Qazaxda "Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir" devizi altında tədbir keçirilib
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu
tarixi Zəfər qazandı. Artıq Azərbaycan xalqı qalib ölkənin vətəndaşları olaraq ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il 8 noyabrı - Zəfər Günü
kimi qeyd edəcək. Respublikamızın hər yerində olduğu kimi, 8
Noyabr – Zəfər Günü Qazaxda da silsilə tədbirlərlə qeyd
olunur. Noyabrın 5-də Azərbaycan Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsində də "Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir" devizi
altında tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad
Hümbətov, Azərbaycan
Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax
rayon şöbəsinin sədrləri və üzvləri, Vətən
müharibəsi şəhidlərinin ataları, qaziləri, iştirakçıları, Vətən
müharibəsində iştirak etmiş Çağırışaqədərki Hazırlıq rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları
əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək Ulu Öndərin
abidəsi önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin
əziz və unudulmaz xatirəsini dərin ehtiramla anıblar. Sonra şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanını ziyarət edib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən
bütün şəhidlərimizin xatirəsini yad ediblər. Memorial önünə gül düzən tədbir
iştirakçıları Vətən övladlarına böyük ehtiramlarını bildiriblər. Şəhərin N.Nərimanov küçəsində Vətən
müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksini ziyarət edən
tədbir iştirakçıları şəhidlərimizin
şəkillərinin nümayiş olunduğu monitor və haqqında yazılmış məlumat lövhələri ilə
tanış olub, igid Vətən oğullarını ehtiramla yad ediblər.
Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax
Rayon Şöbəsinin inzibati binasında davam edən tədbiri
Şöbənin rəisi, polkovnik-leytenant Tural Məmmədov giriş sözü ilə açaraq
iştirakçıları salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə başda Ali Baş
Komandan İlham Əliyev olmaqla, xalqımızı təbrik edib. Səmimi ürək sözlərini
çatdıran T.Məmmədov keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Fəxrlə qeyd
etdiyimiz şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizlə, qazilərimizlə hər kəsin
qürur duyduğunu bildirib. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın illər
ötsə belə hər zaman yad olunacaqlarını, qəlblərdə əbədi yaşayacaqlarını qeyd
edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad
Hümbətov çıxış edərək rayon rəhbərliyinin adından səmimi ürək sözlərini çatdırıb,
tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik
edib. A.Hümbətov xalqımızın 30 illik yurd həsrətinə son qoyan
Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh
əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət
göstərdiklərini vurğulayıb. 44 günlük savaşda
əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan
Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Dövlətimiz,
ölkə başçısı və rayon rəhbərliyi tərəfindən Vətən uğrunda
sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən
şəhidlərimizin ailələrinin bundan sonra da daim diqqət mərkəzində
saxlanılacağını söyləyib. Azərbaycan Respublikası "Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin
Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək Vətən uğrunda canından
keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, sağlamlığını itirən qazilərimizə tez
zamanda sağalmalarını arzulayıb. Qürurla qeyd edəcəyimiz Qələbəmizə, Zəfərimizə
görə şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu vurğulayıb.
Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən
uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini,
gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək övladı
və onun kimi igid oğullarla fəxr etdiyini bildirib. 30 illik həsrətə son
qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə
əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq
işlər gördüyünü bildirib. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə
ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq edib. Bayram əhval-ruhiyəli tədbirdə Vətən müharibəsi qaziləri və iştirakçılarına Respublika
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif
olunduqları medallar təqdim olunub. Baş əsgər Abdullayev
Kərim Haqverdi oğluna, əsgər Balcanov Əfəndi Məhəmməd oğluna, əsgər Əsədzadə
Qeyrət İbrahimxəlil oğluna "Şuşanın azad olunmasına görə”,
əsgər Hacıməmmədov Səxavət Cəlil oğluna, əsgər İlyazov Orxan Rövşən oğluna, əsgər
Musayev Kənan Nadir oğluna "Laçının azad olunmasına görə” medalları təqdim
edilib. GOYEZEN.AZ
Facebook-da paylaş