Milli Qəhrəman Rafiq Alıcanovun xatirəsinə həsr olunmuş “Oğuz elinin qəhrəmanı” adlı filmin ilk təqdimatı Qazaxda olub
"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”, - deyib ulu
əcdadlarımız. Neçə-neçə igid, qəhrəman oğullarımız bu deyimi özünün həyat amalı
bilərək Vətən naminə, torpaqlarımızın ərazi bütövlüyü tam olsun deyə canlarını
fəda edib, öz qanları ilə adlarını hərb tariximizə və xalqımızın qəlbinə əbədi
olaraq yazıblar. Qəhrəman oğullarımız Şəhidlik adlı zirvəni igidcəsinə, qorxmadan,
bir an olsun belə tərəddüd etmədən fəth ediblər. Yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan
şəhidlərimizi yad etmək bizim ən ümdə vəzifəmizdir. Vətən oğul və
qızlarının keçdiyi döyüş yolunu gənclərə, gələcək nəsillərə çatdırmaq,
onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini
formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini hər an yad etmək hər
birimizin ən müqəddəs borcu olmalıdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Salnaməfilm”
studiyasının "Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində çəkilən sənədli
filmlər də məhz bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm”
studiyasının "Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində çəkdiyi
növbəti film Azərbaycanın Milli Qəhrəmanı Alıcanov
Rafiq Cəfər oğlunun həyatına və Qarabağ müharibəsində keçdiyi şərəfli döyüş
yoluna həsr edilib. "Oğuz elinin qəhrəmanı” adlı filmin ssenari müəllifi və rejissoru Kəmalə
Musazadə, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur. Yanvarın
21-də Milli Qəhrəman Rafiq Alıcanoun xatirəsinə
həsr olunmuş "Oğuz elinin qəhrəmanı” adlı filmin ilk dəfə Qazaxda təqdimatı olub. Qazax
Gənclər Evində keçirilən təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə,
müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, gənclər, Milli Qəhrəmanın
yaxın qohumları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti
başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Gulaya Həsənova çıxış
edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb.
Vətənpərvərlik mövzusunda filmlərin ərsəyə gəlməsində, xüsusilə də Milli
Qəhrəmanlarımızın, şəhidlərimizin gələcək nəsillərə tanıdılmasında gördüyü
işlərə, irəli sürdüyü təşəbbüslərə görə Kəmalə Musazadəyə rayon ictimaiyyəti
adından minnətdarlığını bildirib. Gənclərin vətənpərvər ruhda böyüməsində,
tərbiyə olunmasında bu cür filmlərin böyük rolu və əhəmiyyəti olduğunu qeyd
edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı
ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, həmin
Zəfəri bizlərə bəxş edən şəhidlərimizdən söz açan G.Həsənova bugünkü
qalibiyyətimizi onlara borclu olduğumuzu vurğulayıb. Qanları ilə tarix yazan
oğullarımızın məhz Rafiq Alıcanov kimi Milli Qəhrəmanlarımızdan örnək
götürdüklərini, onun kimi minlərlə şəhidlərimizin qisaslarını almaq üçün şirin
canlarından keçdiklərini söyləyib. Azərbaycan xalqı var olduğu müddətcə şəhidlərimizin
daim qəlblərdə yaşayacaqlarını, vətənpərvər insanlar tərəfindən çəkilən bu cür
filmlərdə yaşadılacaqlarını bir daha diqqətə çatdırıb. Bütün bunların arxasında
ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın
şəhidlərimizə göstərdikləri qayğının, ehtiramın dayandığını bildirib.
Filmin
ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış
edərək tədbir iştirakçılarını salamlayıb, iştirak etdiklərinə görə razılığını
ifadə edib. Filmin ərsəyə gəlməsində, çəkilişlərin aparılmasında göstərdiyi
təşkilati dəstəyə görə Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, "Qazax” Xeyriyyə İctimai
Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədova,
eləcə də çəkiliş zamanı əziyyəti keçən bütün insanlara filmin çəkiliş heyəti və
öz adından dərin minnətdarlığını bildirib. K.Musazadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi
ilə "Salnaməfilm” studiyasının "Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi
çərçivəsində 100-dən çox filmin çəkildiyini qeyd edib. Bu cür filmlərin
çəkilməsinə, xüsusilə də ona yaradılan şəraitə görə Mədəniyyət Nazirliyinin və "Salnaməfilm”
studiyasının rəhbərliyinə minnətdarlığnı çatdırıb. Milli Qəhrəmanımız haqqında ürək
sözlərini bölüşən K.Musazadə müəllifi olduğu filmdə də onun həyatını, keçdiyi şərəfli
döyüş yolunu, Vətən olan bağlılığını, yurd, el-oba sevdalı olduğunu çatdırmağa
çalışdığını qeyd edib. Filmin 44 günlük Vətən müharibəsi ərəfəsində çəkildiyini
bildirən müəllif əldə etdiyimiz şanlı Zəfərin həmin filmdə yer aldığını
vurğulayıb. Milli Qəhrəmanın ailə üzvlərinin, yaxınlarının, doğmalarının, döyüş
yoldaşlarının, sinif yoldaşlarının, müəllimlərinin Rafiq Alıcanov haqqında
söylədikləri ürək sözlərinin, dəyərli fikirlərinin filmdə yer aldığını
söyləyib. "Qazax”
Xeyriyyə İctimai Birliyinin üzvü, mediaxeberleri.az saytının baş redaktoru
Ələddin Qarayev çıxış edərək film haqqında ürək sözlərini bölüşüb,
Milli Qəhrəmanımıza həsr edilən bir filmin ərsəyə gəlməsində iştirak etdiyi
üçün özünü şanslı hesab etdiyini vurğulayıb. Milli Qəhrəmanlarımız,
şəhidlərimiz haqqında çəkilən filmlərin gələcək nəsillərin vətənpərvər ruhda
böyüməsində bir töhfə olduğunu söyləyib. Belə filmlərin ərsəyə gəlməsində əməyi
keçən hər kəsə öz adından təşəkkürünü çatdırıb.
Azərbaycan Qarabağ Müharibəsi
Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon
filialının sədri Xasay Balayev çıxış edərək
Milli Qəhrəmanımız haqqında çəkilmiş filmi yüksək qiymətləndirib. Filmin
çəkilməsində əməyi keçən insanlara təmsil etdiyi birlik və öz adından
razılığını ifadə edib. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən
qürurla danışan X.Balayev həmin qələbədə Rafiq Alıcanov kimi Milli
Qəhrəmanlarımızın da payı olduğunu, həmin müharibədə şəhid olan oğullarımızın Vətəni
canı bahasına qorumağı ondan örnək götürdüklərini bildirib. Bu gün qürurla
izlənən filmin çəkilməsinin təkcə Rafiq Alıcanova deyil, bütün şəhidlərimizə
verilən dəyər olduğunu söyləyib. Milli Qəhrəman Alı Mustafayevin
bacısı Bəsdi Bağırova çıxış edərək şəhid bacısı
kimi bu cür filmlərin çəkilməsinə görə müəllifə və əməyi keçən insanlara
minnətdarlığını bildirib. Bu cür filmlər çəkildikcə şəhidlərimizin, Milli Qəhrəmanlarımızın
unudulmayacağını, daim yaşadılacaqlarını qeyd edib. Milli Qəhrəmanımızın əmisi oğlu
Tahir Alıcanov da çıxış edərək öz
növbəsində ailəsi adından filmin çəkilməsinə və bugünkü təqdimat mərasiminin
keçirilməsinə görə minnətdarlığını bildirib. Milli
Qəhrəman Alıcanov Rafiq Cəfər oğlu
Kapitan
Alıcanov Rafiq Cəfər oğlu 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində
dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad
şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib
Ukraynanın Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır. 1988-ci ildə
o, Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə
Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy,
Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir.
Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli
bölgəsində gedən döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad
olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli
rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olur. Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb. Azərbaycan
Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə
kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülmüşdür. Ağstafa rayonunun Köçvəlili kəndində
dəfn edilmişdir. Köçəvəlli kənd orta məktəbi və Ağstafa şəhərinin mərkəzi
küçələrindən biri onun adını daşıyır.
GOYEZEN.AZ
Facebook-da paylaş