Millət vəkili Səməd Seyidov Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşəni ziyarət edib
Qazaxda "Qarabağ Azərbaycandır!” söyləyərək Vətənin
azadlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda haqq savaşına çıxan, bu
müqəddəs yolda canından keçən oğullarımızın, şəhid olan qəhrəmanlarımızın
xatirəsi hər zaman əziz tutulur. Rayonda
şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Bunu rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə
üzvlərinə daim qayğı ilə yanaşmasından, şəhidlərimizin uyuduğu
qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların,
bulaqların, xiyabanların abadlaşdırılmasından, yenilənməsindən, əsaslı şəkildə
təmir edilməsindən aydın şəkildə görmək olar. Hər birimizin müqəddəs bildiyimiz,
şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri,
şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin əyani sübutudur. Rayonda Vətən müharibəsi şəhidlərinin
adlarının əbədiləşdirilməsi istiqamətində də təqdirəlayiq işlər görülüb. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi
ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən
Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan
yazanlar" kitabının yazılması, Qazax
Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən
uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılması,
şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin
lövhələrinin vurulması bu dediklərimizin bariz nümunəsidir. Yanvarın 18-də Azərbaycan
Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri və köməkçisi Akif Əmirovla birlikdə Qazax Tarix-Diyarşünaslıq Muzeyində olub. Birinci
və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər
şəhidin xatirəsinə yaradılan guşəni ziyarət edib. Guşə ilə yaxından tanış olan
millət vəkili şəhidlərimizin xatirəsini əziz
tutmaq, adlarını əbədiləşdirmək üçün yaradılmış guşəni igid qəhrəmanlarımızın gələcək
nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addım kimi qiymətləndirib.
İstər Abidə Kompleksini, istərsə də bu guşəni şəhidlərimizi gələcək nəsillərə
tanıtmaq üçün müqəddəs məkan kimi dəyərləndirib. Qazaxda şəhidlərimizin
adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən işlərə, atılan nümunəvi
addımlara görə ziyalılar adından rayon rəhbərliyinə minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş