Qazaxda Vətən müharibəsi şəhidi əsgər İlkin Əliyevin ildönümündə adını əbədiləşdirən bulağın açılışı olub
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında qazandığı tarixi Qələbə, böyük Zəfər bu gün də qürurla qeyd olunur. O Vətən müharibəsi ki, cəmi 44 günə xalqımızın 30 illik yurd həsrətinə, torpaq niskilinə son qoydu. Bütün dünya döyüş meydanında hərbçilərimizin, əsgərlərimizin göstərdikləri şücaətlə, qəhrəmanlıqla Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn igid qəhrəmanlarımızdan biri də əsgər Əliyev İlkin Bəxtiyar oğludur.
Bütün şəhidlərimiz kimi igid Vətən oğlu İlkin Əliyevin də adı əbədiləşdirilib. Şəhidimizin doğulub boya-başa çatdığı Canalı kəndində adını əbədiləşdirən bulaq inşa olunub və həmin bulağın yanında dayanacaq qoyulub.
Noyabrın 16-da qəhrəman şəhidimizin ildönümündə yolun kənarında inşa olunan həmin bulağın açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Canalı kənd tam orta məktəbin müəllim və şagirdləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Bu gün qəhrəman şəhidimizin təltif olunduğu "Xocavəndin azad olunmasına görə" medalı da nənəsinə təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bildirib ki, 8 noyabrda qeyd etdiyimiz Zəfər Günü şəhidlərimizin qanı, canı bahasına, qazilərimizin sağlamlığı hesabına əldə olundu. Həmin Zəfərlə bütün dünyaya bəyan olundu ki, Azərbaycan xalqı mərddir, vətənpərvərdir, bir metr olsa belə torpağını işğalda saxlayası deyil. Düşməni hər an məhv etməyə hazır idi və 44 günlük Vətən müharibəsində də bizlər İlkin kimi qəhrəman oğullarımızın şücaəti sayəsində bunun şahidi olduq. Hər birimizin dillər əzbəri olan bir cümlə var ki: "Şəhidlər ölməz, Vətən bölünməz!”. Məhz İlkin kimi igid oğullar canları hesabına sübut etdilər ki, doğurdan da Vətən bölünməzdir. 44 günlük Vətən müharibəsində İlkin kimi qəhrəmanlarımız öz canlarını fəda etməklə bütün şəhidlərimizin qisasını aldılar, qazilərimizin arzularını gerçəkləşdirdilər.
Rayon rəhbəri Vətənin azadlığı uğrunda canını fəda edən İlkin Əliyevin təkcə ailəsinin deyil, bütöv Azərbaycanın, doğma Qazax elinin övladı, əzizi olduğunu qeyd edib. İlkin kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün örnək olduğunu, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etməyin, onları tanıtmağın hər bir azərbaycanlının mənəvi borcu olduğunu bildirib. İcra başçısı qəhrəman şəhidlərimizin qəlbimizdə əbədi yaşayacaqlarını qeyd edib. 44 günlük haqq savaşında tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran bütün şəhidlərimiz kimi, İlkin Əliyevin də Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını, xatirəsinin daim əziz tutulacağını vurğulayıb. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
İcra başçısı açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq.
Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək açılışına toplaşdığımız bulağın təkcə İlkinin adını əbədiləşdirmədiyini, eyni zamanda gənclərin, gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bir töhfə olacağını qeyd edib. Rayonda şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan natiq bunun bariz nümunəsi olaraq şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılan Abidə Kompleksini qeyd edib. Şəhidlərə göstərilən diqqət və qayğıdan söz açan natiq bu gün Qazaxda bunun əyani şahidi olduğunu və həmin qayğını hər kəsin örnək götürdüyünü bildirib. Şəhid ailələrinə və qazilərə göstərilən qayğıya, dəstəyə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıq edib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan qələbədə gənclərin böyük payı olduğunu vurğulayıb. Bunun kökündə isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin, gənclərə aşılanan vətənpərvərlik hissinin, onlarda olan Vətən sevgisinin dayandığını bildirib. V.Nəbiyev qeyd edib ki, Ali Baş Komandanın da söylədiyi kimi, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfəri 17 il ərzində vətənpərvər ruhda yetişən gənclər ordusu sayəsində qazandıq. V.Nəbiyev sonda bir daha şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə sağlamlıqlarına qovuşmalarını arzu edib, bu gün əldə etdiyimiz həmin Zəfərə görə şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu söyləyib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək 44 günlük Vətən müharibəsinin müasir hərb tariximizin şanlı səhifəsi olduğunu diqqətə çatdırıb. İ.Süleymanov bildirib ki, 44 günlük Vətən müharibəsində bütün dünyaya iki şeyi sübut etdik. Birincisi Azərbaycan xalqının yenilməz, qorxmaz olduğunu, xalq olaraq başına gətirilənləri heç vaxt unutmadığını göstərdik. İkincisi isə onu sübuut etdik ki, 30 il ərzində İlkin kimi gənclərə aşılanan vətənpərvərlik, Vətənə olan sevgi hissi doğurdan da hədər getmədi. Ailədən, məktəbdən aldıqları vətənpərvərlik tərbiyəsi sayəsində İlkin kimi gənclərimiz torpaqlarımızı işğaldan azad edərək adlarını tarixə və xalqımızın yaddaşına qanları ilə yazdılar.
Kosalar kənd sakini, şair Cavanşir Rüstəm çıxış edərək şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib, qazilərimizə cansağlığı arzulayıb. İlkin kimi Vətənə gərəkli, qəhrəman, igid oğul böyütdüyü üçün şəhidimizin valideynlərinə minnətdarlığını bildirib. İgid Vətən oğluna ünvanlandığı şeirlə şəhidimizin əziz xatirəsini ehtiramla anıb.
Şəhidimizin vaxtilə təhsil aldığı Canalı kənd tam orta məktəbin direktoru Pərviz Alməmmədov çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın 30 illik yurd həsrətinə son qoyan şəhidlərimizə, onların ailələrinə qayğı göstərməyin, sahib çıxmağın hər birimizin borcu olduğunu qeyd edib. Ölkə Prezidentinin və Birinci vitse-prezidentin şəhid ailələrinə göstərdikləri qayğının Qazaxda da olduğu kimi davam etdirilməsinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidlərimizin, onların keçdikləri döyüş yollarının gələcək nəsillərə çatdırılması, örnək göstərilməsi üçün rəhbərlik etdiyi məktəbdə anım tədbirlərinin keçirildiyini vurğulayıb.
Canalı kənd tam orta məktəbində şəhidimizin ibtidai sinif müəllimi olmuş Fəridə Alıyeva çıxış edərək qəhrəman şəhidimiz haqqında xatirələrini bölüşüb. Fəridə müəllimə qeyd edir ki:
- İlkin məktəbə qədəm qoyduğu ilk gündən fərqlənirdi. Boyu uca olduğu üçün üçüncü partada oturmasını söyləmişdim. Bir gün gördüm ki, İlkin ağlayır. Səbəbini soruşanda isə qabaqda oturmaq, öndə olmaq istədiyini bildirdi. Bəli, İlkin uşaqlığından öndə olmağı seçmişdi... Bütün yoldaşlarının, müəllimlərinin hörmətini qazanmışdı. Tərbiyəsi, əxlaqı, çalışqanlığı ilə hər zaman seçilirdi. Hərfləri tam keçməmişdik. Bir dəfə Vətən sözünün mənasınıizah etməyimi istədi. Nə üçün Vətəni sevməli olduğumuzu bildirdi. Niyə sevməli olduğumuzun izahını verdim. İlkin sanki Vətən üçün doğulmuşdu, ilk gündən Vətənə olan sevgisi ilə yaşıdlarından fərqlənirdi. Məhz bu sevgi sayəsində İlkin sevdiyi Vətəni uğrunda canından keçdi. Bu gün İlkin hər birimizin fəxr, qürur yeridir. Gələcək nəsillərə örnəkdir. Müəllimi olaraq bizim də borcumuz İlkin kimi şagirdlərimizi nümunə göstərməkdir. Canalı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, şəhidimizin 5-11-ci siniflər üzrə sinif rəhbəri olmuş Larisa Alıyeva da çıxış edərək igid Vətən oğlu haqqında ürək sözlərini çatdırıb. İlkinin bacarıqlı, ictimai işlərdə fəal iştirak edən, məktəb rəhbərliyi tərəfindən verilən tapşırıqlarda hər zaman öndə getməyi sevən bir şagird olduğunu bildirib. İlkinin döyüş meydanında göstərdiyi qəhrəmanlığı, şücaəti eşitdikcə onunla bir daha qürur duyduqlarını, fəxr etdiklərini dilə gətirib.
Sonra Canalı kənd tam orta məktəbin 9-cu sinif şagirdi Nurcan Qocayeva, 8-ci sinif şagirdi Nurcan Novruzova, 4-cü sinif şagirdi Rəna İbrahimli, 6-cı sinif şagirdi Nuray Qurbanova və Saqif Nəsirov adına Ürkməzli kənd tam orta mktəbin 10-cu sinif şagirdi Aysel Vələdova şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Şəhid atası Bəxtiyar Əliyev şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə razılığını bildirərək ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad olunmasını İlkinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib. Oğlu İlkinin, eləcə də onun kimi igid Vətən oğullarının hər zaman fəxr, qürur yeri olacağını söyləyib. Bulağın tikilməsində, ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
Əsgər Əliyev İlkin Bəxtiyar oğlu
Şəhid Əliyev İlkin Bəxtiyar oğlu 26 fevral 2001-ci il tarixdə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Canalı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Uşaqlıqdan idmana daha çox maraq göstərirdi, yunan-roma güləşi ilə məşğul olurdu. Bir neçə dəfə birinci yerə çıxıb medallar da almışdı.
2019-cu ilin 3 aprelində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafından, Laçından keçib. "N” saylı hərbi hissənin artilleriya divizionun 1-ci batareyanın, 1-ci tağımın 2-ci topun komandiri əsgər Əliyev İlkin Bəxtiyar oğlu düşmənin texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlik və şücaət göstərib. O, 14.11.2020-ci il tarixdə Xocavənddə şəhid olmuşdur. 16.11.2020-ci il tarixdə Hüseynbəyli kəndi ərazisində yerləşən Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Subay idi.
Əliyev İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş