Qazaxda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib
Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir
ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn
oğullarımız bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman əbədi yaşayırlar. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi
tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi
uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər
zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi,
döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə
olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində 288 nəfər,
44 günlük Vətən müharibəsində 51 nəfər olmaqla, 339 nəfər şəhid verib. Qazaxın 7
nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar
günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də
var, sabah da olacaq... Azərbaycanın
suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından və qanlarından keçərək Şəhidlik
zirvəsinə ucalanların xatirəsi hər zaman yüksək tutulur. Respublikamızda şəhid
ailələrinə göstərilən yüksək diqqət və qayğı Qazax rayonunda da daim hiss olunur.Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə,
qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də davam etdirir. Cənab
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın
şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların
ailələrinə göstərdikləri qayğını iş fəaliyyətinin əsas hissəsi hesab edir.
Əlamətdar günlərdə, bayramlarda, şəhidlərimizin doğum və anım günlərində
onları, ailələrini yad edən rayon rəhbəri ənənəsinə sadiq qalaraq 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında da
şəhid ailələrini unutmayıb. Rayonumuzda hər bayram və əziz günlərdə
olduğu kimi, bu bayramda da şəhid ailələri üçün bayram süfrəsi açılıb. Dekabrın 15-də
Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Birinci
Qarabağ müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib. "Qazax”
şadlıq sarayında keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Milli Məclisin deputatı
Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif
Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların
rəhbərləri, məktəb direktorları, ziyalılar, Birinci Qarabağ müharibəsi
şəhidlərinin ailələri, yaxınları, doğmaları, KİV nümayəndələri iştirak
ediblər.
Şəhid
ailələri üçün təşkil olunmuş bayram tədbirində əvvəlcə torpaqlarımız uğrunda
canlarından keçən Vətən oğullarının ruhlarına dua oxunub. Azərbaycan Respublikasının
Dövlət Himni səsləndikdən sonra Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik
sükutla yad edilib.
Tədbirin
aparıcıları Qazax Dövlət Dram Teatrının aktyorları Zəmanə Dərviş və Yusif Qoca
bayram tədbirini açıq elan edərək qonaqları 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, səmimi ürək sözlərini
çatdırıblar. Gənc
müğənni Nəsimi Kamaloğlu "Azərbaycan”
mahnısı, Zəmanə Dərviş və Yusif Qoca "Əyilməz başını uca tut, Vətən!” şeiri ilə
tədbir iştirakçılarına təbriklərini bildiriblər.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram tədbirini giriş sözü ilə açaraq şəhid ailələrini və iştirakçıları
salamlayıb, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə
səmimi qəlbdən təbrik edib, onlara ən xoş, səmimi ürək sözlərini çatdırıb. Tədbirin
əhəmiyyətindən danışan icra başçısı bugünkü günün Birinci Qarabağ müharibəsi
şəhidlərinin adı ilə bağlı olduğunu qeyd edib. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin
ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident
Mehriban Əliyeva qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu,
hər birimiz üçün nümunə olmalıdır", - deyən icra başçısı bu gün bir dövlət
məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin ailələri ilə
bayram süfrəsi ətrafında görüşməyi özünə borc bildiyini dilə gətirib. Şəhid
ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini
söyləyib.
Rayon rəhbəri
torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədən söz açaraq bildirib ki, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmiz kimi
yaddaşlara yazıldı. Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı
Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli
kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - Şəhidlik
zirvəsinə ucaldı. Hələ o vaxt bu döyüş düşmənə ordumuzun gücünü, əsgərlərimizin
vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi.
