Vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlayan Kosalar kənd sakini Məşədi İbrahimin yaşadığı ev təmir olunacaq
Əvvəlki yazılarımızda da xəbər verdiyimiz kimi, ADA
Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax
Müəllimlər Seminariyasının tarixi binası əsaslı təmir olunur. Ötən il oktyabrın
1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab
olunan Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və
tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma
işlərini birgə həyata keçirmək məqsədilə imzaladığı Niyyət sazişi Qazax
təhsilinə verilən yüksək qiymətin daha bir bariz nümunəsi oldu. Heydər Əliyev
Fondunun "Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev,
"NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev sazişi
imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun
binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan etdilər. ADA Universitetinin "Bir müəllimin manifesti”
təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının
binasını bərpa etməsi onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy
Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu
Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və
Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Burada illər öncə
yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri
toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin
növbəti səhifələri burada yazılacaq. Bu, hər bir qazaxlı üçün qürurvericidir. Bu
nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və
əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur.
Bu gün
daha bir sevindirici haldır ki, vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər
Seminariyasına bağışlayan
Qazax rayon Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun yaşadığı ev
də təmir olunacaq. Yanvarın 26-da Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının
məsul şəxsləri, ADA Universitetinin əməkdaşı Eldar Seyidovla birlikdə Kosalar kəndində olub, təmir olunacaq mülkdə
görüləcək işlərlə maraqlanıb. Təmir işlərinə start verildiyi, ilkin olaraq
söküntü işlərinin aparıldığı bildirilib. Məşədi
İbrahimin nəvəsi Şahbəddin Hacıyev babasının yaşadığı mülkün təmir olunmasına
görə razılığını bildirib. Təhsilimizin, elmin inkişafına dəstək olan insanlara verilən
qiymətə, dəyərə, xüsusilə də babasının yaşadığı mülkün bərpa olunmasına görə öz
adından və ailəsi adından minnətdarlıq edib. Bu nümunəvi addımı babası Məşədi
İbrahimin timsalında təhsilin inkişaf etməsində əməyi keçən xeyriyyəçi insanlara
olan hörmət və ehtiramın göstəricisi kimi qeyd edib. Daha sonra rayon rəhbərliyi Kosalar
kənd 1 saylı Körpələr Evi-Uşaq bağçasında körpələr
üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq
təminatının mövcud vəziyyəti və keyfiyyəti ilə tanış olublar.
GOYEZEN.AZ
Facebook-da paylaş