Qazaxda onların xatirəsi hər zaman uca tutulur...
Respublika mətbuatı Qazax
haqqında Qazax
rayonunda da şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü
işlər aparılır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hələ keçən ilin
noyabr ayında keçirdiyi daxili müşavirələrin birində demişdi ki, şəhid adı müqəddəsdir
və biz elə etməliyik rayonun hər guşəsində, hər məkanında bu müqəddəslik əyani
hiss olunsun və onu hamı görsün, ehtiram göstərsin. Artıq belə məkanlardan
biri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanıdır. Burada aparılan abadlıq
işləri, şəhid adlarının və şəkillərinin əks olunduğu lövhənin vurulması bu
istiqamətdə görülən işlərdən biridir. Digər
xeyirxah bir iş Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ
müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə
nəfis bir guşənin yaradılmasıdır. Muzeyin ikinci mərtəbəsindəki bu guşə
indi hər kəsin ziyarət etdiyi bir ünvana çevrilib. Başqa
bir diqqətçəkən iş Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən”
qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi
şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar” kitabının ərsəyə gətirilməsidir. Vətən
müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirəsini əbədiləşdirmək
üçün inşa olunan Abidə Kompleksi də rayonda bu sahədə atılan nümunəvi
addımlardan biridir. Şəhərin Nəriman Nərimanov küçəsində ucaldılan bu
kompleks müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü
uğrunda canlarından keçən qəhrəmanlarımızı gələcək nəsillərə tanıtmaq üçün
görülən təqdirəlayiq işdir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə
Kompleksi də igid oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs məkanlardan
biridir. Amma bunlar da son hədd deyil. Rayonda şəhidlərin adlarının əbədiləşdirilməsi
üçün işlər davam etdirilir. Bu günlərdə RİH başçısı aparatı yanında fəaliyyət
göstərən "Şəhid adlarının əbədiləşdirilməsi, inzibati ərazi vahidlərinə,
yaşayış məntəqələrinə, küçə və meydanlara, idarə, müəssisə və təşkilatlara ad
verilməsi və adlarının dəyişdirilməsi ilə əlaqədar yaradılmış komissiya”nın 25
noyabr 2021-ci il tarixli protokolu nəzərə alınaraq müxtəlif adda ordenlə təltif
olunmuş daha 7 nəfər Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib. İcra Hakimiyyəti başçısının
Sərəncamına əsasən şəhər ərazisində adsız olan 7 küçəyə - ölümündən sonra 3-cü
dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd
sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun, ölümündən sonra "Azərbaycan
Bayrağı” ordeni, "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Cəsur
döyüşçü” medalları ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş
leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, ölümündən sonra 3-cü dərəcəli
"Rəşadət” ordeni, "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunmuş, Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun, ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Kəlbəcərin azad
olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”,
"Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala
Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlunun, ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "Füzulinin azad
olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Ürkməzli
kənd sakini, şəhid gizir Şükürov İlkin Aslan oğlunun, ölümündən sonra "Azərbaycan
Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin
azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Füzulinin azad
olunmasına görə”, "İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli
kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun, ölümündən sonra "Azərbaycan
Bayrağı” ordeni, "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad
olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad
olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Şuşanın azad olunmasına
görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər
Allahverdiyev Sakit Şahin oğlunun adı verilib. Bu
günlərdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov küçə adları
verilən şəhidlərimizin ailə üzvləri ilə görüşüb, bu barədə onlara ətraflı məlumat
verib. Yeni adlandırılmış küçələrdə ünvan lövhələrinin yerləşdirilməsi, həmçinin
əhalinin maarifləndirilməsi, eləcə də digər məsələlərin təmin edilməsi üçün
aidiyyatı şəxslərə lazımi tapşırıqlar verildiyi diqqətə çatdırılıb. İcra Hakimiyyətinin
başçısı Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda canlarından keçən
bütün şəhidlərimizin Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi
yaşayacağını deyib, 44 günlük haqq savaşında tarixi Qələbənin müəllifi olan Ali
Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar
olduğumuzu qeyd edib, Vətən müharibəsində adını tarixə qızıl hərflərlə yazdıran
şəhidlərimizin xatirəsinin Azərbaycan xalqı, o cümlədən qazaxlılar tərəfindən
daim əziz tutulacağını söyləyib. Respublika Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri
qayğının hər kəsə örnək olduğunu bildirən rayon rəhbəri həmin qayğının Qazaxda
da hər zaman nümunə götürüldüyünü diqqətə çatdırıb. Şəhid
ailələri qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması, adlarının əbədiləşdirilməsi
istiqamətində atılan addımları yüksək qiymətləndiriblər. Onlar ölkə
Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də
rayon rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını
bildiriblər. Məlumat üçün qeyd edək ki, bundan əvvəl Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən
Qazax şəhərindəki 5 adsız küçəyə Tovuz döyüşləri şəhidi, 3-cü dərəcəli "Vətənə xidmətə görə”
ordenli mayor Namiq Əhmədovun, Vətən müharibəsi şəhidləri, 3-cü
dərəcəli "Rəşadət” ordenli kapitan İmamverdi İsmayılovun, "Qarabağ”
ordenli baş leytenant Nəbi Hüseynovun, "Qarabağ” ordenli gizir Anar
Nağıyevin, "Azərbaycan Bayrağı” ordenli baş çavuş İsmayıl Qəsəbovun adları
verilib. Hamlet QASIMOV, "Xalq qəzeti”nin bölgə müxbiri 5 dekabr 2021-ci il
Facebook-da paylaş