Sonra Tovuz döyüşlərində Namiq
Əhmədov kimi oğullarımızın sayəsində düşmən bir daha anladı ki,
Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Və bunu 2020-ci ilin 27
sentyabrında başlayan 44 günlük Vətən müharibəsində də sübut etdi. Rayon
rəhbəri bildirib ki, istər Aprel döyüşlərində, istər Tovuz döyüşlərində,
istərsə də Vətən müharibəsində Qazaxın qəhrəman oğullarının göstərdiyi
igidliklər hər birimiz üçün nümunədir. Məhz belə oğulların qəhrəmanlığı
sayəsində haqq savaşında ədalət bərpa olundu və Azərbaycan bu savaşda tarixi
Zəfər qazandı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü,
qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində
torpaqlarımız azad olundu. Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü
uğrunda canından keçən şəhidlərimizin, o cümlədən Mühüd, Elvin, Orxan, Namiq kimi
oğullarımızın qanının yerdə qalmadığını, qisaslarının alındığını, ölkə
başçısının da söylədiyi kimi, İkinci Qarabağ müharibəsində, haqq savaşında
düşmənə layiqli cavablarının verildiyini vurğulayıb.
"Siz
şəhid ailələri ilə bir süfrə ətrafında oturmaq bizim üçün fəxr və qürurvericidir.
Sizin övladlarınızı, Vətən torpaqlarını canı bahasına azad edən şəhidlərimizi
yad etmək bizim mənəvi borcumuzdur”, - deyən icra başçısı şəhid ailələrinə
göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirib. İcra başçısı sonda Qazaxdan kənarda yaşayan ziyalılarımız akademik
Teymur Bünyadovun, Xalq şairi Nəriman Həsənzadənin, "Qazax” Xeyriyyə
İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədovun səmimi
ürək sözlərini və başsağlıqlarını çatdırıb. Torpaqlarımızın
azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə
səbir diləyib, sağlamlıqlarını itirən qazilərimizə tez zamanda şəfa tapmalarını
arzu edib. Parisdə rəsmi səfərdə olan Azərbaycan
Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov da canlı telefon
bağlantısı edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib,
şəhidlərimizin ailə üzvlərinə bir daha başsağlığı verib. "Biz Sizlərlə, sizin
övladlarınızın qəhrəmanlığı ilə fəxr edirik. Azərbaycanın qəhrəman övladları
Birinci Qarabağ müharibəsində qəhrəmanlıq, şücaət göstərməsəydi, İkinci Qarabağ
müharibəsində şanlı Zəfər əldə edə bilməzdik. Bugünkü qələbəmizə, uğurumuza görə
bütün şəhidlərimizə borcluyuq”, - deyən millət vəkili igid Vətən oğullarının
ruhu qarşısında baş əydiyini söyləyib. Şəhid ailələrinə göstərilən qayğıya,
diqqətə və bugünkü tədbirə görə rayon rəhbərliyinə minnətdarlıq edib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək tədbir
iştirakçılarını, şəhid ailələrini salamlayıb, qəhrəman oğullarımızın ailələri
ilə görüşməkdən qürur duyduğunu qeyd edib. "Bu gün Sizlərin övladları ilə bütöv
Azərbaycan fəxr edir. Vətəninə, xalqına, dövlətinə bağlı olan qəhrəman
oğullarımızla hər birimiz qürur duyuruq. Sizin kimi valideynlərin qarşısında
baş əyirik ki, Vətənə bu cür igid oğullar böyütmüsünüz”, - deyən millət vəkili bütün
şəhidlərimizlə fəxr etdiyini dilə gətirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət
xadimi, şair Barat Vüsal çıxış edərək şəhid ailələrini salamlayıb, onların ünvanına xoş sözlərini
çatdırıb. Şəhid ailələri ilə belə yüksək səviyyədə tədbirin təşkil edilməsinə
görə rayon rəhbərliyinə ziyalılar adından minnətdarlığını bildirib. Şair Barat
Vüsal Qazaxın şairlər yurdu olduğu kimi, həm də qəhrəmanların, igidlərin diyarı
olduğunu qeyd edib. Təkcə şəhidlərimizin deyil, onları böyüdən ataların,
anaların da qəhrəman valideynlər olduğunu diqqətə çatdırıb.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları
və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədr müavini, I
qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə şəhid ailələrini səmimi qəlbdən təbrik edib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin ruhu
qarşısında baş əydiyini, igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib.
