Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib
Qazaxda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib15-12-2021, 17:07 |
Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman əbədi yaşayırlar. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər olmaqla, 339 nəfər şəhid verib. Qazaxın 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından və qanlarından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsi hər zaman yüksək tutulur. Respublikamızda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı Qazax rayonunda da daim hiss olunur.Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də davam etdirir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğını iş fəaliyyətinin əsas hissəsi hesab edir. Əlamətdar günlərdə, bayramlarda, şəhidlərimizin doğum və anım günlərində onları, ailələrini yad edən rayon rəhbəri ənənəsinə sadiq qalaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında da şəhid ailələrini unutmayıb. Rayonumuzda hər bayram və əziz günlərdə olduğu kimi, bu bayramda da şəhid ailələri üçün bayram süfrəsi açılıb. Dekabrın 15-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib. "Qazax” şadlıq sarayında keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, ziyalılar, Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri, yaxınları, doğmaları, KİV nümayəndələri iştirak ediblər.
Şəhid ailələri üçün təşkil olunmuş bayram tədbirində əvvəlcə torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının ruhlarına dua oxunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcıları Qazax Dövlət Dram Teatrının aktyorları Zəmanə Dərviş və Yusif Qoca bayram tədbirini açıq elan edərək qonaqları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıblar. Gənc müğənni Nəsimi Kamaloğlu "Azərbaycan” mahnısı, Zəmanə Dərviş və Yusif Qoca "Əyilməz başını uca tut, Vətən!” şeiri ilə tədbir iştirakçılarına təbriklərini bildiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram tədbirini giriş sözü ilə açaraq şəhid ailələrini və iştirakçıları salamlayıb, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş, səmimi ürək sözlərini çatdırıb. Tədbirin əhəmiyyətindən danışan icra başçısı bugünkü günün Birinci Qarabağ müharibəsi şəhidlərinin adı ilə bağlı olduğunu qeyd edib. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban Əliyeva qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər birimiz üçün nümunə olmalıdır", - deyən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin ailələri ilə bayram süfrəsi ətrafında görüşməyi özünə borc bildiyini dilə gətirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Rayon rəhbəri torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədən söz açaraq bildirib ki, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmiz kimi yaddaşlara yazıldı. Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucaldı. Hələ o vaxt bu döyüş düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Sonra Tovuz döyüşlərində Namiq Əhmədov kimi oğullarımızın sayəsində düşmən bir daha anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Və bunu 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində də sübut etdi. Rayon rəhbəri bildirib ki, istər Aprel döyüşlərində, istər Tovuz döyüşlərində, istərsə də Vətən müharibəsində Qazaxın qəhrəman oğullarının göstərdiyi igidliklər hər birimiz üçün nümunədir. Məhz belə oğulların qəhrəmanlığı sayəsində haqq savaşında ədalət bərpa olundu və Azərbaycan bu savaşda tarixi Zəfər qazandı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü, qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız azad olundu. Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, o cümlədən Mühüd, Elvin, Orxan, Namiq kimi oğullarımızın qanının yerdə qalmadığını, qisaslarının alındığını, ölkə başçısının da söylədiyi kimi, İkinci Qarabağ müharibəsində, haqq savaşında düşmənə layiqli cavablarının verildiyini vurğulayıb.
