• Təqvim

  • Maraq



Qazax: sürətli inkişaf təmin olunmuşdur

Qazax: sürətli inkişaf təmin olunmuşdur
Qazax rayon İcra Hakimiyyətinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov açaraq bildirmişdir ki, iyul ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı cari ilin ilk altı ayı ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.
2017-ci ilin birinci yarısı Qazax rayonu üçün də uğurlu olmuşdur. Rayon üzrə 2017-ci ilin yerli gəlir və xərclərinin proqnozu 9073000 manat məbləğində müəyyənləşdirilmişdir. 2017-ci ilin birinci yarısında yerli daxilolmalar 3832435 manat proqnoza qarşı 4289209 manat və ya 111,92 faiz yerinə yetirilərək büdcəyə 456774 manat artıq vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 1236817 manat və ya 40,52 faiz çox vəsait daxil olmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi üçün 2017-ci ilin 6 ayında 18431300 manat vəsait köçürülmüşdür. 2017-ci ilin birinci yarısında 1383 ailənin 4368 üzvünə 211600 manat ünvanlı sosial yardım, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 2358 nəfər müharibə veteranına 707400 manat müavinət, 3560 nəfərə 1791800 manat sosial müavinət ödənilmişdir.
Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində müəyyən işlər görülmüşdür. Hava xətlərində 66,71 km uzunluğunda cari təmir işləri aparılmış, 1.092 ədəd izalyator dəyişdirilmişdir. Pul yığımı yerli əhali sektorunda 1281400 manat, sərfiyyat dəyəri isə 1350000 manat, yığım faizi 94,9 faiz olmuşdur. Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. 450 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə, 126 ədəd mexaniki qaz sayğacı Smart tipli sayğaclarla əvəz olunmuşdur.
Qazax Su-Kanal idarəsi tərəfindən 2017-ci ilin 6 ayı ərzində 6114 əhali və 246 qeyri-əhali abonentlərə xidmət göstərilmiş və 249172 manat vəsait toplanmışdır. Bu isə satışın 95,5 faizini təşkil edir.
2017-ci ilin birinci yarısı ərzində Qazax Kommunal Müəssisələri Kombinatı üzrə 217039 manat vəsait daxil olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 83433 manat çoxdur.
2017-ci ilin may ayının 15-də Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında əmakdaşlıq sazişi imzalanmışdır. 21 iyun tarixində Trakay rayon bələdiyyəsinin meri Edita Rudeliene və nümayəndə Rudelis Henrikas Qazax rayonuna səfər etmişlər. Səfər zamanı qonaqlar Qazaxın tarixi, mədəniyyəti, tarixi abidələri, görməli yerləri ilə tanış olublar.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 7 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
2017-ci ilin may ayında Qazax rayon müəllimləri Diaqnostik qiymətləndirmədə iştirak etmişlər. Qiymətləndirmədə 1392 nəfər müxtəlif fənn müəllimləri iştirak etmişdir. 1029 müəllim 30 baldan, yəni 50 faizdən yuxarı bal toplamışdır. Rayonda tədrisin keyfiyyətinin artırılması məqsədilə rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə rayon təhsil şöbəsi tərəfindən ayrı-ayrı fənlər üzrə 9 nəfər fənn müəllimləri və RTŞ-nın məsul işçilərindən ibarət işçi qrupu yaradılmışdır. 2016-2017-ci tədris ilində rayon üzrə 770 nəfər məzundan 316 nəfər keçid balını keçmişdir ki, bunlardan da 13 nəfər 600-dən, 43 nəfər 500-dən yuxarı bal toplamışlar. Qazax şəhərində 2, 3, 4 və 6 saylı körpələr evi-uşaq bağçaları istilik sistemi ilə təchiz olunmuşdur. Bağçalar "Ərzaq Məhsullarının Təchizatı və Təminatı” ASC tərəfindən ayda iki dəfə vaxtlı-vaxtında ərzaqla təmin olunurlar və buna rayon icra hakimiyyəti tərəfindən daim nəzarət olunur.
Qazax rayon Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili Yardım stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Ruhi xəstəxana, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci yarımildə 7 yeni müəssisə yaradılmış, 1121-i daimi olmaqla 1162 yeni iş yeri açılmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07 aprel 2016-cı il tarixli Əhalinin özünüməşğulluğunun təmin edilməsi ilə bağlı sərəncamının icrası ilə əlaqədar rayonumuzda 14 ailə özünüməşğulluq lahiyəsinə cəlb edilmiş, 11 ailə mal-materiallarla təmin olunmuşdur.
Rayonda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi 2017-ci ilin birinci yarısında da davam etdirilmişdir. Qazax şəhərinin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında yenidənqurma işləri aparılmış, fəvvarə kompleksləri yenidən qurulmuş, parkın ərazisinə tamet döşənmiş, bardürlar düzülmüş, yeni işıqlandırma sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş və qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir.
Bakı Dövlət Universitetinin Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə 6,0 hektar torpaq sahəsi filialın istifadəsinə verilmişdir.
2017-cı ilin birinci yarısı ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur. 2017-ci ilin məhsulu üçün 2750,6 hektar arpa, 8277,7 hektar buğda olmaqla cəmi 11028,6 hektar taxıl becərilmişdir. 2017-ci ildə cəmi 36469 ton məhsul əldə olunmuşdur ki, bunun da 29840 tonu buğda, 6629 tonu isə arpadır. Bir hektar sahədən 33,03 sentner buğda, 24,10 sentner arpa götürülmüşdür. Keçən illə müqayisədə cəmi taxıl əkini 3219,8 hektar, götürülmüş məhsul isə 12660,8 ton çox olmuşdur. Taxıl sahələrinin biçini üçün 55 ədəd kombayn cəlb olunmuşdur. 2017-ci ildə 809 hektar kartof, 523,31 hektar şəkər çuğunduru, 504 hektar qarğıdalı, 34 hektar vələmir, 52,5 hektar günəbaxan, 483,3 hektar tərəvəz, 85,92 hektar süpürgə, 630,5 hektar yonca, 5,6 hektar darı, 52 hektar paxlalılar, 50 hektar tütün, 31,4 hektar bostan bitkiləri əkilmişdir və becərmə işləri davam etdirilir. 2017-ci ilin yazında 50,5 hektar yeni fındıq bağı salınmış, rayonun Ağköynək kəndində 1 hektar ərazidə tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksinin tikintisi başa çatmışdır. Bu il rayonda 4623 kq barama istehsal edilmişdir, bu isə keçən ildən 3123 kq və ya 3,1 dəfə çoxdur.
2017-ci ilin ilk 6 ayı ərzində Qazax rayon İcra Hakimiyyəti başçısının aparatında keçirdiyi qəbullar zamanı 1127 nəfər vətəndaş müxtəlif məsələlər üzrə müraciət etmişdir. Müraciətlərdən 95-i torpaqla əlaqədar məsələlər, 99-u mənzillə təmin olunmalarına, 69-u evinin təmir olunmasına köməklik, 205-i işlə əlaqədar, 73-ü ünvanlı sosial yardımla təmin olunmalarına köməklik, 14-ü görülmüş işlərin nəticəsi ilə əlaqədar minnətdarlıq və təşəkkürünü bildirmiş, 572-i isə digər məsələlərlə əlaqədar olmuşdur.
Sonra məruzə ətrafında rayon suvarma sistemləri idarəsinin rəisi Abbas Göyüşov, Qazax Su-Kanal İdarəsinin rəisi Alı Hüseynov və başqaları çıxış edərək hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışmışlar.
Tədbirə rayon İcra Hakmiyyətini Başçısı Rəcəb Babaşov yekun vuraraq bildirmişdir ki, hər bir vətəndaş ölkə prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn vəzifələrin, tapşırıq və tövsiyələrin icra olunmasında daha məsuliyyətlə çalışmalıdır və bu məqsədlə həyata keçirilən bütün işlərdə fəal iştirak etməlidir.
Vəli VƏLİYEV,
"Respublika” qəzeti
10 avqust 2017-ci il


Facebook-da paylaş