə də babasının yaşadığı mülkün bərpa olunmasına
görə öz adından, ailəsi və yaxınları adından minnətdarlıq edib. Bu nümunəvi
addımı babası Məşədi İbrahimin timsalında təhsilin inkişaf etməsində əməyi keçən
xeyriyyəçi insanlara olan hörmət və ehtiramın göstəricisi kimi qeyd edib.
GOYEZEN.AZ
Facebook-da paylaş