"Siz şəhid ailələri ilə bir süfrə ətrafında oturmaq bizim üçün fəxr və qürurvericidir. Sizin övladlarınızı, Vətən torpaqlarını canı bahasına azad edən şəhidlərimizi yad etmək bizim mənəvi borcumuzdur”, - deyən icra başçısı şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirib. İcra başçısı sonda Qazaxdan kənarda yaşayan ziyalılarımız akademik Teymur Bünyadovun, Xalq şairi Nəriman Həsənzadənin, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədovun səmimi ürək sözlərini və başsağlıqlarını çatdırıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, sağlamlıqlarını itirən qazilərimizə tez zamanda şəfa tapmalarını arzu edib. Parisdə rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da canlı telefon bağlantısı edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, şəhidlərimizin ailə üzvlərinə bir daha başsağlığı verib. "Biz Sizlərlə, sizin övladlarınızın qəhrəmanlığı ilə fəxr edirik. Azərbaycanın qəhrəman övladları Birinci Qarabağ müharibəsində qəhrəmanlıq, şücaət göstərməsəydi, İkinci Qarabağ müharibəsində şanlı Zəfər əldə edə bilməzdik. Bugünkü qələbəmizə, uğurumuza görə bütün şəhidlərimizə borcluyuq”, - deyən millət vəkili igid Vətən oğullarının ruhu qarşısında baş əydiyini söyləyib. Şəhid ailələrinə göstərilən qayğıya, diqqətə və bugünkü tədbirə görə rayon rəhbərliyinə minnətdarlıq edib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, qəhrəman oğullarımızın ailələri ilə görüşməkdən qürur duyduğunu qeyd edib. "Bu gün Sizlərin övladları ilə bütöv Azərbaycan fəxr edir. Vətəninə, xalqına, dövlətinə bağlı olan qəhrəman oğullarımızla hər birimiz qürur duyuruq. Sizin kimi valideynlərin qarşısında baş əyirik ki, Vətənə bu cür igid oğullar böyütmüsünüz”, - deyən millət vəkili bütün şəhidlərimizlə fəxr etdiyini dilə gətirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək şəhid ailələrini salamlayıb, onların ünvanına xoş sözlərini çatdırıb. Şəhid ailələri ilə belə yüksək səviyyədə tədbirin təşkil edilməsinə görə rayon rəhbərliyinə ziyalılar adından minnətdarlığını bildirib. Şair Barat Vüsal Qazaxın şairlər yurdu olduğu kimi, həm də qəhrəmanların, igidlərin diyarı olduğunu qeyd edib. Təkcə şəhidlərimizin deyil, onları böyüdən ataların, anaların da qəhrəman valideynlər olduğunu diqqətə çatdırıb.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhid ailələrini səmimi qəlbdən təbrik edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini, igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib.
Şəhid Şahin Süleymanovun anası Tamella Süleymanova çıxış edərək şəhid anası kimi bütün şəhid valideynlərinin qarşısında baş əydiyini, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzuladığını bildirib. "Bir arzum vardı ki, düşmən tapdağında olan torpaqlarımız azad olunsun, bu, bizim ən böyük təsəllimiz olsun. Əziz şəhid anaları, başınızı dik tutun. Başı uca gəzmək bizim haqqımızdır, oğullarımızın sayəsində biz qəhrəman analarıq”, - deyən şəhid anası bu gün övladı və onun kimi igid oğullarla fəxr etdiyini bildirib.
Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Qazax rayon şöbəsinin sədri, şəhid yoldaşı Kifayət Mustafayeva çıxış edərək başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, Birinci vitse-prezident Mehriban Əliyevanı, Azərbaycan xalqını, rayon rəhbərliyini və tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Şəhid ailələrinə göstərilən diqqətə, qayğıya, bugünkü tədbirin təşkil edilməsinə görə şəhid ailələri adından rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Şəhid Fidat Məmmədovun bacısı Hicranə Məmmədova çıxış edərək qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb. Şəhid bacısı qeyd edib ki, bu həyatda hər şeydən üstün olan bir sevgi var ki, o da Vətən sevgisidir. Xüsusi insanlar var ki, onların Vətəni sevgisi bir başqa olur. Onlar elə sevirlər ki, vaxtı, zamanı gələndə gözlərini qırpmadan o sevgi uğrunda şirin canlarını fəda edirlər. Onlar bizim əzizlərimiz, doğmalarımız olan Şəhidlərimizdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsindən söz açan şəhid bacısı həmin müharibədə döyüşən oğullarımızın şəhid olsalar belə, bütün şəhidlərimizin qisasını aldıqlarını, qanlarını yerdə qoymadıqlarını söyləyib. "Şəhidlərimiz ağrımız, acımız, qan yaddaşımız olsa da, həm də qürur yerimizdir”, - deyən şəhid bacısı bütün şəhidlərimizlə fəxr etdiyini bildirib. Bayram əhval-ruhiyyəli tədbirdə Yusif Qocanın ifasında Xalq şairi Nəriman Həsənzadənin "Bəyanat, şair Barat Vüsalın "Mənim qəhrəmanım, qalx!”, "Mühüdün oğulları”, Cəfər Cabbarlının "Ana”şeiri səslənib. Nəsimi Kamaloğlunun ifasında səslənən "Əziz Ana” mahnısı şəhid analarının ürəyinə məlhəm olub. Bayram tədbirində aşıqlardan Camoy Qurbanovun, Yaşar Gülümcanovun, Şahin Süleymanovun, eləcə də gənc müğənni Nəsimi Kamaloğlunun səsləndirdikləri vətənpərvərlik mövzusunda olan musiqi nömrələri könülləri oxşayıb. Zəmanə Dərviş və Nəsimi Kamaloğlunun ifasında səslənən "Azərbaycan” mahnısı ilə başa çatan bayram tədbiri yaddaşlara ülvi duyğularla əbədi həkk olunub.
GOYEZEN.AZ Geri qayıt |