Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda "Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir" devizi altında tədbir keçirilib
Qazaxda "Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir" devizi altında tədbir keçirilib5-11-2021, 21:20 |
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Artıq Azərbaycan xalqı qalib ölkənin vətəndaşları olaraq ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il 8 noyabrı - Zəfər Günü kimi qeyd edəcək. Respublikamızın hər yerində olduğu kimi, 8 Noyabr – Zəfər Günü Qazaxda da silsilə tədbirlərlə qeyd olunur. Noyabrın 5-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsində də "Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir" devizi altında tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi şəhidlərinin ataları, qaziləri, iştirakçıları, Vətən müharibəsində iştirak etmiş Çağırışaqədərki Hazırlıq rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsini dərin ehtiramla anıblar.
Sonra şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini yad ediblər. Memorial önünə gül düzən tədbir iştirakçıları Vətən övladlarına böyük ehtiramlarını bildiriblər. Şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksini ziyarət edən tədbir iştirakçıları şəhidlərimizin şəkillərinin nümayiş olunduğu monitor və haqqında yazılmış məlumat lövhələri ilə tanış olub, igid Vətən oğullarını ehtiramla yad ediblər.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin inzibati binasında davam edən tədbiri Şöbənin rəisi, polkovnik-leytenant Tural Məmmədov giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla, xalqımızı təbrik edib. Səmimi ürək sözlərini çatdıran T.Məmmədov keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Fəxrlə qeyd etdiyimiz şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizlə, qazilərimizlə hər kəsin qürur duyduğunu bildirib. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın illər ötsə belə hər zaman yad olunacaqlarını, qəlblərdə əbədi yaşayacaqlarını qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək rayon rəhbərliyinin adından səmimi ürək sözlərini çatdırıb, tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. A.Hümbətov xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini vurğulayıb. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Dövlətimiz, ölkə başçısı və rayon rəhbərliyi tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını söyləyib. Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, sağlamlığını itirən qazilərimizə tez zamanda sağalmalarını arzulayıb. Qürurla qeyd edəcəyimiz Qələbəmizə, Zəfərimizə görə şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu vurğulayıb.
Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək övladı və onun kimi igid oğullarla fəxr etdiyini bildirib. 30 illik həsrətə son qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü bildirib. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq edib. Bayram əhval-ruhiyəli tədbirdə Vətən müharibəsi qaziləri və iştirakçılarına Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları medallar təqdim olunub. Baş əsgər Abdullayev Kərim Haqverdi oğluna, əsgər Balcanov Əfəndi Məhəmməd oğluna, əsgər Əsədzadə Qeyrət İbrahimxəlil oğluna "Şuşanın azad olunmasına görə”, əsgər Hacıməmmədov Səxavət Cəlil oğluna, əsgər İlyazov Orxan Rövşən oğluna, əsgər Musayev Kənan Nadir oğluna "Laçının azad olunmasına görə” medalları təqdim edilib.
GOYEZEN.AZ Geri qayıt |