Şəhid
Şahin Süleymanovun anası Tamella Süleymanova çıxış edərək şəhid anası
kimi bütün şəhid valideynlərinin qarşısında baş əydiyini, şəhidlərimizə
Allahdan rəhmət, qazilərimizə cansağlığı arzuladığını bildirib. "Bir arzum
vardı ki, düşmən tapdağında olan torpaqlarımız azad olunsun, bu, bizim ən böyük
təsəllimiz olsun. Əziz şəhid anaları, başınızı dik tutun. Başı uca gəzmək bizim
haqqımızdır, oğullarımızın sayəsində biz qəhrəman analarıq”, - deyən şəhid
anası bu gün övladı və onun kimi igid oğullarla fəxr etdiyini bildirib.
Azərbaycan
Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Qazax rayon şöbəsinin sədri,
şəhid yoldaşı Kifayət Mustafayeva çıxış edərək başda Müzəffər
Ali Baş Komandan İlham Əliyev olmaqla, Birinci vitse-prezident Mehriban
Əliyevanı, Azərbaycan xalqını, rayon rəhbərliyini və tədbir iştirakçılarını
qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, səmimi ürək sözlərini
çatdırıb. Şəhid ailələrinə göstərilən diqqətə, qayğıya, bugünkü tədbirin təşkil
edilməsinə görə şəhid ailələri adından rayon rəhbərliyinə minnətdarlığını
bildirib.
Şəhid Fidat Məmmədovun bacısı Hicranə Məmmədova çıxış edərək qarşıdan gələn
bayramlar münasibətilə təbriklərini çatdırıb. Şəhid bacısı qeyd edib ki, bu həyatda
hər şeydən üstün olan bir sevgi var ki, o da Vətən sevgisidir. Xüsusi insanlar var
ki, onların Vətəni sevgisi bir başqa olur. Onlar elə sevirlər ki, vaxtı, zamanı
gələndə gözlərini qırpmadan o sevgi uğrunda şirin canlarını fəda edirlər. Onlar
bizim əzizlərimiz, doğmalarımız olan Şəhidlərimizdir. Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsindən
söz açan şəhid bacısı həmin müharibədə döyüşən oğullarımızın şəhid olsalar belə,
bütün şəhidlərimizin qisasını aldıqlarını, qanlarını yerdə qoymadıqlarını söyləyib.
"Şəhidlərimiz ağrımız, acımız, qan yaddaşımız olsa da, həm də qürur yerimizdir”,
- deyən şəhid bacısı bütün şəhidlərimizlə fəxr etdiyini bildirib. Bayram
əhval-ruhiyyəli tədbirdə Yusif Qocanın ifasında Xalq şairi Nəriman Həsənzadənin "Bəyanat, şair Barat
Vüsalın "Mənim qəhrəmanım, qalx!”, "Mühüdün oğulları”, Cəfər Cabbarlının "Ana”şeiri səslənib. Nəsimi Kamaloğlunun ifasında səslənən "Əziz Ana” mahnısı
şəhid analarının ürəyinə məlhəm olub. Bayram tədbirində aşıqlardan Camoy Qurbanovun, Yaşar Gülümcanovun,
Şahin Süleymanovun, eləcə də gənc müğənni Nəsimi Kamaloğlunun səsləndirdikləri
vətənpərvərlik mövzusunda olan musiqi nömrələri könülləri oxşayıb. Zəmanə Dərviş və Nəsimi Kamaloğlunun
ifasında səslənən "Azərbaycan” mahnısı ilə başa çatan bayram tədbiri yaddaşlara
ülvi duyğularla əbədi həkk olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş