• Təqvim

  • Unutma

  • Maraq



Vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlayan Kosalar kənd sakini Məşədi İbrahimin yaşadığı ev təmir olunur


Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı təmir olunur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab etdiyimiz Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzaladığı Niyyət sazişi Qazax təhsilinə verilən yüksək qiymətin göstəricisi oldu. Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, "NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev sözügedən sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan etdilər.


ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi nəinki onun yenidən istifadəsini mümkün edəcək, eləcə də milli təhsilimizin inkişafına böyük töhfə olacaq. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası eyni zamanda Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Bu, illər öncə yandırılan elm işığının daha gur yanması, ətrafına yeni nəsil maarifçiləri toplaması deməkdir. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri burada yazılacaq. Bu, hər bir qazaxlı üçün qürurvericidir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur. 

Bu gün daha bir təqdirəlayiq hal isə odur ki, vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlayan Qazax rayon Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun yaşadığı ev də təmir olunur. Məşədi İbrahimin yaşadığı mülkün təmir olunması da təhsilimizin, elmin inkişafına dəstək olan insanlara verilən qiymət və dəyərdir. Bu nümunəvi addım Məşədi İbrahimin timsalında təhsilin inkişaf etməsində əməyi keçən xeyriyyəçi insanlara olan hörmət və ehtiramın göstəricisidir.


Fevralın 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Kosalar kəndində olub, təmir olunan mülkdə görülən işlərlə maraqlanıb.

Rayon rəhbərliyinə söküntü işlərinin başa çatdırıldığı və təmirə start verildiyi bildirilib. Görülmüş işlərlə tanış olan rayon rəhbəri aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.








GOYEZEN.AZ



Facebook-da paylaş